ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları Ermənistanın işğalçı siyasətinə dəstək olub

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları Ermənistanın işğalçı siyasətinə dəstək olub
21:35 09-10-2020 | icon 1131

“Dağlıq Qarabağ bizim torpağımızdır. Bu torpaqlar hüquqi baxımından beynəlxalq səviyyədə tanınmış bir faktdır və torpaqlarımızın Ermənistanın təcavüzkar qüvvəsi tərəfindən işğal edilməsi beynəlxalq səviyyədə dəfələrlə təsdiqlənib”.

Bunu milletinsesi.info-a açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı təcavüzkar ölkə adı ilə çağırmayıb:

“Onlardan işğal etdiyi ərazilərimizi tərk etməyi tələb etməyiblər. Əksinə beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzə hörmətsiz yanaşaraq, Ermənistan və Azərbaycanı eyni səviyyədə tutublar.

Onlar Azərbaycanın işğala məruz qalmış bir ölkə olduğunu və Ermənistanın işğalçı ölkə olduğunu açıq şəkildə heç vaxt göstərməyiblər. Son zamanlar verdikləri bəyanatlarda da bunu qeyd etmirlər. Sadəcə olaraq deyirlər ki, atəşkəs olsun və danışıqlar getsin. Amma orada münaqişənin necə həll olunması göstərilmir”.

G.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları Ermənistanın işğalçı siyasətinə dolayısı ilə dəstək olub:

“Bu müddət ərzində də Ermənistan bizim torpaqları da özlərinə birləşdirmək siyasəti yürüdüb. ATƏT-in Minsk qrupunun həmsədrləri kəskin reaksiya verməyib, yəni lazimi təzyiq Ermənistana göstərilməyib ki, bu kimi hallara yol verməsin.

Beynəlxalq hüquq bizim tərəfimizdə olmasına baxmayaraq, təəssüflər olsun ki, həm Ermənistan Azərbaycanın sülhməramlı mövqeyini zəiflik kimi qəbul edib, həm də beynəlxalq aləm də düşünüb ki, Azərbaycan zəifdir və işğal edilmiş ərazilərini müharibə yolu ilə tam hüquqi şəkildə işğaldan azad etməyə qadir deyil.

Bu təşkilatlar belə fərz edib ki, Azərbaycan bu işğal fakti ilə razilaşacaq və torpaqlarını Ermənistana “hədiyyə” edəcək. Amma onların gözləntisinin əksinə olaraq Azərbaycan ordusu öz sözünü deyir və gücünü dünyaya nümayiş etdirir”.

Professor vurğulayıb ki, hazırda Azərbaycan ordusu öz torpaqlarını böyük məharətlə işğalçı qüvvələrin nəzarətindən azad edir:

“Belə olan halda Azərbaycan əslində beynəlxalq hüquqa töhvə verir. BMT-nin qətnamələrinin bu günə qədər icra olunmaması və bu təşkilata etimadın azalmasına səbəb olurdu. Azərbaycan isə öz gücü hesabına qətnamələrdən irəli gələn nəticələri reallaşdırır. Həqiqətin bizim tərəfimizdə olması bu günə kimi yetərli olmayıb.

Biz öz gücümüzü ortaya qoyduq. 30 ilə yaxın bu münaqişənin sülh yolu ilə həlletmə istəyində olduğumuzu da bildirdik. Bu illər ərzində Azərbaycan bu yöndə danışıqlar aparıb, bu, heç bir nəticə verməyib. İndi artıq biz hərbi yolla torpaqlarımı işğaldan azad edirik. Heç kim deyə bilməz ki, Azərbaycan qeyi-qanunu iş görür. Biz öz ərazimizdən işğalçı qüvvələri qovmaqla məşğuluq. Bu ölkəmizin haqqıdır.

Biz haqq-ədaləti qoruyuruq, hüquqlarımızı bərpa edirik. Şərtləri bu dəfə biz qoyuruq. İşğal edilmiş ərazilərimizdə 1 milyon insan yaşayıb. Onlar öz yurd-yuvasına qayıtması təmin edilir. Bu baxımından siyasi üstünlük də bizim tərəfimizdədir. Kimlərsə hansısa formada Azərbaycana təzyiq etsə də, nəticəsi olmayacaq.

Azərbaycan Ermənistanın mülki əhalisi ilə savaş aparmır. Öz torpaqlarını işğalçı ölkədən geri almaq üçün savaş aparır. Savaşı hərbi beynəlxalq səviyyədə qəbul edilmiş savaş qaydalarda aparır”.

İlhamə Əbülfət