Hikmət Hacıyev: “Bu, Azərbaycan tarixində böyük bir vətən müharibəsidir”

Hikmət Hacıyev: “Bu, Azərbaycan tarixində böyük bir vətən müharibəsidir”
11:42 28-09-2020 | icon 14327

“Hər bir xalqın tarixində belə hallar olur. Bu, Azərbaycan tarixində böyük bir vətən müharibəsidir”. milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

“Belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”, - deyə o qeyd edib.

H.Hacıyev əlavə edib ki, Azərbaycanda hərbi vəziyyət elan olunub: “Bu gün də ölkədə qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb”.

“Biz Ermənistan- Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətə görə beynəlxalq ictimaiyyətin ciddi narahatlığını başa düşürük. Bu narahatlığı Azərbaycan Respublikası özü dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı”.

O bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün hər zaman böyük təhlükə olub:

“2016-cı ilin Aprel döyüşlərində, Tovuz hadisələrində və son hadisələrdə də biz bir daha bunun şahidi olduq ki, qəbul olunmuş ssenari üzrə Ermənistan tərəfi növbəti təxribatlarını həyata keçirir. Bu xüsusilə də Ermənistan Respublikasının qəbul etdiyi irticaçı və aqressiv xarakter daşıyan hərbi doktorinadan və milli təhlükəsizlik konsepsiyasından irəli gəlir ki, bunun mahiyyətində yeni müharibələr, yeni ərazilərin işğalı nəzərdə tutulur”.

H.Hacıyev onu da əlavə edib ki, ölkə başçısı ötən gün mövcud vəziyyətlə bağlı xalqa müraciət edib və Təhlükəsizlik Şurasının iclasını keçirib:

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suveren ərazilərində fəaliyyət göstərərək, Azərbaycanın müdafiəsini təşkil edir. Bu müdafiə xarakterli olan əməliyyatlardır. Burada da əsas məqsəd təmas xəttinə yaxın, kompak şəkildə yaşayan mülki azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək və Ermənistanın bu kimi təxribatlarının qarşısını almaq üçün əks-həmlə tədbirləri həyata keçirməkdir. Hətta bu əməliyyatları sülhə məcbur etmə əməliyyatı da adlandırmaq olar. Bu yolla Ermənistan nəhayət ki, sülhə məcbur edilsin və danışıqlar prosesində də konstruktiv şəkildə iştirak etsin ”.