“Haber Global”: Prezident İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq - VİDEO

“Haber Global”: Prezident İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq - VİDEO
09:00 25-09-2020 | icon 14394

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxışı ilə bağlı Türkiyənin “Haber Global” telekanalında geniş süjet yayımlanıb. 

“İlham Əliyevdən Ermənistana tarixi xəbərdarlıq! BMT-dən belə səsləndi!” başlıqlı süjetdə Azərbaycan prezidentinin çıxışı zamanı Ermənistan təxribatlarından danışması xüsusilə qeyd edilib. 

Həmçinin, qeyd edilib ki, İlham Əliyev Ermənistana silah göndərən ölkələrə sərt reaksiya göstərib. 

“Görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Pandemiyanın iqtisadi çətinliklərinə baxmayaraq, vətəndaşlarımızın həyatı və sağlamlığı bizim üçün prioritet təşkil edir. İqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir”.

Dövlət başçısı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. 

“Biz iki bərabər tranşla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. İkinci tranş Qoşulmama Hərəkatına üzv dövlətlər üçün nəzərdə tutulub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş XVIII Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Zirvə toplantısındakı çıxışımda qeyd etdiyim kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin mənafelərinin qorunması naminə əlindən gələni edəcəkdir. Azərbaycan ədaləti və beynəlxalq hüququ müdafiə edəcəkdir”, - deyə Prezident söyləyib.

O bildirib ki, Azərbaycanın təşəbbüsü əsasında 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusa qarşı videoformatda Fövqəladə Zirvə görüşü keçirildi. 

“Mən Zirvə görüşündə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdim. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi.

Hesab edirəm ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir”, - deyə İlham Əliyev əlavə edib.

Prezident beynəlxalq sülh və təhlükəsizlik, pandemiyanın dünya dövlətlərinə təsirini ölkələr arasında həmrəylik tələb edir. 

İlham Əliyev bu mənada mən bir neçə təklif irəli sürüb:

Pandemiyadan sonrakı dövrdə beynəlxalq təşkilatlar çərçivəsində islahatların aparılması vacibdir və bu, zamanın tələbədir. Bu baxımdan BMT-nin qlobal səviyyədə rolunun və nüfuzunun artırılmasına, onun müasir dövrün çağırışlarına daha adekvat cavab vermək imkanına xüsusi diqqət yetirilməlidir.

Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır.Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır.

Pandemiya dövründə qaçqın və məcburi köçkünlər ən həssas qrupa çevrilmişlər. Həmin həssas qrupa daxil olanların təhlükəsiz qaydada və ləyaqətli şəkildə doğma torpaqlarına qaytarılması məsələsinin aktuallığı artır.

Vaksinin əlçatanlığı və ədalətli paylanılmasının təmin edilməsi əhəmiyyətli məsələdir və ən az inkişaf etmiş ölkələr onu pulsuz əldə etməlidir. Bu baxımdan burada əlavə nəzarət mexanizmləri yaradılmalıdır.

Müxtəlif ölkələr tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına pandemiyanın mənfi təsirinin əhatə dairəsi diqqətlə təhlil edilməli və həll yolları müəyyən olunmalıdır”.

BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təxribatları barədə geniş danışıb. 

İlham Əliyev Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilməsinin regional sülhə və təhlükəsizliyə təhdid olduğunu bildirib.

“Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini pozmağa cəhd edir. Ermənistan status-kvonu saxlamaq və işğal edilmiş torpaqların ilhaqını həyata keçirmək istəyir. Ermənistanın baş naziri qəsdən danışıqlar prosesinin formatını və mahiyyətini dəyişmək istəyir. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesi üçün ciddi zərbədir”, - deyə İlham Əliyev əlavə edib. 

Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı 7 şərt irəli sürməsinin qəbuledilməz olduğunu da diqqətə çatdırıb:

“Onun 7 təklifi bizim tərəfimizdən rədd edilib. Bizim yalnız bir şərtimiz var - sülhə nail olmaq. Bunun üçün isə Ermənistan qoşunları Azərbaycanın işğal altındakı  bütün torpaqlarından çıxarılmalıdır”. 

Prezident İlham Əliyev bildirib ki, Ermənistan müdafiə naziri “yeni ərazilər üçün yeni müharibə” barədə məlumat verib: “Ermənistan həm də Azərbaycanın əsas şəhərlərini, sivil infrastruktur obyektlərini – Mingəçevir Su Anbarını və Səngəçal terminalını təhdid edir. Səngəçal dünyanın ən böyük neft-qaz terminallarından biridir, Bakının yaxınlığında yerləşir, 10-larla ölkənin enerji təhlükəsizliyini təmin edir”. 

Prezident onu da bildirib ki, Ermənistan müxtəlif ölkələrdən yığdığı muzdluları və terrorçuları Azərbaycana qarşı istifadə edir. “Ermənistan bu gün terrorçuluğun sponsorudur”, - deyə İlham Əliyev əlavə edib. 

Həmin süjeti təqdim edirik: