12 il Azərbaycanda işləyən türkiyəli məşqçi ilə vida - VİDEO

12 il Azərbaycanda işləyən türkiyəli məşqçi ilə vida - VİDEO
18:35 22-09-2020 | icon 197

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı “qırmızı-qaralar”dan ayrılıb.

Klubun rəsmi saytı xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türkiyəli mütəxəssisin “Qəbələ”dəki 12 illik fəaliyyəti başa çatıb.

Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir. Seleksiya prosesinə rəhbərlik edən Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində vacib rol oynayıb.

Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb.

Azərbaycan yığmalarının məşqçiləri sırasında da bu akademiyanın çalışdırıcıları yer alıb. “Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara Fıçıcının rəhbərliyi altında yollanıb.

“Qəbələ” akademiyasının komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 komandası beş dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il dördüncü dəfə UEFA Gənclər Liqasında iştirak edəcək “Qəbələ” U-19-u yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub.