Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı

Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı
17:14 18-09-2020 | icon 190

“Meşələrin qırılması ilə bağlı problemli rayonlar var. Bunlar əsasən Oğuz, Qəbələ, İsmayıllı və Lerik rayonlarındakı meşə əraziləridir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, Lerik rayonunda əsas yaşayış məntəqələrinin meşənin içərisində yerləşməsi və qazlaşdırmanın zəif olması ağacların qırılmasına səbəb olur:

“Nə qədər çox kənd və rayon maye qazla təmin olunsa, meşə qırıntısı bir o qədər azalar”.

“2017-ci ildə meşələrdə qanunsuz olaraq 55-56 min kubmetr, 2018-ci ildə 28 min kubmetrdən çox, 2019-cu ildə 18 min kubmetrdən yuxarı ağac qırılıb. Bu ilin əvvəlindən indiyədək olan dövrdə bu rəqəm 6600 kubmetr olub”, - deyə N.Xıdırov əlavə edib.

“Azərbaycanda meşələrdə narkotiklərin becərilməsinin qarşısını almaq üçün mütəmadi olaraq reydlər aparılır. Aşkar edilən faktlar barədə hüquq-mühafizə orqanlarına məlumat verilir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov qeyd edib ki, belə faktlar İsmayıllı, Zaqatala, Balakən və digər rayonlarında qeydə alınıb.

N.Xıdırovun sözlərinə görə, hazırda anbarlarda 10 min kub metrdən çox odun ehtiyatı var: “Vətəndaşlara odunun bir kubmetrinin 15 manata tədarük edilməsi düşünülür. Belə ki, əhali banka yaxınlaşaraq, odunun bir kubmetri üçün 15 manat ödəyir. Daha sonra bizim qurum tərəfindən meşə buraxılışı orderi ilə meşədən odunun çıxarılmasına icazə verilir”.