Rəhimə Dadaşova: "Allahşükür Paşazadənin namizədliyini həzm edə bilməyən qüvvələr var"

Rəhimə Dadaşova: "Allahşükür Paşazadənin namizədliyini həzm edə bilməyən qüvvələr var"
15:56 11-09-2020 | icon 2125

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizəd seçilməsi Azərbaycan adına, bütün İslam dünyası adına qürurverici məqamdır. 

Bu sözləri milletinsesi.info-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova son günlər mətbuatda QMİ-nin sədri Allahşükür Paşazadənin Nobel Sülh mükafatına namizəd görülməsi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.
 
O bildirib ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib: “Bu ilk dəfə deyil və təbii ki, təsadüfü seçim də deyil. Şeyxülislam Allahşükür Paşazadə 40 illik fəaliyyəti ilə bunu haqq edir. Şeyxülislamın beynəlxalq müstəvidə dinlərarası əməkdaşlıq yönündə fəaliyyəti, beynəlxalq nüfuzu, sülhməramlı, humanitar təşəbbüsləri, tolerant, multikultural dəyərlərin qlobal miqyasda təbliği böyük bəşəri önəm daşıyır. Biz bununla sadəcə fəxr etməliyik. Bu, Azərbaycan dövlətinin və xalqının uğuru, bəşəri müstəvidə nüfuzunun göstəricisidir. Bu, həm də Azərbaycan mənafelərinin müdafiəsi, haqq işinin təbliği üçün ali xitabət kürsüsüdür."
 
R.Dadaşova bu məsələ ilə bağlı yayılan neqativ məlumatlara da münasibət bildirib: “Dini liderin belə bir ali mükafata namizədliyinin təsdiqi özlüyündə əlamətdar haldır. Şeyxülislam Allahşükür Paşazadənin namizədliyinin verilməsini həzm edə bilməyən, qərəzli yanaşan bəzi qüvvələr var. Ermənistan tərəfindən neqativ rəylər Azərbaycan adına hər hansı uğura sadəcə qısqanclıqlarından irəli gəlir. Lakin təəssüf ki, onların dəyirmanına su tökənlər də az deyil.

Dünya miqyasında tanınan, qəbul edilən, nüfuz sahibi olan dini lideri ilə öyünmək əvəzinə ona əsassız qarayaxma ilə məşgul olanların fikirləri ermənilərin təbliğatı ilə üst-üstə düşür. Namizədliyin irəli sürülməsi bir nəfərin qərarı ilə deyil. Prosedurlara görə, namizədlərin seçimi üçün onlarla nüfuzlu mərkəzlərin və tanınmış şəxsiyyətlərin rəyləri öyrənilir. Bu uzun bir prosesdir və namizədin fəaliyyəti ekspert qrupu tərəfindən dəyərləndirildikdən sonra təsdiq edilir”.