Heydər Əliyevin 90 illiyində salınmış park dağıdılır, yerində obyektlər tikilir - Eldar Əzizov hədəfdə

Heydər Əliyevin 90 illiyində salınmış park dağıdılır, yerində obyektlər tikilir - Eldar Əzizov hədəfdə
15:23 14-08-2020 | icon 603

Bu gün paytaxt Bakıda yaşıllıq zolaqlarının məhv edilməsi özünün mənfi fəsadlarını göstərməkdədir. Məmur özbaşınalığı ilə müşahidə edilən bu arzuolunmaz tendensiyanın durdurulması yönündə atılan addımlara baxmayaraq belə hallarla tez-tez qarşılaşırıq.

Sfera.az-ın məlumatına görə, 2013-cü ildə salınmış və Ulu Öndər Heydər Əliyevin 90 illiyinə töhfə olaraq düşünülmüş park dağıdılır, yerində isə obyektlər tikilir.

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkdakı ağaclar qurudularaq yox edilir.

Xatırladaq ki, sözügedən parkın salınmasından ötən 7 il ərzində hər il 10 May - Heydər Əliyevin doğum günündə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri və sıravi üzvləri burada çoxsaylı şam ağacları əkib.

Parkda bu gün müşahidə edilənlər isə sadəcə olaraq təəssüf doğurur. Ərazidən çəkilmiş foto və videodan da göründüyü kimi Heydər Əliyevin 90 illiyinə həsr olunmuş parkın ağacları qurudulur və yerində gördüyümüz obyektlər tikilir.

Ərazidə olan əməkdaşımız ətrafda yaşayan sakinlərlə söhbətləşib. Onlardan bu ərazidə inşaat işlərini hansı şirkətin aparması haqda məlumat almaq isə mümkün olmayıb. Sakinlər bildirir ki, həmin şirkətin adı sirr kimi gizli saxlanılır.

Araşdırmamız onu göstərdi ki, obyektlərin sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.

Həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsi mənfəət naminə yaşıllıqların məhv edilməsinin bağışlanmaz xəyanət olduğunu qeyd edib.

Görəsən bu xəyanətə bais olmuş rəsmi şəxslər buna nə cavab verəcək?

Sfera.az məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin fikirlərini öyrənməyə çalışıb.

Quruma edilən zəngimizə cavab verən şöbə müdirinin adını açıqlamayan köməkçisi Z. Nağdəliyevin məşğul olduğunu deyərək, məsələ ilə bağlı yalnız rəsmi müraciət olunduqda cavab verə biləcəklərini dedi: "Rəsmi müraciət edin ki, məsələni də rəsmi şəkildə yerində araşdıraq”.

Cənab Prezident İlham Əliyev medianı dövlətin dostu olduğunu bəyan edərək qanunsuzluqla bağlı istənilən obyektiv jurnalist araşdırmasının həyəcan təbilinin çalınması üçün yetərli olduğunu bəyan etmişdir. Administrasiya nümayəndəsi isə ölkənin aparıcı 15 KİV strukturunun yaşıllığın məhv edilib yerində obyekt tikilməsi ilə bağlı xəbərini görünür yetərli hesab etmir.

Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) Aşıq Molla Cümə küçəsindəki mövcud yaşıllıq sahəsində ağacların quruması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

RİH-dən verilən məlumata görə, adıçəkilən əraziyə baxış keçirilib, ancaq həmin küçədə qeyd olunanlar aşkarlanmayıb:

“Bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, həmin ərazidə 2013-cü ildə 7,47 hektar ümumi sahəsi olan, metal lövhəli çəpərlə əhatə olunmuş üç ədəd ayrı-ayrı yaşıllıq sahəsi yaradılıb.

Qeyd edirik ki, həmin ərazidə RİH tərəfindən, o cümlədən RİH-in təşəbbüsü ilə mütəmadi olaraq keçirilmiş iməciliklər yolu ilə təxminən 5.000 ədədə yaxın müxtəlif cinsli ağaclar əkilib. Ağaclara qulluğun və suvarılmasının təmin olunması üçün xüsusi işçi qrupları ayrılıb, dörd ədəd artezian quyusu vurulub, su anbarları tikilib, iki ədəd su daşıyan maşın təhkim olunub, damcı-suvarma sistemi yaradılıb.

Əkilmiş ağacların növünə gəldikdə, əsasən yerli iqlimə uyğunlaşmış həmişəyaşıl iynəyarpaqlı leylandra, eldar şamı, küknar və xan çinarı növlərini qeyd etmək olar.

Lakin ərazidəki ağaclara daimi qulluq və kultivasiya (dərmanlanma, budanma və sair) işlərinin aparılmasına baxmayaraq, müxtəlif parazitar xəstəliklər səbəbindən mütəmadi olaraq leylandra ağaclarının quruması müşahidə edilir.

Bununla yanaşı, qeyd edirik ki, ərazi tərəfimizdən nəzarətdə saxlanılır, qurumuş ağaclar çıxarılaraq yerində yenilərinin əkilməsi daim təmin olunur. Belə ki, mövsümi olaraq bu ilin yaz aylarında 67 ədəd qurumuş və zədələnmiş leylandra ağacı yenisi ilə dəyişdirilib.

Hazırda qurumuş ağacların dəyişdirilməsi isə ağacların köküstə bitməsi üçün tələb olunan mövsümi iqlim şəraitini nəzərə alaraq sentyabr ayında dəyişdirilməsi nəzərdə tutulub, tingliklərə yerli növ ağaclar sifariş verilib. Yeni ağaclar əkilərkən üstünlük daha çox yerli xan çinarı və küknar ağaclarına verilir.

Onu da qeyd edək ki, yaşıllıq zolağı salınarkən 2015-ci ildə həmin ərazidə bir hektar ərazini əhatə edən sahədə “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi qurulub. Faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 2020-ci ilin may ayında Kompleksdə əsaslı yenidənqurma işləri aparılıb və ətraf ərazidə bir çox abadlıq işləri görülüb.

Əlavə olaraq, həmin ərazidə son tikinti işləri 2015-ci ilə qədər aparılıb. Hazırda həmin yaşıllıq sahələrində heç bir tikinti işi aparılmır və gələcəkdə də aparılması nəzərdə tutulmayıb”.