Eldar Həsənovu həbsxanaya salan əsl səbəb...

Eldar Həsənovu həbsxanaya salan əsl səbəb...
15:18 14-08-2020 | icon 14222

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması şok effekti yaratdı.

Bu həbsin xüsusilə Serbiya Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri və az öncə baş verən anlaşılmazlığın aradan qaldırılması, siyasi münasibətlərin nizamlandığı bir məqamda baş verməsi böyük rezonans doğurdu.

Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünü və Bakının beynəlxalq hüquqa uyğun olan mövqeyini bir daha dəstəkləyən Serbiyanın şirkətlərinin Ermənistanla silah ticarəti razılaşması ilə bağlı səfirliyimizin məlumatlı olması və buna qarşı vaxtında fəaliyyətə keçməsi vacib idi.

Serbiya nümayəndə heyətinin Bakıya səfəri də bir daha təsdiqlədi ki, bu ölkə Azərbaycanla siyasi-iqtisadi əlaqələrə mühüm önəm verir və müsəlman Azərbaycan Respublikasının Serbiyanın ərazi bütövlüyü məsələsində tutduğu prinsipial mövqeyi olduqca yüksək qiymətləndirir. Beləliklə, rəsmi Belqradın Azərbaycan-Serbiya münasibətlərini heç bir halda Ermənistana bir neçə milyonluq silah ticarətinə qurban vermək niyyətində olmadığı ortadadır.

Bu, beynəlxalq münasibətlərdə olduqca mühüm faktordur və Azərbaycanın nüfuzunu, dünyadakı yerini göstərir. Getdikcə ciddi regional oyunçuya çevrilən Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq artıq dünya dövlətlərinin diqqətini çəkirsə, bu, ölkəmizin siyasi-iqtisadi inkişafının göstəricisi, artan beynəlxalq nüfuzudur. Prezident İlham Əliyev hər zaman tərəfdaş ölkələrlə münasibətlərdə “qazanmaq və qazandırmaq” prizmasından çıxış edir.

Başqa sözlə desək, bütün ikitərəfli və çoxtərəfli münasibətlərdə də, regional layihələrdə də qonşu və tərəfdaş ölkələrin iqtisadi maraqları nəzərə alınır, hər kəsin iqtisadi səmərə götürməsi üçün şərait yaradılır. Bu siyasət isə Azərbaycana böyük rəğbət yaratmaqla bərabər, ölkəmizin nüfuzunu daha da artırır və Bakı ilə iqtisadi layihələrdə iştirak etməkdə hamı maraqlı olur. Bu siyasi-iqtisadi münasibətlər əlbəttə ki, ölkəmizin milli maraqlarının və beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinin dəstəklənməsinə də əhəmiyyətli dərəcədə təsir edir. 

Başqa sözlə desək, dünya ölkələri “qazanıb və qazandıran”, sürətlə regional oyunçuya çevrilən və Ermənistan istisna olmaqla, heç bir qonşusu ilə problemlər yaşamamaq siyasəti aparan, böyük layihələrə imza atan Azərbaycanla çalışmaqla həm iqtisadi-siyasi divident əldə edir, həm də beynəlxalq hüquqa əsaslanmış olur. Belə halda ölkələr niyə Ermənistan kimi heç bir perspektiv vəd etməyən, heç bir layihəsi olmayan, iqtisadi bataqlıqda çırpınan bir ölkə ilə əməkdaşlıq etməli, Azərbaycanla münasibətləri korlamalı, üstəlik, beynəlxalq hüquqa uyğun olmayan mövqe sərgiləməyə məcbur olmalıdırlar?

Serbiya nümunəsində müşahidə etdik ki, bu ölkədəki səfirimiz hətta məlum olaylar zamanı da aktivliyi ilə seçilmədi.

Ona görə də Eldar Həsənovun səfir vəzifəsindən birbaşa təcridxanaya getməsinin səbəbləri sırasında çox ciddi məqamların olduğu şübhəsizdir. Maliyyə pozuntusuna yol verən səfirimiz niyə çalışdığı ölkənin - Serbiyanın DİN rəhbəri və TŞ katibi ölkədən gedəndən bir gün sonra həbs edilsin? Ermənistana silah göndərən Serbiya şirkətləri haqda Eldar Həsənova nə məlumdur, onlarla hansı əlaqələri var və niyə vaxtında ölkəmizin maraqları naminə Serbiya hakimiyyəti ilə bu mövzuda diplomatik əlaqələrə keçərək, o şirkətlərin qanunsuz silah satışının qarşısını almaq istiqamətində çalışmayıb?


“Bu həbsin səbəbi daha dərin qatlardadır”


BBC News Azərbaycancaya müsahibəsində hüquqşünas Aslan İsmayılov Eldar Həsənovun həbsinin səbəbini “daha dərin qatlarda” görür və onun fikrincə, səfirin saxlanması “ölkə içində baş verə biləcək qarşıdurmalarla bağlı ola bilər”.

Ancaq Aslan İsmayılov əlavə edir ki, Azərbaycan hakimiyyəti ölkədə heç bir qarşılıqda maraqlı ola bilməz. O, Eldar Həsənovu şəxsən tanıdığı üçün bundan başqa bir şərh verə bilməyəcəyini bildirir: “Amma deyəcəyim budur: kimliyindən asılı olmayaraq, Azərbaycan müstəqilliyinin əleyhinə olan hər bir şəxs mənə düşməndir”.

Azərbaycan hakimiyyətində Eldar Həsənovun Azərbaycanın müstəqilliyinə qarşı hər hansı addımı ilə bağlı informasiyasımı var sualına hüquqşünas “deyə bilmərəm” cavabını verir: “Bildiyim odur ki, Azərbaycan Rusiya bağlılığından canını qurtarmaq istəyir”.


“Bu, sıradan bir həbs deyil”

Siyasi şərhçi Azər Rəşidoğlu Eldar Həsənovun həbsini gözlədiyini, bu gözləntisini onun “çox güclü olması” ilə əlaqələndirir. “Mən iki həftə əvvəl sosial mediada yaxınlarda haylı-küylü həbs olacağının proqnozunu verəndə də Eldar Həsənovu nəzərdə tuturdum. Məsələ burasındadır ki, Eldar Həsənov çox güclü fiqurdur. Onun ölkənin bir çox siyasi dairələri ilə əlaqəsi və münasibəti vardı. Keçmiş Heydər Əliyev komandasına daxil olan şəxslərlə də xoş münasibətdə idi. O cümlədən müxalifətçilərlə də. Üstəlik, ən müxtəlif ölkələrlə də əlaqəsi vardı, xarizmatik idi və arxasında qarabağlıların əksəriyyətinin dayandığını ehtimal edə bilərik”.

Azər Rəşidoğlunun fikrincə, siyasi müstəvidə Eldar Həsənov bir alternativ kimi görünürdü.

Siyasi şərhçi səfir Eldar Həsənovun xaricdəki mühacir mediasının maliyyələşməsində adının hallandığını əsas gətirərək deyir ki, bu sübut olunsa, o zaman həbslər davam edə bilər.

Azər Rəşidoğlu BBC News Azərbaycancaya deyir ki, əgər Eldar Həsənovun günahını sübut edən konkret fakt ortaya qoyulmayacaqsa, bu, “sıradan həbs olmayacaq”.

“Onun kifayət qədər dayağı var və bu, bir narazılıqla qarşılanacaq. Əlbəttə, Azərbaycan hakimiyyəti hələ ki, güclüdür və Eldar Həsənov kimi güclü, xarizmatik, arxasında maliyyə imkanları və insan resursu olan bir adamın həbs olunması sıradan bir hadisə deyil”.

Siyasi şərhçinin fikrincə, bu həbslərin arxası gələ və iqtidarla müxalifətə doğru uzana bilər. Azər Rəşidoğlu əlavə edir ki, hazırda MDB məkanında, Cənubi Qafqazda elə hadisələr baş verir ki, bir neçə aydan sonra proseslərin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətinləşib. Onun fikrincə, üstəlik post pandemiya dövründə Azərbaycanda sosial narazılıqların sayı arta, cəbhə xəttində toqquşmalar, lokal savaşlar baş verə bilər. “Bu baxımdan, nəzərə alsaq ki, hakimiyyətdə mərkəzdən qaçma tendensiyaları baş verə bilər, hakimiyyət, əlbəttə ki, özünə alternativ gördüyü şəxsləri təcrid etməkdə maraqlıdır”.


“Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur”


Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva BBC News Azərbaycancaya şərhində deyir ki, bu hadisəni hakimiyyətdə təmərküzləşmə kontekstindən qiymətləndirir:

“Prezident hakimiyyətdə təmərküzləşmə ilə məşğuldur. Əgər hansısa güc mərkəzi nəzarətdən çıxırsa, onda narahatlıq yaradırsa, onu neytrallaşdırır. Amma həbsin səbəbi müxtəlif ola bilər”.
Yəqin ki, DTX istintaqı zamanı bir çox məsələlər üzə çıxacaq...

Eldar Həsənov kimdir?


Azərbaycanın 1995-2000-ci illərdə baş prokuroru olmuş Eldar Həsənov 2009-cu ildən Azərbaycan Respublikasının qərargahı Buxarest şəhərində olmaqla Serbiya Respublikasındakı, 2010-cu ildən Monteneqrodakı, 2011-ci ildən Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri olub.

2013-cü il martın 28-dən etibarən qərargahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqro və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir.

Azərbaycanın baş prokuroru olana qədər Eldar Həsənov müxtəlif illərdə Gəncənin Polis İdarəsinin rəisi, Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri, daxili işlər naziri və baş prokurorunun birinci müavinləri vəzifələrində işləyib.