“Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailəyə bağ təsərrüfatları salınacaq

“Sosial Bağlar” layihəsi çərçivəsində bu il daha 250 aztəminatlı ailəyə bağ təsərrüfatları salınacaq
18:49 31-07-2020 | icon 1145

16 rayonu əhatə edən “Sosial Bağlar” layihəsində həm sahibkar kəndli, həm də dövlət yararlanır. Əsas odur ki, əkilməyən torpaq qalmasın. 

Baku TV xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar” layihəsi bu il də davam edəcək. 

Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı, Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir, Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.

Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün müvafiq ərazi məşğulluq mərkəzinə müraciət etməlidir.

Şəki rayonu Cəfərabad kənd sakini Əlövsət müəllim keçən il bu layihədən yararlananlardan biridir. Qəhrəmanımız deyir ki, onun pay torpağında dövlət tərəfindən 250 ədəd qoz tingi əkilib və intensiv bağ salınıb. 

Bağda müasir damla suvarma sistemi quraşdırılıb ki, bu da məhsuldarlığa müsbət təsir göstərən amildir. Bu il də layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.

Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq. Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ təsərrüfatları salınacaq.

Məlumat üçün deyək ki, layihəyə son müraciət tarixi 1 sentyabrdır.