Türkiyəli iş adamı Tovuzda şəhid ailəsini ziyarət etdi - VİDEO

Türkiyəli iş adamı Tovuzda şəhid ailəsini ziyarət etdi - VİDEO
00:35 31-07-2020 | icon 645

Türkiyədə beynəlxalq yükdaşıma ilə məşğul olan şirkət rəhbəri Abdullah Özər Ermənistanın Tovuz istiqamətində hücumu ilə bağlı Azərbaycana dəstək vermək üçün ölkəmizə səfər edib.

Baku TV xəbər verir ki, o, Türkiyə və Azərbaycan bayraqları, eləcə də Mübariz İbrahimov və Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun fotoları ilə bəzədiyi yük maşını ilə Azərbaycanın Ermənistanla sərhəd bölgəsinə gəlib.

“Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə yola çıxan Abdullah Özər iyulun 23-də səfərə başlayıb. Gürcüstandan keçərək əvvəlcə Bakıya, daha sonra Tovuzun Ağdam və Əlibəyli kəndinə yollanaraq Ağdam kəndində gedən döyüşlər zamanı şəhid olan baş əsgər Elşad Məmmədovun ailəsi ilə görüşüb. Şəhidin ailəsinə başsağlığı verən Abdullah Özər qardaş Türkiyə xalqının və hökumətinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

O, ermənilərə etiraz edərək çəkdiyi videoda bildirib ki, düşmən nəinki güllə və ya bomba, bu torpaqlara heç daş belə atmağı ağlından keçirməsin. Abdullah Özər bildirib ki, illər əvvəl erməni silahlı birləşmələri Azərbaycanın 20% torpağını işğal edib, amma ən qısa zamanda bütün torpaqlar işğaldan azad olunacaq. 

Şirkət rəhbəri həmçinin qeyd edib ki, o, 2015-ci ildən etibarən hər iki ölkənin bayraqları ilə bəzədiyi yük maşınları ilə dünyanın bir çox ölkəsinə səfərlər edib.