Yuri Mavaşev: “Azərbaycan özünü təmin edən dövlətdir, Ermənistan isə yox” 

Yuri Mavaşev: “Azərbaycan özünü təmin edən dövlətdir, Ermənistan isə yox” 
14:28 22-07-2020 | icon 7650

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dünən “France 24” agentliyinə verdiyi müsahibədə ölkəsinin Türkiyəni sülh prosesində heç bir rolda görmədiyini bildirib. Ermənistanın XİN rəhbəri bunu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsi kontekstində deyib. Eyni zamanda, Türkiyə növbəti dəfə, Milli Müdafiə naziri Hulusi Akarın da bildirdiyi kimi, Azərbaycana öz dəstəyini təsdiqləyib.

Bu fonda erməni mətbuatında həm Türkiyə, həm də Rusiyanın günahlandırıldığı çox sayda yazılar dərc olunub və həmin ölkələrdən təzminat almağa nail olmağın vacibliyindən danışılır. Rusiya və Türkiyənin hələ də “1920-21-ci illərdə Ermənistan Respublikası ərazilərinin işğalını, bölünməsini və ilhaqını qınamadığı” və s. göstərilir.

Media.Az Rusiyanın Yeni Türkiyəni Araşdırma Mərkəzinin direktoru Yuri Mavaşevdən vəziyyəti şərh etməsini xahiş edib.

- Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib ki, Ermənistan Türkiyəni münaqişənin sülh yolu ilə həll prosesində görmür.

- Mənim düşüncəmə görə, Ermənistan istəsə də, istəməsə də Türkiyəni görməli olacaq. Ankara Azərbaycanın strateji tərəfdaşı və müttəfiqidir. Bu, bəzi KİV-lərin yazılarından göründüyü kimi, dünən də baş verməyib. Türkiyə həmişə Azərbaycanla qardaşlıq münasibətlərinin dəstəklənməsindən ibarət prinsipial mövqe tutub.

Sərhəddəki gərginliyə, təxribata gəlincə, fikirləşirəm ki, Bakını maraqlı tərəf adlandırmaq olmaz. Ancaq erməni tərəfinə bunun nə üçün lazım olduğunu anlayıram. Ermənistandakı siyasi vəziyyət mürəkkəbdir, koronavirus epidemiyası ağır keçdi, baş nazir Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşür.

Əlbəttə ki, toqquşmaların miqyası 2016-cı ilin aprel ayında gördüyümüz qədər deyil. Lakin toqquşmalar sərhəddə baş verib. Bəlkə də bu, Kremlin Yerevana az diqqət yetirdiyini və iqtisadi cəhətdən çox kömək etmədiyini göstərmək cəhdidir. İdeya budur: gəlin, belə bir təxribat təşkil edək.

Azərbaycan özünü təmin edən dövlətdir, lakin Ermənistan belə deyil. Bundan əlavə, Rusiyanın hərbi bazası bu ölkənin ərazisində, Gümrüdə yerləşir, bu isə erməni tərəfinin Moskvanın diqqətini cəlb etməsi üçün əlavə motivasiyadır. Əlbəttə ki, bu, nəticə vermədi, çünki gərginlik Azərbaycan tərəfindən təhrik olunmayıb.

Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistan Türkiyəni ciddi qəbul etməli olacaq. Söhbət müttəfiqlərin fəaliyyətlərindən gedir. Digər şərtlər bərabər olduqda, Türkiyə Azərbaycana real və daha çox koordinasiyalı yardım göstərə bilər. Söhbət, heç olmasa, artıq məşhur olan “Bayraktar” pilotsuz uçuş aparatları ilə təchizatdan gedir...

- Türkiyə həqiqətən Azərbaycanı hər baxımdan dəstəkləyir...

- Türkiyə, sözsüz ki, Azərbaycana texniki və hərbi dəstək verəcək. Burada təəccüblü heç nə yoxdur. Qarabağ problemi başa düşüləndir, uzun illərdir ki, davam edir, nisbətən dondurulmuş münaqişədir. Lakin dövlət sərhədi prinsipial şəkildə fərqli vəziyyətdir.

Yeri gəlmişkən, ekspert cəmiyyətində mənim də həmrəy olduğum bir fikir var. Bu fikir ondan ibarətdir ki, münaqişənin “beynəlmiləlləşmə” və “islamlaşması”nda ən az maraqlı olan məhz Azərbaycandır. Buna görə də, “Suriya mücahidləri” ilə bağlı bütün bu əhvalatlar tamamilə cəfəngiyatdır.

- Bəs KTMT-nin reaksiyası barədə nə düşünürsünüz?

- Düşünürəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında nə baş verdiyini bilirlər və buna görə də, Ermənistana görə bu işə baş qoşmaq istəmirlər. KTMT əvəzinə Rusiya və Türkiyə kömək etməyə çalışır.

Qarabağ münaqişəsindən danışırıqsa, uzun illərdir ki, həll olunmur. Artıq ATƏT-in Minsk Qrupuna suallar yaranır. Digər mexanizmlər lazımdır. Hərçənd, erməni tərəfində münaqişənin sülh yolu ilə tənzimlənməsi arzusu da, sadəcə, görünmür.