Elmar Məmmədyarovun yerinə Ceyhun Bayramov təyin olunub 

Elmar Məmmədyarovun yerinə Ceyhun Bayramov təyin olunub 
15:46 16-07-2020 | icon 979

Prezident İlham Əliyev Ceyhun Bayramovun Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Prezidentin Ceyhun Bayramovu qəbul etdiyi bildirilir.

Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Evlidir, 2 övladı var.

Bundan başqa, Prezident İlham Əliyevin digər sərəncamına əsasən Elmar Məmmədyarovu Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edib.

Onu da bildirək ki, mediada  Xarici İşlər Nazirliyinin sabiq rəhbəri Elmar Məmmədyarovun artıq istefa ərizəsini Prezident Administrasiyasına təqdim etdiyi bildirilirdi.

Qeyd edək ki, ötən gecə nazirlərlə keçirilən onlayn toplantıda Prezident İlham Əliyev Elmar Məmmədyarovu tənqid etmiş və həssas məqamda onu postunun başında olmadığını qeyd etmişdi.