Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbə müdirinin oğlunun binasında qalmaqal - 169 nəfər narazıdır

Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbə müdirinin oğlunun binasında qalmaqal - 169 nəfər narazıdır
14:46 29-06-2020 | icon 1101

“Bina hələ tam hazır deyil, işlər yarımçıq qalıb. Mənzillərin hamısı satılıb. Hətta bir mənzil bir neçə şəxsə satılıb. Alqı-satqı müqavilələrimiz, maliyyə arayışlarımız var. O mənzillərə görə 150, 200, 300 min manat ödəyən 160-a yaxın ailə var. İndi deyirlər, evləri sizə satan “Konstra” ev satışı ilə məşğul ola bilməzdi. Qalmışıq ortalıqda...”

DİA.AZ-ın məlumatına görə, Nabat İsmayılova danışır ki, 2 il əvvəl “Konstra” MTK ilə müqavilə bağlayaraq şirkətin Mövsüm Sənani 13/15 ünvanında tikdiyi binadan 3 otaqlı mənzil alıblar. Ancaq hələ də mənzillərinə köçə bilmirlər. Birincisi, binanın tikintisi yarımçıq dayandırılıb, ikincisi isə, Nabat xanımın yuxarı qeyd etdiyi kimi, 130 ailə iki şirkət arasındakı hərc-mərcliyin qurbanına çevrilib.

“Söhbət Tibb Universitetinin yaxınlığında tikintisi yarımçıq qalmış binadan gedir. Tez-tez binanın qarşısına toplaşırıq, ancaq sözümüzü deməyə adam tapmırıq. İndi karantinə görə toplaşa da bilmirik, toplaşan kimi tutub cərimələyirlər. Vaxt isə gedir. 86 min manatımız ciblərində, özümüz 4 uşaqla onun-bunun qapısında qalmışıq. Karantinə görə yoldaşım da işini itirib. Əvvəlki kimi əlimizdə işimiz, qazancımız da yoxdur ki, kirayə pulu ödəyə bilək. Bizə lazımdır ki, binanın tikintisi tezləşdirilsin, hərə öz evinə köçsün, əlavə xərclərdən canımız qurtarsın. Bunların öz aralarındakı çəkişməsinin qurbanına çevrilmişik”, - şikayətçi deyir.

Nabat xanım deyir, binadakı mənzillərə görə pul ödəmiş vətəndaşlara bildirilib ki, torpağın sahibi olan “Orxan TİT” şirkəti ilə binanı tikən “Konstra” MTK arasında mübahisə düşüb. “Orxan TİT” şirkətindən vətəndaşlara deyilib ki, “Konstra” MTK mənzilləri saxta sənədlər əsasında satıb. Podratçı şirkət olduğuna görə mənzil satışı ilə məşğul ola bilməzdi.

Mənzil almış vətəndaşların iddiasına görə, “Konstra” MTK-nın sahibi Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovdur. Demələrinə görə, onlar dəfələrlə Bəhram Abbasovla görüşüblər, Bəhram Abbasov hər dəfə onlara yaxın vaxtlarda problemin həll olunacağını vəd edib. Lakin “Konstra” MTK-dan bildirilib ki, Bəhram Abbasovun şirkətə aidiyyəti yoxdur. Onun oğlu Bəsrət Abbaslı şirkətin təsisçisidir. Bəhram Abbasovsa şirkətin işlərinə qarışmır. Binadakı mənzillərin satışındakı fırıldaqlardansa şirkət rəhbərliyinin xəbəri olmayıb.

Vətəndaşlar Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər. Bu il iyunun 3-də Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat da yayıb. Məlumatda bildirilir ki, “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qaraj podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda satışa çıxarılıb. Bununla da şirkət rəhbərlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq, pulları dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bununla belə, daşınmaz əmlak alqı-satqısı saytlarında mübahisəli binadakə mənzillər daşınmaz əmlka agentlikləri tərəfindən satışa çıxarılıb. Elanlarda binanın 2020-ci ilin sonunadək istifadəyə veriləcəyi qeyd olunur. Mənzillər “Konstra” MTK-nın adından satılır və elanlarda qeyd olunur: “... Binada müxtəlif kvadratlarda mənzillər mövcuddur və şirkət qiymətindən çox aşağı qiymətə satır”.

Məsələ ilə bağlı “Konstra MMC” şirkəti ilə əlaqə saxlanılıb. Şirkətin təsisçisi Bəsrət Abbaslı bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyatı yoxdur: “Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur. 

Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan “Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb.

Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.

Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor  D. Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. 

Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin D. Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. D. Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib. 

Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı. 

O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev  satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb. 

Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq “Orxan TİT” buna imkan vermir. Buna görə də, sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”.