Məlahət İbrahimqızı: “Dövlətin tədbirlərinə vətəndaşlar da dəstək verməlidir”

Məlahət İbrahimqızı: “Dövlətin tədbirlərinə vətəndaşlar da dəstək verməlidir”
12:56 25-06-2020 | icon 1090

“Azərbaycanda pandemiya dövrü başlayandan yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır”. Bu barədə milletinsesi.info-a pandemiya dövründə Azərbaycanda yoluxma sayının aşağı salınması istiqamətində görülən qabaqlayıcı, zəruri tədbirlər barədə açıqlama verən Millət vəkili Məlahət İbrahimqızı məlumat verib.

O bildirib ki, bu gün bütün dünya ölkələrində pandemiya ilə mübarizə çərçivəsində tədbirlər görülür, lakin Azərbaycanda koronavirusa qarşı çox yüksək səviyyədə mübarizə aparıldığını vurğulamaq lazımdır:

“Hələ bu xəstəliklə bağlı ölkəmizdə yoluxma halları qeydə alınmazdan əvvəl bütün zəruri qabaqlayıcı tədbirlər görülmüşdü. Əlbəttə, dünyanın heç bir ölkəsi bu epidemiyaya hazır deyildi. Bizim ölkədə bu məsələ möhtərəm Prezidentimizin və möhtərəm Birinci vitse-prezidentin hər an diqqətindədir. Operativ qərargah yaradıldı və ölkədə vəziyyət tam nəzarətə alındı. İlk olaraq təhsil müəssisələri bağlandı. Bu, çox yerində və düzgün verilən qərar idi. Azyaşlılar arasında yoluxmanın qarşısı, demək olar ki, alındı. Təbii ki, ölkəmizdə də virusa yoluxma faktlarının olması istisna edilmirdi. Stabil olaraq koronavirusa yoluxma sayları qeydə alınmağa başladığı zamandan karantin rejimi elan olundu. Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə, may ayının əvvəlindən yumşalma meyilləri başlanıldı.

Bütün bunlara baxmayaraq, insanlar karantin rejimi qaydalarına əməl etmirlər. Karantin rejiminin yumşaldılması o demək deyil ki, bir anda əvvəlki həyatımıza, pandemiyasız dövrə qayıtmaq olar. Xüsusilə də, Ramazan bayramı ərəfəsində biz xəstəliyin yayılmasına şərait yaradan amillərlə rastlaşdıq. Son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək, gigiyena qaydalarına əməl etmək istəmir. Mən çox təəssüf edirəm. Çünki karantin rejimi çərçivəsində dövlətin atdığı addımlar öz müsbət nəticələrini verir. Tibbi maskalardan istifadə etməklə, iki metrlik sosial məsafəyə əməl etmək və dezinfeksiya tədbirləri ilə həm özümüzü, həm ətrafımızdakı insanları qoruya bilərik. Əgər bu üç amilə əməl olunarsa, yoluxmanın sayı kəskin şəkildə azalacaq”.

M.İbrahimqızı yumşalma tədbirlərindən sonra Azərbaycanda karantin qaydalarının kütləvi surətdə pozulmasını və məhz buna görə, məhdudlaşdırıcı tədbirlərin yenidən tətbiq olunmasına zərurətin yarandığını da diqqətə çatdırıb:

“Dünyanın bütün ölkələrində səhiyyə təşkilatları, ekspertlər, infeksionistlər eyni sözü deyir. Bu xəstəliyin dəqiq etiologiyası hələlik tam araşdırılmayıb. Bu səbəbdən COVID-19-a qarşı spesifik müalicə metodu, vaksin yoxdur. Belə olan halda özümüzü qorumaq üçün nə etməliyik? Təbii ki, bütün ölkələrdəki kimi, bizim vətəndaşlar da qaydalara əməl etməlidir. Ölkə başçımızın “Biz Birlikdə Güclüyük” fikri elə-belə söylənməyib. Dövlətin tədbirlərinə vətəndaşlar da dəstək verməlidir ki, bu bəladan qısa zaman ərzində ən az ziyanla çıxaq.

Ölkə başçımız 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak etdi. Prezident çıxışlarında da dəfələrlə vətəndaşları qoruyucu maskalardan istifadə etməyə dəvət edib. Təəssüf ki, ötən gün yoluxma sayı 590 nəfər olub. Ölkəmizdə koronavirusa yoluxan şəxslərin müalicəsinə çox ciddi diqqət ayrılır. Modul tipli xəstəxanaların qurulması Azərbaycanda koronavirusla mübarizə sahəsində atılan effektli qabaqlayıcı tədbirlərə bariz nümunədir. İstifadəyə verilən modul tipli xəstəxanalar 200 çarpayılıqdır, müasir texnologiyalarla təchiz olunub. Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla, beş xəstəxana istifadəyə verilib. Yaxın həftələrdə digər şəhərlərdə də modul tipli xəstəxanaların istifadəyə verilməsi ilə bu xəstəxanaların sayı 10-a çatdırılacaq. Bu xəstəxanaların tikintisi ilə bağlı qərarın hələ aprel ayında qəbul edilməsi özü də Azərbaycanda digər ölkələrlə müqayisədə nəzarətin və qabaqlayıcı tədbirlərin görülməsinin hansı şəraitdə aparıldığını sübut edir. Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Bütün bunların fonunda ölkə başçımızın da dediyi kimi, maskadan istifadə bir müddət hər birimizin həyat tərzinə çevrilməlidir. İstər şəxsi həyatımızı, istər iş həyatımızı bu sistemə öyrəşdirməliyik”.