Əminə Caparova: “Rəsmi Bakıya təşəkkürümü bildirirəm!” 

Əminə Caparova: “Rəsmi Bakıya təşəkkürümü bildirirəm!” 
17:21 10-06-2020 | icon 6725

Bu gün Ukraynanın İnformasiya Siyasəti nazirinin keçmiş birinci müavini, tanınmış Ukrayna və Krım-tatar siyasi xadimi Əminə Caparova Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Əminə Caparovanın namizədliyi Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən irəli sürülüb.

Əminə Caparova təyinatdan əvvəl Media.Az-a verdiyi müsahibəsində bir çox məsələlərlə bağlı sualları cavablandırıb:

- Təyinat niyə bu qədər uzandı (Ukrayna dövlətinin başçısı namizədliyi mayın ortalarında irəli sürüb - red.)?

- Məcburi xüsusi yoxlama var idi. Düşünürəm ki, ya iyunun 10-da, yaxud 17-də hökumətdə namizədliyim nəzərdən keçiriləcək.

- Ukrayna Xarici İşlər nazirinin birinci müavini olaraq nə edəcəksiniz?

- Əlbəttə ki, diqqətimi Krımla bağlı bir sıra məsələlərə yönəldəcəyəm. Bu mövzu genişdir, məsələn, Yevgeni Yenin (Ukrayna Xarici İşlər Nazirinin müavini - red.) beynəlxalq məhkəmələrdə iştirak edir. Krım üzrə beynəlxalq dialoq platforması yaradacağam. Eyni zamanda, sanksiyalar siyasəti (Rusiyaya münasibətdə - red.), ictimai və mədəni diplomatiya, beynəlxalq advokasiya (“advokasiya” termini latınca “advocare” sözündən götürülüb və “dəstək çağırışı” mənasını verir – red.) ilə əlaqəli bir sıra problem mövcuddur. Ukrayna, ölkənin xaricdəki imici və s. suallar kompleksi də var.

- Türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlığı vacib hesab edirsinizmi?

- Əlbəttə! Qeyd etmək istəyirəm ki, komanda daxilində üfüqi əlaqələrimiz var. Azərbaycan və Türkiyə ilə əlaqələrə cavabdeh olan şöbə başqa bir nazir müavininin nəzarəti altında olsa belə, bu, mənim türkdilli ölkələrlə əlaqəli mövzulara yönəlməyimə mane olmayacaq. Düşünürəm ki, bu, mənim üçün çox məntiqlidir. Bu, ancaq üstünlük ola bilər.

Mənə görə Türkiyə və Azərbaycan yalnız bəzi formal münasibətlərlə bağlandığım ölkələr deyil. Ukraynada Krım tatarları, türkdilli əhali var. Ortaq tariximiz, köklərimiz, dilimiz, dinimiz var. İnanıram ki, bu amillər ümumi xarici siyasətə fəal təsir edə bilər.

- İndi yəqin ki, ritorik bir sual verəcəyəm: rəsmi Bakının Azərbaycan vətəndaşlarının Krıma getməməsi tövsiyəsinə münasibətiniz necədir?

- İnanıram ki, bu tövsiyə siyasi xarakter daşımır. Əksinə, təhlükəsizlik problemləri ilə əlaqədardır. Reallıq budur ki, indi Krımda qanun və hüquq lazımınca tətbiq olunmur.

Bu cür ziyarətlərin təhlükəsiz olmadığına inanırıq. Bu, hərbiləşdirilmiş yarımadadır. Buna görə də, rəsmi Bakının tövsiyələrini dəstəkləyirəm və təşəkkürümü bildirirəm.