Tahir Əkbərin həyat yoldaşı üsyan etdi: “Yolun ortasında, qurbağa gölünün yaxınlığında basdırılıb” - ÖZƏL

Tahir Əkbərin həyat yoldaşı üsyan etdi: “Yolun ortasında, qurbağa gölünün yaxınlığında basdırılıb” - ÖZƏL
17:56 04-06-2020 | icon 240

Ötən gün sosial mediada iki il öncə dünyasını dəyişən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin qəbrinin acınacaqlı vəziyyətini əks etdirən fotolar yayılıb.

Görüntülərdən kədərlənən izləyicilər paylaşımın rəy bölməsində etirazlarlarını bildiriblər.

Məsələ ilə bağlı milletinsesi.info-ın əməkdaşı bəstəkar T.Əkbərin həyat yoldaşı Aybəniz Əkbərlə əlaqə saxlayıb.

O, 72 yaşında vəfat edən T.Əkbərin məzarı ilə bağlı yayılmış görüntüləri və qalmaqallı olayı belə nəql etdi:

“2017-ci ildə Tahir müəllim insult keçirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva onun bütün müalicə xərclərini öz üzərinə götürdü. 2018-ci il martın 2-də Tahir müəllim dünyasını dəyişəndən sonra Bəstəkarlar İttifaqına və Mədəniyyət Nazirliyinə müraciət etdik. Onlar öncə söylədilər ki, maddi vəziyyət pisdir və sizə yardımçı ola bilməyəcəyik. Sonra fikirlərini dəyişdilər.

Mədəniyyət Nazirliyində şöbə müdiri işləyən İsmayıl adlı şəxs söylədi ki, Tahir müəllimin dəfnini təşkil edəcəyik, Badamdarda dəfn olunacaq və belə də oldu. Hətta vida mərasiminə Ə.Qarayev də gəldi, başsağlığı verib, bu sözləri söylədi: “Tahir müəllim bir xəzinə qoyub getdi. O, tarix yazdı”. Tahir müəllim görkəmli bəstəkar olsa da, maddi vəziyyəti zəif idi. Ona görə, biz Tahir müəllimin Badamdarda dəfni ilə bağlı Mədəniyyət Nazirliyinin qərarı ilə razılaşdıq.

Tahir Əkbərin məzarı (əvvəl)

Onun qəbrini görmək üçün həmin əraziyə getdik. Çox anlaşılmaz bir vəziyyətlə üzləşdik. Orada olan insanlar heyrətdən donub qalmışdılar. O zaman mən bu məsələni ictimailləşdirib, şou yaratmaq istəmədim. Çünki mərhum özü də incəsənət nümayəndəsi idi, şou adamı deyildi. Məhz bu səbəbdən biz bu məsələni sakit şəkildə həll etdik.

Qəbrin yeri dəhşətli idi. Hər ölkənin seçilmiş insanları olur. Onlardan biri də Tahir müəllim idi. O, balaca insan deyildi. Tahir Əkbər yeganə bəstəkardır ki, “Simfonik rənglər” diplom işi SSRİ Lenin Komsomolu mükafatına layiq görülüb. O, Azərbaycan musiqisinə yenilik gətirib. Belə bir insanı acınacaqlı yerdə dəfn etdilər.

Dənf mərasimində qalxdım İsmayıl bəyin yanına, ona bəstəkar ailəsi adından təşəkkür etdim. Amma söylədim ki, biz onu buradan götürüb, başqa yerdə dəfn edəcəyik. O da bil kəlmə işlətdi ki, bu sizin haqqınızdır.

Tahir müəllim həyatda olarkən söyləyirdi ki, məni layiq olmadığım yerdə dəfn etsələr, atamın qəbrini açıb, orada dəfn edərsən. Onun istəyini həyata keçirdim. Dəfn edildiyi gündən bir gün sonra Yasamal qəbiristanlığında atasının 30 illik qəbri açdırıb, orada yenidən basdırdıq.

Hətta Ə.Qarayevin göndərdiyi gül çələngini də onların uyğun bildikləri məzarın üstündən götürmədik. Boş qəbrin üstündə qaldı. Biz o gül çələngindən imtina etdik. Sosial şəbəkələrdə yayılmış fotolarda boş qalan qəbirdir. İki aydan sonra Birinci vitse-prezidetn Mehriban xanım Əliyevanın göstərişi ilə həmin qəbrin üstü götürüldü.

Tahir Əkbərin məzarı (indi)

Ola bilər ki, Mədəniyyət Nazirliyinin və Bəstəkarlar İttifaqının xəbəri yox idi Tahir müəllimin birinci dəfn olunduğu yerdən. Amma orada Mədəniyyət Nazirliyinin şöbə müdiri İsmayıl adlı şəxs var idi. Ən azı o, Mədəniyyət Nazirliyini məsələdən xəbərdar edə bilərdi ki, adını Azərbaycan mədəniyyətinə qızıl həriflərlə yazdırmış üç nəslin bəstəkarı xoş olmayan bir yerdə dəfn olunub. Amma o, aidiyyəti orqanlara məlumat vermədi.

Tahir müəllimin ən böyük arzusu Fəxri Xiyabanda dəfn edilmək idi. O, sənətinə, qoyduğu musiqi xəzinəsinə inanırdı. Amma bu da olmayandan sonra qəbiristanlığın içində bir yerdə ona yer ayırsaydılar, yenə də etirazımı bildirməzdim. Tahir müəllimi yolun düz ortasında, qurbağa gölünün ətrafında basdırmışdılar. Bu, hörmətsizliyin son həddi idi”.

Sənətkarın həyat yoldaşı izləyicilər tərəfindən qınanmasına da münasibət bildirib:

“Sosial şəbəkədə yazılan şərhləri oxuyuram. Görürəm ki, T.Əkbərin ailəsinin olmadığını yazırlar. Guya olsaydı, belə xoşagəlməz halla üzləşməzdi. Xeyr, onun ailəsi var. Tahir müəllim martln 2-də dünyasını dəyişdiyindən, hər ayın 2-də mən qızımla qəbir üstünə gedib, onu yad edirik”.

Bəstəkarın mahnılarını oxuyub, onun məzarını bir dəfə də olsun ziyarət etməyən müğənniləri Aybəniz Əkbər hörmətsizlikdə ittiham edib:

“Tahir müəllimin əsərlərini müğənnilərin 90 faizi ifa edib. Onun mahnıları bu gün də aktualdır. Amma indiyə kimi görməmişəm ki, sənət dünyasından kimsə onun məzarının üstünə gül dəstəsi qoysun. Hər dəfə qəbiristanlığa gedəndə düşünürəm ki, bəlkə kimsə gül qoyub, onu yad edib.

Nazpəri Dostəliyeva, Könül Kərimova, Aşıq Samirə və digər müğənnilərə mahnılar yazaraq, onları gündəmə gətirib, dəstək olub. Onların adını çəkməklə irad tutmaq fikrim yoxdur. Tahir müəllimin heç kimdən umacağı yoxdur. Sadəcə, bu, onların insanlıq borcudur”.

Rəşad Əliyev