Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar 

Bilərəkdən başqasını koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar 
16:28 04-06-2020 | icon 1111

“Bilərəkdən digər vətəndaşı koronavirusa yoluxduran şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

milletinsesi.info xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, karantin rejiminin bilərəkdən pozulması inzibati məsuliyyət daşımır:

“Vətəndaşlar arasında bilərəkdən karantin rejiminin pozulması və bu səbəbdən digər şəxslərin virusa yoluxması birbaşa cinayət məsuliyyətidir. Biometrik faktorlarla bu kimi halların müəyyən edilməsi və cərimələrin tətbiq edilməsinə nə gərək var? İnsanlar birmənalı başa düşməlidirlər ki, polisin vəzifəsi cərimə tətbiq etmək deyil.

Monitorinqlərin nəticələrinə əsasən deyirəm ki, tibbi maskaların istifadəsinin tövsiyə xarakterli olduğu müddətdə kifayət qədər insan küçələrdə, ictimai nəqliyyat vasitələrində bu qoruyucu vasitədən istifadə etmirdi. Avtobuslardan istifadə edən 15 nəfərdən maksimum 5-i tibbi maskadan istifadə edirdi. Bu məsələyə birmənalı olaraq ictimai nəzarət olmalıdır. 65 yaşdan yuxarı şəxslər də daxil olmaqla, hər kəs öz sağlamlığı üçün qaydalara riayət etməli, digərlərinə də məsləhət etməlidir. Hərəkətinə icazə verilməyən nəqliyyat vasitələrinin müəyyənləşməsi xüsusi qaydada aparılacaq”.

O bildirib ki, polis əməkdaşları karantin qaydalarının yumşaldılmasından asılı olmayaraq, gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdiriblər:

“İyunun 6-sı saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi yenidən sərtləşdiriləcək. Bu müddət ərzində yalnız fəaliyyətinə icazə verilmiş qurumların işçilərinin hərəkətinə icazə veriləcək. Ola bilsin ki, nəqliyyat vasitələri ilə yola çıxan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi xüsusi texniki vasitələrin köməyi ilə müəyyən olunacaq. Bu əvvəlki qaydada SMS vasitəsi və ya “icazegov.az” portalında kiminsə adının olması ilə bağlı olmayacaq. Çox məhdud sayda şəxslərin nəqliyyat vasitəsilə hərəkətinə icazə veriləcək.

Həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları xüsusi qaydada qeydiyyata alınacaq və yalnız onlar inzibati qaydada cərimə olunmayacaq. İyunun 6-dan 8-dək qeyd olunan saata qədər nəqliyyat vasitəsi ilə hərəkətinə icazə verilməyən digər şəxslər xüsusi texniki avadanlıqlar vasitəsilə aşkar ediləcək. Vətəndaşlar fikirləşməsin ki, ərazidə polis yoxdur və bizi cərimələyən olmayacaq. Öncədən bu barədə vətəndaşlara xəbərdarlıq edirik.

Karantin rejiminə əməl etməyən şəxslər barəsində iyunun 2-dən qəbul edilən qərara əsasən, qoruyucu vasitələrdən istifadə etməyən sərnişin və sürücülər qanunvericiliyin normalarına uyğun şəkildə məsuliyyətə cəlb olunacaqlar. Müvafiq olaraq, qoruyucu vasitələrdən istifadə etməməklə qayda pozuntusuna ilk dəfə yol verən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 200 manat cərimə olunacaqlar. Eyni xətanın il ərzində təkrar olunması müşahidə olunarsa, fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimə olunacaqlar. Bu cərimələrlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndində karantin qaydalarının pozulmasına görə, 1 aya qədər inzibati həbs cəzası da var. Bu günə qədər 50-yə yaxın şəxs bir aya qədər inzibati həbs cəzası alıb”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində metronun “Qara Qarayev” stansiyasında polis əməkdaşları ilə sərnişinlər arasında yaşanan mübahisəyə münasibət bildirərkən deyib ki, vətəndaşlar polisə deyil, karantin qaydalarını pozan şəxslərə dəstək olurlar.

O qeyd edib ki, son günlər sosial şəbəkədə polis əməkdaşının metro stansiyasında karantin qaydasını pozan şəxsə irad bildirməsinə vətəndaşlar kəskin reaksiya veriblər:

“Bu məsələdə ictimaiyyətin münasibəti qəbuledilməzdir. Əslində, həmin şəxsin ətrafındakı vətəndaşlar polisə dəstək olmalı idilər. Çünki pandemiya dövründə ön cəbhədə duran həkimlər, polislər bunu özləri üçün deyil, vətəndaşlar üçün edirlər. Çox təəssüf edirəm ki, insanlar bir-birinə bu qaydalara riayət edilməsinin məcburiliyini izah etmirlər. Karantin rejiminin yumşaldılmasına baxmayaraq, regionlara gediş-gəlişdə tətbiq edilən qaydalar qüvvədədir”.

O bildirib ki, həftəsonu küçəyə çıxmaq qadağasına görə, alternativ yollarla regionlara getməyə cəhdlərin qarşısı alınacaq: “Bakı, Sumqayıt, Abşeron qeydiyyatında olan şəxslər digər regionlara, müxtəlif bölgələrdə qeydiyyatda olan şəxslərin də şəhərlərə giriş-çıxışına icazə verilməyəcək. Dövlət qurumlarının iş saatının azaldılmasından istifadə edərək, alternativ yollarla rayonlara getməyə cəhd göstərən şəxslər bilməlidirlər ki, bu, karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar. Bəzi vətəndaşlar ailə yaxınlarının ölüm ayağında olmasını bəhanə edərək regionlara getməyə çalışırlar”.

O bildirib ki, regionlara getmək üçün bu kimi bəhanələrdən istifadə etmək olmaz: “Karantin rejimi çərçivəsində tətbiq edilən qaydalarda regionlara səfərlərlə bağlı istisna hal kimi dəfn mərasimi ilə əlaqəli məqam qeyd olunub. Belə ki, yalnız dəfn mərasimində iştirak üçün ən yaxın qohumlara regionlara getməyə icazə verilir”.