İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...”

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...”
11:42 04-06-2020 | icon 6015

“Dini məzhəblərin mövcudluğunu təbii qəbul etmək lazımdır. Təbii qəbul etmədiyimiz və təhlükəli saydığımız məqam isə məzhəbləri din yerinə qoyub,  fərqlilikləri şişirdərək, insanları bir-birinə düşmən etməkdir. Qeyd etmək lazımdır ki, Azərbaycan islam məzhəbləri arasındakı müsbət münasibətlər mövzusunda müsəlman dövlətləri içərisində özünəməxsus yerə malikdir, bunun da tarixi kökləri var”. 

oxu.az Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ilə müsahibəni təqdim edir:

- Təyinatla bağlı sizi təbrik edirik. İlkin mərhələdə qarşınıza qoyduğunuz məqsədlər hansılardır?

- Təşəkkür edirəm. Ümid edirəm ki, Prezident İlham Əliyevin göstərdiyi etimadı layiqincə doğruldacağam. Məqsədlərimizə gəlincə, qeyd edim ki, İlahiyyat İnstitutu yarandığı gündən etibarən Azərbaycanda yüksək ali dini təhsilin inkişaf etdirilməsini başlıca istiqamət kimi qarşısına məqsəd qoyub. Bildiyiniz kimi, ölkəmizdə bundan əvvəl də dini təhsil verən müəssisələr mövcud olub. Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi ölkədə ali dini kadrların, ilahiyyatçıların, dini mütəxəssislərin yetişdirilməsində müstəsna rol oynayıb. Eyni zamanda, Bakı İslam Universitetinin də bu istiqamətdə fəaliyyəti yüksək qiymətləndirilməlidir. BDU-nun İlahiyyat fakültəsinin bazası əsasında yaradılan İlahiyyat İnstitutu Azərbaycanda dini sahədə daha peşəkar kadrların yetişdirilməsinə xidmət etməyə başladı.

Qeyd edim ki, İnstitut kifayət qədər savadlı müəllim potensialına malikdir. Onlar ana dilimiz ilə yanaşı, ərəbcə və ingiliscə də tədris aparmağı, elmi mühazirələr oxumağı peşəkar səviyyədə bacaran kadrlardır. Müəllimlərimizin bir çoxunun elmi məqalələri “Web of Science” bazasında olan dərgilərdə nəşr olunub. Təbii ki, belə kollektivlə fəxr etmək olar. Onların əməyi sayəsində ölkədə daha peşəkar, dini sahə üzrə ixtisaslaşmış ilahiyyatçılar yetişdiriləcək.

- Bu gün Azərbaycanda dərin dini biliklərə sahib olan insanların sayı çox azdır. Savadlı din xadimi və islamşünasların yetişdirilməsində İlahiyyat İnstitutunun rolunu necə qiymətləndirirsiniz?

Yetərli deyil desək, daha doğru olar. Bu gün ölkədə dini biliklərə malik insanlar var. Həmin şəxslərin sayının yetərli olmamasının isə obyektiv səbəbləri mövcuddur. Azərbaycan uzun müddət sovet rejimində yaşayıb. Sovet İttifaqında müəyyən dönəmlərdə dinə olan təzyiqlər nisbətən yumşaldılsa da, ali dini təhsil verən müəssisələrin sayı əl ilə sayılacaq qədər az idi. İslamla əlaqədar Orta Asiyada Özbəkistanda “Mirərəb” mədrəsəsi, daha sonra Daşkənddə İslam İnstitutu təşkil edildi. Buradakı tədris, şübhəsiz ki, bütün Sovet İttifaqı ölkələri üçün kifayət edə bilməzdi. Orada da təhsilə müəyyən qədər məhdudiyyətlər tətbiq edilirdi. Çox az sayda insan həmin tədris müəssisələrində təhsil alma imkanına malik idi. Sovetlər Birliyi dağıldıqdan sonra dini təhsil sahəsində ciddi boşluq müşahidə edilirdi. Bu boşluğu doldurmaq üçün qeyd etdiyim kimi, Bakı İslam İnstitutu, daha sonra  BDU-da İlahiyyat fakültəsi açıldı. Bu müəssisələr boşluğu qismən doldursa da, yenə də kifayət etmirdi. İlahiyyat İnstitutunun yaradılmasında əsas məqsəd məhz din sahəsində yetərincə savadlı kadrlar hazırlamaqdır. İnstitutda iki ixtisas mövcuddur - Dinşünaslıq və İslamşünaslıq. Dinşünaslıq ixtisasında islam ilə yanaşı, xristian, yəhudi və digər dinləri öyrədirik. Bu ixtisas üzrə təhsil alanlar yalnız islam dini sahəsində deyil, digər dinlərlə də bağlı mütəxəssis kimi yetişirlər. Dinşünaslıqla bağlı tədris proqramımız bu sahələri özündə birləşdirməklə formalaşıb.

Digər istiqamət isə qeyd etdiyim kimi, İslamşünaslıqdır. Bu ixtisasda təməl olaraq islam dini üzrə mütəxəssislər yetişdiririk. Bu şəxslər islam dininin dərin incəliklərinə hakim olacaqlar. Məqsədimiz ondan ibarətdir ki, islam sahəsində peşəkar, savadlı kadrlar yetişdirək və onlar gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyi bacarsınlar.

Qeyd edim ki, din çox həssas sahədir. Bu istiqamətdə fəaliyyət göstərənlər dini biliklərlə yanaşı, müasir dövrlə ayaqlaşa bilmək üçün müəyyən dünyəvi biliklərə də yiyələnməlidirlər. Ola bilər ki, bir insan din sahəsində savadlıdır, amma dünyagörüşü zəifdir, yaxud da əksinə. Bu balans pozulduqda şəxs müasir dövrlə ayaqlaşa bilmir. Bu baxımdan, dini elmlərlə yanaşı, lazımi dünyəvi bilikləri olan mütəxəssislərin hazırlanması böyük əhəmiyyət kəsb edir.

- Bu sahəyə müraciət edən tələbələrin sayı da azdır. Fikrinizcə, gələcəkdə bu sahədə kadr çatışmazlığı yarana bilərmi?

- Xeyr, düşünmürəm ki, bu ixtisaslara müraciət edənlərin sayı azdır. Ümumiyyətlə, İnstituta məhdud sayda tələbə qəbul edilir ki, bu da təbiidir. İlahiyyat sahəsində bir sıra digər istiqamətlər kimi, həddən artıq mütəxəssisə ehtiyac yoxdur. Dövlət ehtiyac olan qədər qəbul yeri ayırır.

- İnsanların dini inanclarını sarsıdan əsas məqam nədir? Dini elmlərin, savadlı kadrların azlığı, yoxsa daxili inanc məsələsidir?

- Dini inancları sarsıdan amillər cəmiyyətdən-cəmiyyətə və hətta insandan-insana dəyişir. Ola bilsin, şəxs din sahəsində savadsız din təbliğatçıları ilə qarşılaşır. Belə olduqda, təbliğat aparan şəxsin normal məntiqə sığmayan din anlayışı bəzi insanları dindən soyuda bilər. Bəzən də fərdi psixoloji sarsıntılar buna səbəb ola bilər. Həmçinin, insanların dinə münasibətlərini müəyyənləşdirməkdə mühitin də rolu böyükdür. Dindarlaşmanın və ya dindən uzaqlaşmanın dini-teoloji səbəbləri ilə yanaşı, psixoloji və sosioloji tərəfləri də mövcuddur. Dindarlığı azaldan, eləcə də insanları dinə daha çox bağlayan səbəblərin araşdırılmasına dair çoxsaylı tədqiqat əsərləri yazılıb. Din sosioloqları və psixoloqları tərəfindən bu istiqamətdə çoxlu məqalə, kitablar dərc edilib, xüsusilə bu sahədə ingilisdilli ədəbiyyat zəngindir. Ona görə də bu mövzuda sırf bir səbəbə köklənmək lazım deyil.

- Bəzən dini mövzuda ilahiyyatçılar, din xadimləri fərqli mülahizələr irəli sürür. Eyni mövzuda iki dinşünasın fərqli baxışdan (hər birinin özünəxas şəkildə) çıxışı insanları çaşdırır. Hətta Quranın yozumunda təhriflərin də edildiyinə dair fikirlər yaranır.

- İlk olaraq deyim ki, bütün böyük dinlərin məzhəblərə bölünməsi tarixi reallıqdır. Bunu təbii qəbul etmək lazımdır. Bu, bir qədər də insanın bilik əldə etmə prosesi ilə əlaqədardır. Əvvəlcədən hər insanın formalaşdığı mühit, biliklər, təcrübələr o şəxsin oxuduğu kitabı dərk etməsinə mütləq surətdə təsir edir. Yəni, eyni əsəri oxuyan iki fərqli insanın həmin kitabı anlaması və orada mövcud olan məlumatlara yanaşma tərzi heç də eyni deyil. Üstəlik, oxuduğumuz kitabın müəllifi insan deyil, ilahi varlıq hesab edilirsə, bu əsərin yozumunda fərqli düşüncələrin meydana gəlməsi də təbii qəbul edilməlidir. Həmçinin, qeyd etmək lazımdır ki, eyni dinin tərkibində müxtəlif məzhəblərin yaranmasının teoloji səbəbləri ilə yanaşı, tarixi, ictimai, psixoloji və digər nəticələri də var.

Məzhəblərin mövcudluğunu təbii qəbul etmək lazımdır. Təbii qəbul etmədiyimiz və təhlükəli saydığımız məqam isə məzhəbləri din yerinə qoyub, təriqət fərqliliklərini şişirdərək, insanları bir-birinə düşmən etməkdir. Azərbaycan islam məzhəbləri arasındakı müsbət münasibətlər mövzusunda müsəlman dövlətləri içərisində özünəməxsus yerə malikdir, bunun da tarixi kökləri var. Ölkəmizdə mövcud olmuş irfani ənənə müxtəlif müsəlman məzhəblərinin qardaşlıq şəraitində yaşamasının təmin edilməsində müstəsna rola malik olub. Həmçinin, XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq, istər böyük din xadimlərimiz, istərsə də ziyalılarımız məzhəbçiliyə qarşı mübarizə aparıblar. Məzhəblərüstü təfsir layihəsi də ölkəmizdə gerçəkləşib.

XX əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin təşviqi və maddi dəstəyi ilə Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvi müxtəlif məzhəblərin görüşlərini obyektiv şəkildə ehtiva edən “Kəşfül-həqayiq” adlı təfsiri qələmə alıb. Sonrakı illərdə də bu ənənəni davam etdirən şəxslər olub ki, bu da Azərbaycan müsəlmanlarına məzhəblərarası fərqliliklərə düşmən kimi baxmamağı təlqin edib.

Həmçinin, Azərbaycan dünyəvi ölkə olduğu üçün respublikamızda dövlət-din münasibətləri hüquqi əsaslarla tənzimlənir. Ölkə daxilində heç bir dini qrup özünü diskriminasiyaya uğramış hiss etmir. Hər il Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iftar süfrəsi verir. Prezident İlham Əliyevin təşrif buyurduğu bu iftar süfrəsində müxtəlif dini icmaların rəhbərləri iştirak edirlər. Bu, tolerantlığın göstəricisidir.

Təəssüf ki, az da olsa, bu mühitin pozulması istiqamətində fəaliyyət göstərən müəyyən radikal qrupların varlığı da bir gerçəklikdir. Ölkə daxilindən deyil, xaricdən gələn həmin qruplar çalışır ki, məzhəblərarası münasibətləri kəskinləşdirsinlər. İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün radikal yönümlü qruplara qarşı tutarlı arqumentlər irəli sürəcək qədər savadlı kadrlar yetişdirə bilsək, bu kimi qurumların dini mühitə vura biləcəyi zərbələrdən də sığortalanmış olarıq.

- Ölkəmiz hər zaman tolerantlığı ilə seçilib. İslamın fərqli məzhəbləri və təriqətləri üzrə tədris alan tələbələr arasında ciddi fikir müxtəlifliyi nə kimi problemlərə yol aça bilər?

- İnstitut daxilində bu kimi fikir ayrılığı mövcud deyil. İlkin mərhələlərdə bəzi fikir müxtəliflikləri müzakirələrə səbəb ola bilər, amma bu məqamlar pedaqoqlar tərəfindən verilən lazımi biliklər nəticəsində öz izahını tapır. İnstitutumuzdakı təhsil məzhəblərüstü və təriqətlərüstü xarakter daşıyır.

- Son dövrlər koronavirus pandemiyası ilə bağlı dini mərasimlərin keçirilməsinə dair proseslər çox müzakirə edilir. Bu məqam dəfn mərasimlərində nə kimi dəyişikliklərə səbəb ola bilər?

- Qeyd edim ki, bundan əvvəl də pandemiyalar mövcud olub. XIV əsrdə dünyada “qara ölüm” adlanan taun pandemiyası təxminən 100 milyonadək insanın ölümü ilə nəticələnib. Eyni zamanda, 1918-1920-ci illərdə milyonlarla insanın məhvinə səbəb olan “ispan qripi” yayılmışdı. Bu gün də COVID-19 pandemiyası ilə qarşı-qarşıyayıq. Doğrudur, müasir dövrümüzdə pandemiyalar həmin zamanlardakı kimi milyonlarla insanın ölümünə səbəb olmur. Tibb elmi kifayət qədər inkişaf edib. “Dünyanın mənzərəsini səhiyyə sistemi dəyişdi”, - desək yerinə düşər. Bununla yanaşı, bu, bizə heç də rahatlıq üçün əsas vermir. Nəzərə alsaq ki, sözügedən pandemiya nəticəsində ABŞ kimi inkişaf etmiş ölkədə 100 mindən çox insan dünyasını dəyişib, virusun qarşısını almaq üçün tövsiyə olunan bütün təhlükəsizlik tədbirlərinə əməl etməliyik.

Bilirsiniz ki, dünyanın hər tərəfində dini məbədlər tibbi təhlükəsizlik tədbirlərinə görə bağlıdır. İbadətlərin toplu şəkildə icrasına və müəyyən dini mərasimlərə ara verilib. Bu, təbii ki, müəyyən müddət belə davam edəcək, virusun yayılma tezliyi azaldıqdan sonra isə qadağalar da aradan götürüləcək. Dəfn və yas mərasimləri insanlar üçün mənəvi bir ehtiyacdır. Belə ki, dərdlər bölüşdükcə yüngülləşir. Pandemiyanın yol aça biləcəyi fəsadları nəzərə alaraq, bu mərasimlərə dair yeni qaydalara əməl etmək hər birimizin dini və insani vəzifəmizdir. Unutmayaq ki, bu qadağalar cəmiyyətin mənafeyinə uyğundur və müvəqqəti xarakter daşıyır.

- Haşiyədən kənara çıxaq. Fətva yoxsa fitva? Hər kəs üçün maraqlı olan və mübahisəli məsələlərdən biri də budur.

- Bilirsiniz, ərəbcədən dilimizə keçmiş bu söz bizim orfoqrafiya lüğətinə “fitva” şəklində daxil edilib. Ərəb dilində isə “fətva” şəklində tələffüz olunur. Dini terminologiyada bu söz orijinalına uyğun olaraq, “fətva” kimi verilib. “Fətva” geniş məfhumdur və bu, bir çox sahədə istifadə edilir.

- İlahiyyat İnstitutunda hansı dünyəvi elmlər tədris olunur?

İnstitutdakı tədrisdə din təkcə teoloji cəhətdən deyil, dünyəvi aspektlərdən də öyrədilir. Məsələn, din sosiologiyası dünyəvi elmdir və burada din teoloji deyil, sosioloji aspektdən tədris edilir. Yəni, dinin ictimai aspektləri öyrədilir. Din psixologiyası da dünyəvi elmdir. İnstitutumuzda fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizmə giriş, Azərbaycan tarixi, nitq mədəniyyəti və digər dünyəvi fənlər tədris olunur. Dünyəvi və dini fənlər bir-birini tamamlayır. Bu da bizim peşəkar kadrlarımızın ixtisaslaşması üçün önəmli məqamlardan biridir.

Pandemiya dövrü ilə bağlı bütün tədris müəssisələrində olduğu kimi, bizdə də tədris onlayn qaydada keçirilir. Tələbələrimiz dərs prosesindən kənarda qalmayıb. Müəllim kollektivi tərəfindən bütün zəruri materiallar onlara ötürülüb. Qarşıda gözlənilən imtahanlar da müvafiq qaydalara uyğun keçiriləcək. Qeyd edim ki, imtahan prosesi də onlayn qaydada təşkil olunacaq.

- Azərbaycanda sünni və şiə məzhəbləri ilə bağlı məqamlar mübahisələrə səbəb olur. Tələbələr arasında bu məsələdə fikir fərqliliyi necə tənzimlənir?

- Əslində, İlahiyyat İnstitutunda islam dini elmi əsaslarla öyrədilir. Burada islam daxilində olan məzhəblərin görüşləri əyani şəkildə öyrədilir. Pedaqoqlar heç bir halda tələbələrə “Bu, yanlışdır və ya doğrudur” anlayışını aşılamır. Tədris təsviri yolla həyata keçirilir. İnsanlar müxtəlif köklərdən gəlir, bu da həssas məqamdır. Bəzi müsəlman ölkələrində müəllimlər auditoriyaya daxil olan kimi müəyyən bir məzhəbin nöqteyi-nəzərini önə çəkir, digərlərinin fikirlərini isə “Bu, batildir və yanlışdır”, - deyərək təqdim edir. Bu, yolverilməzdir və məzhəblərarası münasibəti mənfi məcraya yönəltməyə istiqamətlənib.

İnstitutumuzda mübahisəli fikirlər təsviri şəkildə tələbələrə çatdırılır və müxtəlif məzhəblərin təmsilçilərinin bir-birinə düşmən olmadıqları izah olunur.

- İmtahan məsələləri ilə bağlı məqamlar necə tənzimlənəcək, auditoriyalarda nə kimi tədbirlər görüləcək və ilk imtahanlarda iştirak edə bilməyən tələbələrə şans yaradılacaq?

- Düşünürəm ki, onlayn imtahan fürsətindən istifadə edə bilməyən tələbələrimizin sayı minimum olacaq. İştirak edə bilməyən tələbələrimiz üçün daha sonrakı dövrdə qaydalara riayət etmək şərtilə birbaşa imtahan vermək imkanı yaradacağıq. Maksimum çalışacağıq ki, imtahanlarda bütün tələbələr iştirak edə bilsinlər.

- İnstitutda hansı yeni layihələr və ya digər fərqli məqamların gerçəkləşdirilməsi gözlənilir?

Tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələrin icrası gözlənilir. Pandemiya dövründə onlayn tədrisi tətbiq etdik. Onlayn tədris əyani təhsili tam mənada əvəz edə biləcəyi ilə bağlı araşdırma aparacağıq. Bəzi dərslərdə bunun gözəl vasitə olduğunun şahidinə çevrildik. İlahiyyat İnstitutunda bəzi spesifik dərslər var ki, onların tədrisində onlayn dərslər ənənəvi üsuldan daha az effektiv oldu. Tədrisin təşkilində müəyyən geriləmələri müşahidə etdiyimiz dərslərdə gələn il yenidən tələbələrimiz üçün əlavə kurslar təşkil etməyi düşünürük.

İlahiyyat təhsili üçün ərəb dili, eləcə də xarici mənbələrlə işləməkdən ötrü ingilis dilinin peşəkar səviyyədə öyrədilməsinə ehtiyac var. Bu dillərə dair kursların təşkili planlaşdırılır. Tələbələri stimullaşdırıcı müsabiqələri də unutmuruq. Eyni zamanda, akademik nəşrlərlə bağlı yeniliklər nəzərdə tutulub.

Qeyd edim ki, qarşıda bir çox layihələrimiz var. Dinşünaslıq sahəsində, hətta ingilisdilli jurnalın nəşri üzərində də düşünürük. Layihələrimiz kifayət qədər çoxdur. Gələcəkdə bu sahədə bir çox maraqlı xəbərlər eşidəcəksiniz.

Könül Cəfərli
Foto: Ramil Zeynalov