Deputat ixtisaslı kadrlarla bağlı çağırış etdi - ŞƏRH

Deputat ixtisaslı kadrlarla bağlı çağırış etdi - ŞƏRH
12:00 03-06-2020 | icon 336

“Pandemiya dövrü tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün gözlənilməz oldu. Lakin istənilən halda digər ölkələrlə müqayisədə, bu gün Azərbaycanda müşahidə edilən vəziyyət yüksək qiymətləndirilməlidir”.

Bunu milletinsesi.info-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov əmək bazarının strukturunda dəyişiklik və post-pandemiya dövründə mütəxəssis hazırlığı üçün yeni mexanizmlərin tətbiq edilməsinin zəruriliyinə dair proqnozlardan danışarkən deyib.

Onun sözlərinə görə, pandemiya dövrü bütün dünyada ölkələrində işsizlik və digər ciddi problemlərin yaranmasına səbəb olub.

“Azərbaycanda isə cənab Prezident İlham Əliyev əhalinin bu vəziyyətdən əziyyət çəkməməsi üçün kifayət qədər ciddi tədbirlərin görülməsini tapşırıb. Koronavirus pandemiyası dövründə maddi durumu nisbətən aşağı olan, aztəminatlı ailələrə yardım məqsədilə təxminən 3.5 milyard manata yaxın vəsait ayrıldı.

Həmin ailələrə ayda 190 manatın ödənilməsi ilə onların mövcud vəziyyətdə əziyyət çəkməsinin qarşısı alındı. Digər tərəfdən, ölkə başçısı iş yerlərində ixtisarlara birmənalı şəkildə yol verilməməsini tapşırdı.

Bu, özlüyündə çox önəmli məqamlardan biridir. Lakin bəzi istehsal sahələri oldu ki, orada müəyyən ixtisarlar qaçılmaz oldu. Dünyada neftin qiymətinin stabil olmaması, hasilatın müəyyən qədər aşağı düşməsi, bəzi problemlərin yaranması bu kimi ixtisarları qaçılmaz edib. Bütün sahələrdə profilləşdirmə üzrə nəzərdə tutulan proqramlar çox böyük önəm daşıyır”, - deyə V.Əhmədov əlavə edib.

Deputat bildirib ki, bu gün əmək bazarında antiböhran mütəxəssisləri, maliyyə məsləhətçiləri, habelə İT mütəxəssisləri, proqramçılar, kontent-menecerlər, elektron ticarət mütəxəssisləri kimi rəqəmsal peşələrin nümayəndələri olsa da, bu sahələrdə ixtisaslı kadrlara tələbat var.

Mövcud bazar dəyişikliklərinə də diqqət çəkən millət vəkili qeyd edib ki, son zamanlar yaradılan peşə təhsili mərkəzləri mühüm əhəmiyyət daşıyır:

“Nəzərə almaq lazımdır ki, bu gün kadr hazırlığı və yenidən profilləşdirmə üzrə həyata keçirilən addımlardan biri peşə təhsili mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərin inkişafı insanların müəyyən ixtisaslar üzrə peşəkar kadr kimi yetişməsinə xidmət edəcək.

Xüsusilə rəqəmsal sistemlərdə, innovativ texnologiyalarla əlaqəli peşələrdə çalışa biləcək ixtisaslı kadrların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Cənab Prezident hər zaman qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılmasını tapşırıb.

Artıq alternativ enerji mənbələrinin sürətlə formalaşdığı bir dövrdə neft erası faktiki olaraq başa çatmaq üzrədir. Dünya bazarını analiz etsək, 2019-cu ildə dünya iqtisadiyyatının 1 faizə qədər gerilədiyini görə bilərik. Amma Azərbaycan iqtisadiyyatında son dövrlərdə 7 faizə qədər irəliləmə müşahidə edilir.

Bu istiqamətdən baxsaq, Azərbaycan bu sahədə kifayət qədər öndə gedir. Hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı, rəqəmsal sahələrin, müasir elektronika və innovativ texnologiyaların tətbiqi ilə ölkədə kadr hazırlığı ilə bağlı müsbət dəyişikliklərə nail olmaq mümkündür.

Əsas məqsəd regionlarda əhalinin işlə təmin olunmasını həll etməkdir. Bu istiqamətdə regionlara kifayət qədər vəsait qoyulub. Ciddi infrastruktur layihələri həyata keçirilir - yeni yolların salınması, su, işıq problemlərinin tamamilə həll olunması kimi.

Bunun nəticəsi olaraq, əhalinin rayonlara qayıtmağa marağının artması müşahidə olunur. Bu da təsərrüfat sahəsinin inkişafı deməkdir. Regionlarda istər əkin sahələrində, istərsə də sahələrin suvarılması üçün zəruri olan bütün sistemlər müasir standartlara uyğun şəkildə qurulub.

Bütün bunların fonunda postpandemiya dövründə müəyyən istehsal sahələrində problemlərin yaranması istisna edilmir. Lakin bir çox sahələrdə də mütəxəssislərə tələbat artacaq. Buna görə də sözügedən istiqamətdə kompleks tədbirlər görülür”.