Yatmış Bakı sakininin tovuzquşuları oğurlandı

Yatmış Bakı sakininin tovuzquşuları oğurlandı
16:56 23-05-2020 | icon 428

Ümumi karantin rejiminin yumşaldılması paytaxtda oğurluq hallarının artmasına səbəb olub.

Son sutka ərzində daxili işlər orqanlarının əməkdaşları Bakıda 34 oğurluq faktı qeydə alıblar.

Bu barədə milletinsesi.info-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Karantin rejimi dövründə oğurluq hallarının kəskin azaldığını yazmışdıq. Orta hesabla gündə 15-20 cinayət törədilirdi. Bu göstəricinin azalmasına polisin geniş patrul xidməti və evdən çıxma qadağası səbəb olmuşdu. Lakin paytaxt əvvəlki həyatına qayıtdıqdan sonra oğurluq hallarının artması müşahidə edilir.

Qeyd edək ki, may ayının əvvəlindən bu günə qədər Bakıda 560 oğurluq hadisəsi qeydə alınıb, onların əksəriyyəti kiçik həcmlidir. Bunlardan 140-nın üstü açılıb.

Son bir gündə baş verən oğurluq hadisələrini təqdim edirik:

Xəzər rayonunda 1974-cü il təvəllüdlü Zirə qəsəbə sakini Hidayət Kazımovun 4000 manat dəyərində inəkləri oğurlanıb. Kişi yatarkən, naməlum şəxs tövləyə girərək, heyvanları naməlum istiqamətə aparıb.

Binəqədi rayonunda naməlum şəxs 1978-ci il təvəllüdlü yerli sakin Sadiq Əfəndiyevə məxsus “Mitsubishi” markalı minik avtomobilinin şüşəsini sındıraraq, 2000 ABŞ dolları pulu, həmçinin 500 manat dəyərində qızıl üzüyü oğurlayıb.

Nərimanov rayonunda 1992-ci il təvəllüdlü Sevinc Salmanlı Şərifzadə küçəsində yerləşən avtomobil təmiri ustalarından şikayətlənib. Dediyinə görə, “Kia” markalı avtomobilini təmir üçün ora aparıb və onu götürəndə baqaj hissəsində gizlədilmiş 2000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını aşkar edib. Qadın iki ustadan şübhələndiyini bildirib. İşin materialları Yasamal Rayon Polis İdarəsinə göndərilib. Hələlik bu faktla bağlı həbs olunanlar yoxdur.

Mayın 22-nə keçən gecə Binəqədi rayonunda 1982-ci il təvəllüdlü Xocəsən qəsəbə sakini Rəhim Atayev iki ən sevdiyi tovuzquşunu itirib. Naməlum şəxs evinin zirzəmisinə girərək onun 1000 manat dəyərində quşlarını oğurlayıb.

Qeyd edək ki, oğurluqların əksəriyyəti ötən gün ərzində Nizami (səkkiz fakt) və Binəqədi rayonlarında (yeddi fakt) qeydə alınıb.

Ramella İbrahimxəlilova