Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi

Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi
16:02 23-05-2020 | icon 1332

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarını imzalayıb.

Qərarda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilsin.”

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi məsələsinə də baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələ ilə əlaqədar deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmişdir.

Təklif səsə qoyulmuş və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov yüksək etimada görə Azərbaycan Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək deyib: "Ötən dövrdə muxtar respublika böyük inkişaf yolu keçmiş, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılıb, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, ticarət əməliyyatlarının 86 faizi ixracın payına düşüb. Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı muxtar respublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərib, 2020-cil il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37 faiz, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılıb".

Səbuhi Məmmədov muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə söz verib.

Qeyd edək ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.