Tibb bacıları: "Lənkəran xəstəxanasının rəhbərliyi haqqımızı vermir" – VİDEO

Tibb bacıları: "Lənkəran xəstəxanasının rəhbərliyi haqqımızı vermir" – VİDEO
16:04 22-05-2020 | icon 981

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının bir qrup işçisi, xəstəxana rəhbərliyinin, Azərbaycan Respublikası Prezidentinin, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqların 3, 4, 5 mislində artırılması istiqamətində 2020-ci il 18 mart tarixli Sərəncamına əməl etmədiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən tibb işçiləri adlarının çəkilməsini istəmirlər və bunu belə izah edirlər:
“Xəstəxananın baş həkiminin müavini Taleh Məmmədov bizi işdən çıxarar. Biz, Lənkəran xəstəxanasında karantin rejimində 2 ay işlədik, mart ayında bizə 160 manat, aprel ayında isə 200 manat verdilər. Biz orada can verdik, xəstələrlə üzbəüz qaldıq, ata-anamızı atdıq, orada xəstələrlə işlədik, bizim haqqımızı vermədilər. Taleh Məmmədov bizə deyir ki, kimə istəyirsiniz deyin, TƏBİB edib. Xahiş edirik bizim adımızı gizli saxlayın. O çox insafsız adamdır. Lerik xəstəxanasının işçiləri öz pullarını tam aldılar. Dezinfeksiya işləri ilə məşğul olanlar da öz maaşlarını tam aldılar. Biz gecə-gündüz smendə qalırdıq. Amma bizim haqqımızı vermədilər. Üstəlik bizi hədələyir ki, sizi qovaram”.

Məsələ ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədovla əlaqə saxladıq. O Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, problem TƏBİB-dən qaynaqlanır: “Bu gün ödəyiblər hamısını. TƏBİB hesablamalar aparırdı, hissə-hissə bütün respublikanı hesablayırdılar. Mart ayını bu gün ötürdülər, yəqin ki, aprel ayını da sabahda, birisigündə ötürəcəklər. Çünki, hissə-hissə hesablayırdılar, rayon-rayon buraxırdılar. Biz onların iş günlərini yazıb TƏBİB-ə veririk, TƏBİB də xüsusi hesablama qaydası ilə hesablayır. Biz də bu gün səhər pulu ödəmişik. Bu müddətdə bizə müəyyən təlimatlar gəlirdi ki, bu qaydaları edin, onların tarif dərəcələrini verin, maaş cədvəllərini verin və s. bu şəkildə. Təkcə bizi yox, bütün respublikanı hesablayırlar. İlk dəfə belə bir şey olmuşdu, ona görə də mühasiblərimiz də çətinliklə qarşılaşırdı”.
Taleh Məmmədov bildirdi ki, o, tibb işçilərinə “kimə istəyirsiniz deyin” məzmunlu heç nə söyləməyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aynurə Əhmədova Yeniavaz.com-a açıqlama verərək tibb bacılarına az ödəniş edilməsinin səbəbini açıqladı: “Onlar bildirirdilər ki, müddətli əlavələri almayıblar. Biz də izah etdik ki, Nazirlər Kabinetinin qərarında sadəcə iş vaxtının 3, 4, 5 misli qədər ödənişlərin edilməsi nəzərdə tutulur. Onlar düşünüblər ki, əməkhaqlarının 3, 4, 5 misli olacaq. Nazirlər Kabinetinin qərarında isə qeyd olunub ki, iş vaxtına mütənasib, yəni ki, işçi koronavirusla mübarizə tədbirlərinə neçə gün cəlb olunubsa o qədər də alıb. Bəziləri 2 gün olub, bəziləri 3 gün olub. Bütün ayı cəlb olunma olmayıb. Mənim bildiyimə görə əsas etiraz budur ki, niyə yaxın rayonlar, məsələn Astaradakı işçilər çox müvaniət alıb. Çünki Astara koronavirusla mübarizə tədbirlərinə mart ayının 1-dən qoşulmuşdu”.
A. Əhmədova ödənişlərin geckməsi məsələsi ilə bağlı isə problemin xəstəxanadan qaynaqlandığını bildirib: “Ödənişlərin yubanmasının səbəbi isə onunla əlaqədardır ki, Aprel ayının siyahısı hələ bizə gəlməyib. Kimə ödəniş etməliyiksə, həmin tibb müəssisəsi bizə siyahı göndərməlidir. Orada bildirilməlidir ki, aprel-may ayı üzrə bu qədər işçi işləyibdir. Onların müddətli əlavəsi hesablanıb bizə verilməlidir. Siyahı səhər göndərilərsə, agentlik onu axşam ödəyir, günortadan sonra göndərilən siyahılar isə növbəti gün ödənilir. Yəqin bu müəssisədə biraz ləngimə olub”.
A. Əhmədova həmçinin, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədova, vəziyyəti işçilərə düzgün izah etmədiyinə və onlarla kobud davrandığına görə töhmət verildiyini deyib.