Hacıkənddəki binalar məhv olur - VİDEO

Hacıkənddəki binalar məhv olur - VİDEO
22:28 20-05-2020 | icon 1524

Gəncənin Hacıkənd qəsəbəsində tikilən evlər ölkəmizin tarixinin müəyyən səhifələrini özündə əks etdirir. İndi uçub-dağılan, xarabalığı xatırladan tikililərin iki əsrə yaxın yaşı var.

İlkin məlumatlara görə, Hacıkənd qəsəbəsində təxminən 50-dən artıq belə ev olub. Bu tikililərin vaxtı ilə yaşamış varlı hacılar tərəfindən inşa olunduğu, daha sonralar çar imperiyasının qubernatorlarının istirahət məkanına çevrildiyi, sovetlər dönəmində isə məktəblilər üçün istirahət düşərgələri olması bildirilir.

Hətta burada Hacı Zeynalabdin Tağıyevin belə yaşadığı ev olub. Lakin tikili tamamilə dağıdılıb, izi itirilib. İzi itirilən tək Hacı Zeynalabidin Tağıyevin evi olmayıb. Tariximizin müəyyən dönəminin daş yaddaşı olan bu cür tikililərin demək olar ki, əksəriyyəti məhv edilib. Sadəcə bir neçə evin daşları qalıb ki, onlar da uçmaq təhlükəsi ilə üz-üzədir.

Problemin ən ağrılı tərəfi isə uzun illərdir, bu binaların restovrasiyasını həyata keçirəcək qurumun tapılmamasıdır. Çünki tarixi binaların heç biri Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmayıb.

Ümid edirik ki, yerdə qalan tarixi binalar da məhv olmamış bərpa olunar. Hər halda, iki əsrin yadigarı olan tikililərin əvvəlki görkəminə qaytarılması Hacıkəndin füsunkar təbiəti ilə yanaşı, onun tarixi abidələrini görmək istəyən turistlərin də sayını artıra bilər.