Koronavirus dövründə ölkədə qanunsuz yaşayanların sayı artıb 

Koronavirus dövründə ölkədə qanunsuz yaşayanların sayı artıb 
12:42 20-05-2020 | icon 499

“Pandemiya dövründə ölkədə qanunsuz yaşayan əcnəbilərin sayında artım müşahidə olunub”. milletinsesi.info-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun obyektiv səbəbləri də ola bilər: “Müəyyən şəxslər var ki, onların ölkədə olma müddəti keçib və uzadılma ilə bağlı müraciət etmir. Belə artımı rəqəmlərdə görmək mümkündür. Pandemiya dövründə müəssisələr məhdud fəaliyyət göstərdiyi və yeni əcnəbilər gəlmədiyi üçün iş icazələrinin alınmasında azalma müşahidə edilir”.

Xidmət rəisi qeyd edib ki, pandemiya dövründə əmək fəaliyyəti məhdudlaşıb, hərəkətlilik aşağı düşüb: “Müəssisələr icazə sistemində qeydiyyatdan keçmiş şəxsləri işə cəlb edə bilirdi. Əgər əcnəbi qanunsuz şəkildə ölkədə qalırsa, onun sistemdən icazə alması da çətinləşir. Bunun üçün pandemiya dövründə əmək fəaliyyətinin məhdudlaşdırılması əcnəbilər arasında qanunsuz fəaliyyətlə məşğul olanların sayında aşkarlanma sayının azalmasına səbəb olub.

Bu dönəmdə məsuliyyətə cəlbetmə, inzibati tədbirlərin tətbiqini nisbətən məhdudlaşdırmışıq. Çünki belə halları aşkar etmək üçün əməkdaşlarımız da yoxlamalar həyata keçirməlidir, müşahidələr aparılmalıdır. Qanunsuz miqrantların saxlanma mərkəzində 42 nəfər var”.

Onun sözlərinə görə, mərkəzin nisbətən qapalı olması təmin edilib: “Həmin 42 nəfərin saxlanma şəraiti yüksək səviyyədədir”.

V.Hüseynov qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkəmizdə qaçqın statusu olan əcnəbilərin müraciətinə baxmaq və statusun verilməsi barədə qərar verməkdir: “Pandemiya dövründə ölkəmizdə olan bir qrup şəxslərə yardım edilib. Ölkədə olma müddətinin uzadılması üçün müraciət edən şəxslər üçün dövlət rüsumları qanunvericiliklə müəyyən edilib”.

O qeyd edib ki, müddətin uzadılması üçün olan rüsum bir ay üçün 30 manat, iki ay üçün 60 manat və yetkinlik yaşına çatmayanlar üçün 15 manat müyyən edilib.  V.Hüseynov vurğulayıb ki, mayın 31-dək ölkədə olma müddətinin uzadılması ilə bağlı qərardan sonra həmin şəxslərdən ödəniş tələb olunmur: "2020-ci ilin yanvarın 1-dən ölkəyə 551872 nəfər gəlib. Koronavirus pandemiyası ilə bağlı bu rəqəm ötən dövrlə müqayisədə, 44 faiz azalıb”.

Onun sözlərinə görə, bu ilin yanvar və fevral aylarında ölkəyə gələn əcnəbilərin sayında 15 faiz artım qeydə alınıb: “Virusla əlaqədar ölkəyə gələn əcnəbilərin sayı azalıb. Hazırda ölkədə 134 min 298 əcnəbi yaşayır”.

O qeyd edib ki, əcnəbilər daha çox Rusiya, Gürcüstan, İran və digər ölkələrin vətəndaşlarıdır: “Pandemiyanın ən çox təsir etdiyi sahələrindən biri də miqrasiyadır. Çünki olduqları məkanı dəyişmək istəyən şəxslər heç yerə çıxa bilmirlər”.

Pandemiya dövründə readmissiya məsələsi dayandırılıb: “Sərhədlər bağlanan gündən bu məqsədlə heç kim geri qaytarılmayıb”. 

O qeyd edib ki, ölkəmizdə qaçqın statusunun əldə edilməsi müəyyən müddətdə dayandırılıb: “Artıq bu istiqamətdə müraciətləri qəbul edirik”.