ABŞ-ın Azərbaycana istiqlal və dostluq duyğuları

ABŞ-ın Azərbaycana istiqlal və dostluq duyğuları
15:21 15-05-2020 | icon 3369

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

ABŞ Prezident Donald Trampın 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə ünvanladığı məktub iki ölkə arasında etibarlı tərəfdaşlığını və yaxın dostluğun bariz nümunəsi kimi siyasi münasibətlərin strateji səviyyəsini bir daha əks etdirdi.

Cənab Trampın bəyan etdiyi kimi müstəqillikdən sonrakı 30 illik əməkdaşlıq hər iki ölkənin dərin münasibətlərindən xəbər verir.
Azərbaycan - ABŞ tərəfdaşlıq münasibətlərinin qurulması son 25 ilə təsadüf etsə də, XIX əsrdə və ötən əsrin əvvəllərində yaranmış ikitərəfli əlaqələri də qeyd etmək lazımdır. 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə respublikamız ABŞ ilə müəyyən əlaqələr qurmağa çalışmış, 1919- cu ildə Paris sülh konfransında Cümhuriyyətin nümayəndə heyəti ilə ABŞ siaysi rəhbərliyi arasında görüş olmuşdur.

abs azer

Bakıda ABŞ konsulluğunun yaradılması və bir çox müqavilələrin bağlanması da əlaqələrin uzaq keçmişindən xəbər verir.
Zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamış Azərbaycan Xalq Cümhuriyyətini hər zaman qürurla yad edən, çıxışlarında Azərbaycan xalqının hərb tarixinə qızıl hərflərlə yazılmış şərəfli tariximizlə fəxr duyan Ulu öndər Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək Cümhuriyyətimizin siyasi məramını gerçəkləşdirdi, ABŞ-la dayanıqlı və möhkəm münasibətlərin əsasını qoydu.
Ümummilli lider Heydər Əliyev rəsmi Vaşinqtonun 1993-cü ilə Azərbaycanın milli maraqlarına cavab verməyən regional siyasətinin qarşısını aldı və gərgin əmək sayəsində Azərbaycan-ABŞ əlaqələrinin praqmatik və ikitərəfli maraqlar nəzərə alınmaqla formalaşmasına səbəb oldu. Hər iki ölkə arasında 1994-cü ildən müsbət və etibarlı inamlı siyasi əlaqələr quruldu.
Amerika Azərbaycanın yaxın enerji müttəfiqi, nəqliyyat və kommunikasiya proqramlarının həyata keçirilməsində yaxın strateji tətəfdaşıdır. Ölkəmizin yürütdüyü qətiyyətli xarici siyasət diplomatiyası və regionun lider dövləti kimi Qərblə açıq iqtisadi əlaqələrin intensivləşdirməsi Vaşinqtonla əlaqələrə də dərin impuls vermiş, Amerikanın 1994-cü ildən başlayaraq Xəzər bölgəsi və Cənubi Qafqazda Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə iştirakı intensiv xarakter daşımışdır. Son illərdə “Cənub Qaz kəməri” və digər layihələrin gerçəkləşməsi Amerikanın ölkəmizlə əməkdaşlığını daha da möhkəmləmdirmişdir.
Prezident İlham Əliyevin ABŞ-a səfərləri, apardığı səmərəli və olduqca faydalı danışıqları, həmin səfərlər çərçivəsində əhəmiyyət kəsb edən sənədlərin imzalanması hər iki ölkə arasında siyasət, təhlükəsizlik, iqtisadiyyat və ticarət sahələrində tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə yeni imkanlar yaradıb. Azərbaycan Prezidentinin dəfələrlər ABŞ-da beynəlxalq sammitlərə və konfranslara dəvət olunması, qətiyyətli çıxışları beynəlxalq sülhə verdiyi töhfə verən ölkə kimi Azərbaycanın fəal iştirakını nümayiş etdirmişdir.
Geosiyasi amillər- regional və beynəlxalq təhlükəsizlik məsələləri, hərbi əməkdaşlıq siyasi və iqtisadi münasibətlərin dinamikasına mühüm təsir etmişdir. Xüsusilə də, Azərbaycanın terrorizmə qarşı mübarizədə Vaşinqtonla bir koalisiyada iştirakı, İraqda və Əfqanıstanda antiterror əməliyyatlarında koalisiya qüvvələrinə yardım etməsi və terrorla mübarizədə qətiyyətli siyasəti rəsmi Vaşinqton tərəfindən alqışlanmış və Azərbaycanla daha yaxın təmasların yaranmasına zəmin yaratmışdır.
Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə parlamentlərarası münasibətlərin də mühüm təsiri olmuşdur. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəflər arasında əlaqələrin inkişafına əlavə stimul vermişdir. Mehriban Əliyevanın ABŞ-a səfərləri və Amerikanın nüfuzlu ictimai-siyasi xadimləri ilə keçirilən səmərəli və faydalı görüşləri əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
ABŞ hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın haqlı mövqeyini müdafiə edib. Donald Trampın ötən günkü məktubunda vurğulandığı kimi Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. “Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik” bəyanatı bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklədiyinin təsdiqidir.
Azərbaycanın Amerika ilə münasibətləri milli maraqlarına cavab verən möhkəm təməllərə söykənərək daha da möhkəmlənməkdədir. D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda vurğulanan fikirlərdən də göründüyü iki ölkələr arasında güclü iqtisadi-siyasi və açıq dialoq artır və əməkdaşlığa böyük töhvə verilir. Respublikamız ABŞ üçün etibarlı tərəfdaşdır. Bu, bir daha Amerikanın Azərbaycanı özünə yaxın tərəfdaş, müstəqil və güclü iqtisadiyyatı olan dövlət kimi qəbul etdiyinin yaxşı bariz nümunəsidir. Məktubda ifadə edilən çox dəyərli sözlər Amerika-Azərbaycan əlaqələrinin əsil mahiyyətini əks etdirir.