Deputat Höccət Əsədullayev: “Məni təəccübləndirdi”

Deputat Höccət Əsədullayev: “Məni təəccübləndirdi”
12:14 13-05-2020 | icon 3012

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev hər ay mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramova qeyri-qanuni yollarla əldə edilmiş pul vəsaiti çatdırıb.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın əks etdirildiyi videogörüntülərdə H.Əsədullayev deyib.

H.Əsədullayev bildirir ki, R.Bayramov onu kabinetinə çağırıb və Şəmkirdəki musiqi məktəblərindən müəllimlərə təyin edilən əlavə dərs saatlarına görə pul yığılması tapşırığını verib.

“Mən hər ay Rafiq Bayramova 9 min manat verirdim. Maaşlar artandan sonra məbləğ dəyişdi, Rafiq Bayramova hər ay 11 min manat pul gətirirdim”, - deyə H.Əsədullayev əlavə edib.

99 saylı Şəmkir Kənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilmiş Nurlan Həsənov mövzuya münasibət bildirib.

N.Həsənov milletinsesi.info-a açıqlamasında deyib ki, Şəmkirdə seçki təşviqatı zamanı mədəniyyət evlərinin fəaliyyətinin nəzərə çarpmadığının şahidi olub.

“Bu isə o deməkdir ki, Şəmkirdəki mədəniyyət evləri aktiv deyil”, - deyə N.Həsənov əlavə edib.

Deputat bildirib ki, Mədəniyyət Nazirliyində, o cümlədən Şəmkir Regional Mədəniyyət İdarəsində qanunsuz əməllərə yol verilməsi onu təəccübləndirib.

“Amma gördüyünüz kimi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə daha da gücləndirilib. Mərkəzi icra hakimiyyəti orqanlarında da korrupsiyaya qarşı əməliyyatların keçirilməsi digər qurumlar üçün də siqnal olmalıdır ki, cənab Prezident öz sözlərində nə qədər qətidir”.

N.Həsənov qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradə var:

“Buna görə də, hər kəs öz işini layiqincə yerinə yetirməli, korrupsiyaya bulaşmamalıdır”.

Qeyd edək ki, DTX mayın 8-də məhkəmənin qərarı əsasında Mədəniyyət nazirinin müavini R.Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçirib.

Baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə təqsirləndirilir. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 9-da imzaladığı sərəncamlarla Rafiq Bayramov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.