Mehriban Zeynalova: “Karantin dövründə sığınacağa səkkiz məişət zorakılığı qurbanı müraciət edib”

Mehriban Zeynalova: “Karantin dövründə sığınacağa səkkiz məişət zorakılığı qurbanı müraciət edib”
13:56 05-05-2020 | icon 4624

Azərbaycanda xüsusi karantin rejimi dövründə ehtiyacı olanlar “Təmiz Dünya” ictimai birliyinin sığınacağına müraciət etməyə davam edirlər.

Bu barədə Media.Az-a ictimai birliyin rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, bu günlərdə ona əsasən yaşamağa yeri və uşaqlarını yedirməyə heç nəyi olmayan qadınlar müraciət edir.

“Xüsusi karantin rejimi dövründə qadınlara qarşı bir çox zorakılıq hallarının qeydə alındığını deyə bilmərəm. Özünütəcrid günlərində bizə məişət zorakılığının səkkiz qurbanı müraciət edib. Ancaq ola bilər ki, məhdudlaşdırıcı tədbirlərin başa çatması ilə həqiqi mənzərəni görəcəyik. Karantin tədbirləri bu cür faktların ört-basdır edilməsinə şərait yaradır. Bir çox ölkələrdə ailə üzvlərinin karantində birgə qalmasının məişət zorakılığının artmasına şərait yaratdığını görürük. Bizdə də eyni vəziyyətin olması istisna deyil”, - deyə M.Zeynalova qeyd edib.

O, həmçinin karantin dövründə 15 uşaqlı qadının sosial problemlərlə əlaqədar ona müraciət etdiyini söyləyib. Bu adamların əksəriyyəti kirayə haqqını ödəmək iqtidarında olmayıblar, ancaq ev sahibləri güzəştə getməyərək, onları yaşayış yerlərini tərk etməyə məcbur ediblər. Hüquq müdafiəçisinin sözlərinə görə, həmin qadınların hamısı sözün həqiqi mənasında küçədə - yeməksiz və evsiz qalıblar.

“Hamısına kömək etdik. Kimisə sığınacaqda yerləşdirdik, kimisə digər strukturlara yönəltdik, kimisə qohumları götürdü”, - deyə həmsöhbətimiz bildirib.

Məişət zorakılığının qurbanı olmuş səkkiz qadının taleyi barədə soruşduqda isə Mehriban Zeynalova onların hamısının ərləri tərəfindən döyüldüyü cavabını verib. Onun sözlərinə görə, qadınların bəziləri uşaqlarının gözü qarşısında döyülüb, bəziləri isə bıçaqla hədələnib. Bir qadın isə narkoman ərindən qaçıb.

“Bu gün bizə iki qadın müraciət edib. Onlardan biri üç övladı ilə birlikdə qəddar ərindən qaçıb. İki ildir heç cür ərindən boşana bilmədiyini deyir. Polis və yerli icra hakimiyyəti nümayəndələri cütlüyü barışdırmağa çalışsalar da, nəticəsi olmayıb. İkinci qadın üç uşağı ilə atasından qaçıb. Təfərrüatı hələ bilmirik, qadına təzyiq göstərməməyə çalışırıq. O, hələ özünə gəlməlidir”, - deyə M.Zeynalova bildirib.

Zərərçəkmiş və ehtiyacı olanların hərəkətdə mövcud məhdudiyyətləri nəzərə alaraq sığınacağa necə gəldiyi sualına cavab olaraq, həmsöhbətimiz hüquq-mühafizə orqanlarının nümayəndələrinin bu işdə qadınlara kömək etdiyini söyləyib. Onun sözlərinə əsasən, qadınların bəziləri SMS-icazə sistemindən istifadə etməklə gələ bilib.

Mehriban Zeynalova bildirib ki, hazırda “Təmiz Dünya” ictimai birliyinin sığınacağında həm rayonlardan, həm də Bakıdan gəlmiş 45 nəfər var. Onlardan 13-ü qadın, qalanları uşaqlardır. O, karantin müddətində beş ailənin barışdırıldığını qeyd edib: “Barışıq prosesi polis nümayəndələrinin iştirakı ilə baş tutub: müzakirələr aparılıb, uşaqlı qadınların ailəyə qayıtmasının nə qədər təhlükəsiz olması qiymətləndirilib”.

Karantindəki gündəlik həyat barədə danışan M.Zeynalova sığınacaqdakı qadınların qoruyucu tibbi maskaların çatışmazlığı ilə mübarizədə fəal iştirak etmək qərarına gəldiklərini qeyd edib. Onları özləri maska tikməyə başlayıblar.

“Bizdə tikiş kurslarını bitirmiş qızlar qalırdı. Odur ki, martın 27-dən etibarən yaşlılara və ehtiyacı olanlara 1500-ə yaxın maska vermişik. Lakin hazırda biz bununla məşğul olmuruq, çünki apteklərdə artıq maska çatışmazlığı müşahidə olunmur”, - deyə Mehriban Zeynalova fikrini tamamlayıb.