Rafiq Əliyev: “Oruc tutan adamın özünü reklam etməsi dinə və əxlaqa ziddir”

Rafiq Əliyev: “Oruc tutan adamın özünü reklam etməsi dinə və əxlaqa ziddir”
14:28 21-04-2020 | icon 4649

“İrşad” İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Ramazan ayı ilə bağlı oxu.az-ın suallarını cavablandırıb.

- Rafiq müəllim, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, aprelin 25-də Azərbaycanda Ramazan ayı başlayır. Koronavirusun yayıldığı dövrdə oruc tutmaq vacibdir?

- Koronavirus, qrip və digər xəstəliklərə yoluxanlar varsa, onlar oruc tutmalı deyillər. Ancaq insan sağlamdırsa, qızdırması yoxdursa, normal şəkildə orucu tuta bilər. Oruc tutmaq İslamın əsas qaydalarından biridir. Ona görə, koronavirusdan asılı olmayaraq, hər bir sağlam müsəlman oruc tutmalıdır.

- Siz oruc tutursunuz?

- Bəli. Mən hələ 1968-ci ildə Yəməndə olanda ilk dəfə oruc tutmuşam. Sovet İttifaqından Yəmənə gedən ilk müsəlman tərcüməçi idim. Orada hamının gözləntisi də bu idi ki, mən mütləq oruc tutmalıyam.

- Ramazan həm həmrəylik nümunəsidir, həm də fikir ayrılıqlarının çoxaldığı aydır. Ayın görünməsi ilə bağlı elmi və dini mövqelər mövcuddur ki, bu da mübahisələr yaradır. Sizcə, elmi yanaşma əsas götürülməlidir, yoxsa dini?

- Ayın görünməsi ilə bağlı dini yanaşma insanın gözlərinə - müşahidəsinə əsaslanır. Elmi mövqe isə teleskopla müəyyənləşir. Ayın nə zaman görünüb-görünməməsini teleskopla dəqiq müəyyən etmək olur. Fikrimcə, Ayın görünməsi ilə bağlı elmi yanaşma əsas götürülməlidir. Çünki teleskop insan gözündən daha yaxşı, daha aydın görür. İnsanın Ayı görüb-görməməsi o qədər də vacib deyil. Proqnoz edilirdi ki, Ramazan ayı aprelin 24-də başlayacaq, amma Qafqaz Müsəlmanları İdarəsi orucluğun aprelin 25-də başlayacağına dair fətva verdi. Bir gün fərq yaratdılar. Bu, orucluq ayının bitməsində də mübahisələr yaradacaq – biri deyəcək Ay çıxmayıb, o biri deyəcək çıxıb.

- Elədirsə, niyə dini idarələr elmi yanaşmanı yox, müşahidəni əsas götürürlər? Sizə elə gəlmirmi ki, bu, həm də teleskopun olmadığı keçmiş dövrlərə istinaddır?

- Gəlin daha aydın danışaq. Onlar keçmişdən yapışmırlar, bu, sadəcə ortada olan məzhəb fərqlərinin təzahürləridir. Bu, şiə və sünni məzhəbləri arasında yaranan anlaşılmazlıqdan qaynaqlanır. Amma heç birinin elmi yanaşması yoxdur. Şiələrlə sünnilər arasında fərqləri gözə çarpdırmağın isə nə elmi, nə də dini əsası var.

- Ramazanda bəzi oruc tutan adamların əlinə fürsət düşür, özlərinin eqosunu təbliğ edir, kobud desək, özlərini reklam etməklə məşğul olurlar. Belə hallar dinin mövqeyində günah sayılır?

- Oruc tutan adamın özünü reklam etməsi dinə və əxlaqa ziddir. Oruc tutursansa, namaz qılırsansa, bu, sənin fərdi işindir, onu heç kəs bilməli deyil. İkincisi də, kim bilirsə, qoy bilsin, amma bunu reklam etməyin heç bir əsası yoxdur. Mənə elə gəlir ki, oruc tutmağı reklam etmək günahdır.

Aqşin Kərimov