Ağciyər xərçəngini müəyyən etməyin yeni üsulu tapıldı

Ağciyər xərçəngini müəyyən etməyin yeni üsulu tapıldı
07:42 05-04-2020 | icon 534

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları ağciyər xərçənginin dəqiq diaqnozunu qoymağa kömək edən nanohisssəciklər hazırlayıblar.

Bu barədə “Science Translational Medicine” jurnalında yerləşdirilmiş məlumatda deyilir.

Yeni test nanohissəciklərin insan bədənində şiş olan yerlərdə yığılmağına əsaslanır. Belə hissəciklər orqanizmə yeridildikdən sonra həkimlər sidiyi təhlil edirlər və əgər markerlər aşkar edilirsə, bu, xərçəngin olduğunu təsdiqləyir.

Yeni metod hələ siçanlar üzərində sınaqdan keçirilib. Nanohissəcikləri tətbiq etməklə alimlər heyvan xərçəngə yoluxduqdan 7,5 həftə sonra xəstəliyi müəyyən edə biliblər. Bu mərhələdə, siçanların ağciyərlərində şişin ölçüsü 2,8 kub millimetrdən az idi və orqanizmə hələ yayılmamışdı.

Tədqiqata əsasən, bu metod onkoloji xəstəliyin müxtəlif mərhələlərini seçməyə imkan verir. 

Bildirilir ki, markerlər siqaret çəkənlərdə müşahidə olunan və tomoqrafiyada çox vaxt xərçənglə səhv salınan ağciyər iltihabını da müəyyənləşdirir.