Dedilər, dedilər, amma onlar eştimədilər

Dedilər, dedilər, amma onlar eştimədilər
21:35 26-03-2020 | icon 491

Kubra Məhərrəmova yazır... 

Dedilər, evdə qalın. Otura bilmədilər. Qohum-qonşugilə qonaq gedib, gecəyə kimi loto vurub baş qatdılar. 

Avtobuslara dispenser qoydular. İçinə də dezinfeksiya edən məhlul tökdülər. Sərnişinlər sındırdılar, dağıtdılar. Yəqin söküb evə aparmaq istədilər.  

Dedilər, restoran və kafelər saat 9-dan günorta 15.00 kimi işləyəcək. Toy-nişan tədbirləri qadağandır. Səhər tezdən toy elədilər. Günortaya kimi pul yığıb getdilər evlərinə.  

Yaşı 65-dən çox olanların küçəyə çıxmasına qadağa qoydular. Yaşlılar dinləmədi, həyətə-parka çıxıb nərd vurdular. Soruşanda da çımxırıb rədd elədilər.  

Dedilər, rayondan şəhərə gəlməyin. Minlərlər maşın gəldi, postlardan geri qaytarıldı.  

Dedilər, bazar-dükanı bağlayın. Qapı-qapı düşüb alverə başladılar.  

Dedilər, aranızda məsafə saxlayın. Qol-boyun olub şəkil çəkdirib “İnstagram”a, “Facebook”a qoydular. 

Dedilər, dükanlardan ərzaq daşımağa ehtiyac yoxdur, anbarlarda ehtiyat çoxdur. Alıb apardılar, indi də zibilə atırlar.  

Dedilər, yalandan panika yaratmayın. Doğru olmayan məlumat və xəbərləri yaymayın. Niquşlar, Səbişlər bir-birinə qoşulub insanlarda təlaş yaratdılar. Yalandan “Şəmkirdə vəziyyət ağırdır” deyib car çəkən 1979-cu il təvəllüdlü Elmira Məmməd qızı polis tərəfindən saxlanıldı. Məhkəmə tərəfindən onun barəsində inzibati həbs qətimkan tədbiri seçildi.  

Dedilər, ehtiyatlı olun, məsuliyyətli davranın. Qulaq ardına vurub “virus boş şeydi” deyib keçdilər o yana. 

Həkimlər dedi ki, biz sizə görə evə getmirik, siz bizə görə evdə qalın. Eyvandan həkimləri alqışlayıb səhər görüşə getdilər.  

İndi isə təsəvvür edin ki, bütün bunlar artıq xatirədir. Siz ağır vəziyyətdə xəstəxanada uzanmısız. Bəlkə də artıq sağalmağınız üçün heç bir şans yoxdur. Yaxınlarınız, əzizləriniz barədə heç nə bilmirsiz.  

Qorxuludur? O zaman evdə qalın. Ehtiyac yaranmadığı halda çölə çıxmayın. Özünüzü və yaxınlarınızı qoruyun!