Köln Klinikasının mütəxəssisi: “Azərbaycan koronavirusla mübarizəyə tez başladı”

Köln Klinikasının mütəxəssisi: “Azərbaycan koronavirusla mübarizəyə tez başladı”
00:14 23-03-2020 | icon 2409

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev dünyanı cənginə alan koronavirusla bağlı fikirlərini açıqlayıb.

N.Abdullayev “Report”a açıqlamasında Azərbaycanda koronavirusa qarşı mübarizəni təqdirəlayiq adlandırıb.

- Son günlər Azərbaycanda COVID-19-la bağlı atılan addımları Avropa ölkələri ilə müqayisə etsək nələri müşahidə edirik?

- Ölkədə atılan alqışalayiq profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən onların birbaşa insanların sağlamlığına hesablandığını görürük ki, bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta iqtisadiyyata dəyə biləcək zərəri nəzərə almadan, birbaşa insanların sağlamlığını düşünən ölkə başçısının atdığı bu addımlar bir çox Avropa ölkələrindən daha tez atıldı. Avropa ölkələrinin bəzilərinin problemi ümumi iqtisadiyyata mümkün qədər az ziyan vurulmasını düşünüb bir az riskə getməsidir ki, o da pandemiyanın daha da yayılmasına səbəb ola bilir.

- Azərbaycanda bu pandemiyanın yayılma tezliyi barədə nə deyə bilərsiniz? Bu günə qədər olan say o qədər çox deyil. 

- Ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, beş xəstədən dördündə virusun əlamətləri gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri bilmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanlara virusu yoluxdururlar.

Beş xəstədən birində isə xəstəliyə uyğun əlamətlər olur, xəstəlik rəsmi qeydiyyata alınıb izolyasiya və müalicə edilir. Bundan əlavə, virusun yayılmasının ən böyük səbəbkarı və təhlükəsi elə həmin dörd virus daşıyıcısı olan xəstələrdir. Belə ki, hər bir daşıyıcı orta hesabla üç xəstəni yoluxdurarsa, pandemiya təxminən 60-90 gün ərzində özünün maksimum səviyyəsinə qalxmış olar.

Ölkələrin də apardığı siyasət bu yoluxma sayını üçdən aşağı, daha doğrusu maksimum birin aşağısına salmaqdır ki, virusun yayılmasının qarşısı maksimum alınsın. Ölüm faizinə gəldikdə isə artıq İtaliyadan gələn son elmi hesabatlara əsasən tam əminliklə demək olar ki, Azərbaycanda ölüm faizinin aşağı olmasını söyləməyə kifayət qədər elmi əsas var.

Vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq elmi sübut olunub ki, müxtəlif materiallarda virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir və bunun üçün bütün gigiyenik amillərə maksimum əməl etmək mütləqdir. Bunlardan da ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır, çünki adi bir təmas virusa yoluxma deməkdir. Belə ki, bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da bir dəfəsi viruslu əllərdə virusa yoluxma deməkdir.