Yasamal qəbiristanlığında “zibil dağı” yaradılıb - Bələdiyyə sədrindən Prezidentə şikayət + FOTOLAR

Yasamal qəbiristanlığında “zibil dağı” yaradılıb - Bələdiyyə sədrindən Prezidentə şikayət + FOTOLAR
03:42 20-03-2020 | icon 264

Doğmaları Bakı şəhəri Yasamal rayonunda yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda dəfn edilmiş bir qrup vətəndaş ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər. 

"MillətinSəsi.info"-nun məlumatına görə, müraciətdə sakinlər Yasamal rayon Bələdiyyəsinin razılığı ilə qəbirisatınlığa yüzlərlə maşın tikinti və məişət tullantısının daşınaraq tökülməsindən, ərazinin zibilxanaya çevrilməsindən şikayətlənirlər. Müraciətdə bildirilir: 

"Hörmətli cənab Prezident! 

Bu bayram günlərində dəyərli vaxtınızı alaraq Sizə zəhmət verməyimizə zərurət yaradan təkcə bizim yox, yüzlərlə insanın üzləşdiyi çox ciddi problemdir. Qapınıza pənah gətirən hər bir vətəndaşın rəhmətə gedən yaxınları, doğmaları Yasamal rayonunun 1 saylı Dağüstü qəbiristanlığında uyuyur. 

Son vaxtlar Yasamal Bələdiyyəsinin razılığı əsasında bu rayonunun tikinti, məişət tullantıları yük avtomaşınları ilə daşınıb adıçəkilən qəbiristanlığa tökülür. Qəbiristanlıqda artıq “zibil dağı” yaradılıb.

Aramsız müraciətlərimiz əsasında “Xəzər” televiziyası qəbiristanlığa baxış keçirərək, bu ilin mart ayının 2-də sujet hazırlayaraq televiziya tamaşaçılarına təqdim edib. Nüfuzlu saytlar da insanlığa sığmayan cinayəti görüntülərlə ictimailəşdirib. 

Lakin Yasamal rayon Bələdiyyəsinin, eləcə də rayon İcra Hakimiyyətinin rəsmiləri heç bir əməli tədbir görməyiblər. 

Onu da qeyd etmək yerinə düşər ki, dünyanın heç bir yerində - istər İslam, istərsə də xristian ölkələrində qəbiristanlıqlarda sadə bir siqaret kötüyü də müşahidə etmək mümkün deyil.

Azərbaycanın paytaxtında isə qəbiristanlığa maşın-maşın zibil tökülür. Özü də bələdiyyənin tapşırığı ilə qəbiristanlığın darvazasında qapını açıb-bağlayan şəxs zibil gətirən hər bir maşından 5 manat pul yığır.

Ötən ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərində vənədaşların dəstəyini qazana bilməyən Yasamal rayon Bələdiyyəsinin sədri dolayısı yolla xalqdan intiqam alır. O, bilərəkdən ölkədə sosial gərginlik yaratmağa, narazılıqların sayını artırmağa çalışıraq, cənab Prezident, Sizin siyasi kursunuza zidd fəaliyyət göstərir.

Hörmətli cənab Prezident, məsələ çox ciddidir.

Mübaliğəsiz demək mümkündür ki, insanların rahat, əmin-arxayın və problemsiz yaşaması Sizin siyasi kursunuzun tərkib hissəsidir. Məhz buna görə də müraciətimizi xüsusi nəzarətə götürməyinizi və konkret tapşırıq verməyinizi səmimi qəlbdən xahiş edirik. Biz buna inanırıq və səbirsizliklə gözləyirik. 

Güman edirik ki, qısa zaman kəsiyində müqəddəs məkan saydığımız qəbiristanlıq tullantılarından təmizlənəcək, bələdiyyə sədri isə əməllərinə görə layiq olduğu cəzanı alacaq.

Son söz Sizindir, cənab Prezident!

Qoy Ulu Yaradanımız həmişə yanınızda olsun, kölgənizi xalqımızın başı üstündən əskik etməsin, Amin!