Almaniyada yaşayan Azərbaycan vətəndaşı hər iki ölkədə koronavirusla mübarizə səviyyəsini müqayisə etdi

Almaniyada yaşayan Azərbaycan vətəndaşı hər iki ölkədə koronavirusla mübarizə səviyyəsini müqayisə etdi
16:35 20-03-2020 | icon 302

Çində koronavirus epidemiyası getdikcə zəifləyir, digər ölkələrdə isə xəstəlik yayılmaqda davam edir. Xüsusilə, Almaniya COVID-19-a yoluxma sayına görə, Avropanın ilk beş ölkəsindən biridir. Almaniya ərazisində 12327 nəfər virusa yoluxub.

 Almaniyanın Raştatt şəhərində yaşayan Azərbaycan vətəndaşı Kseniya İbadulina Media.Az-a bununla bağlı müsahibə verib.

Onun sözlərinə görə, Almaniyada fərqli ictimai rəy formalaşıb.

“Bəziləri problemin ciddiliyini hələ tam anlamayıblar. Uşaqlar tətildə olduqlarını düşünürlər. Çoxları kiçik qruplarla toplanaraq, gəzməyə davam edirlər. Doğrudur, polis əməkdaşları fərdi alış-veriş obyektlərindən fəaliyyətin müvəqqəti dayandırılmasını tələb ediblər. Yalnız market və apteklər məhdudlaşdırılmış rejimdə işləyirlər. Təşvişin olmamasına baxmayaraq, marketlərdə lazımi miqdarda ərzaq yoxdur. Eyni hal onlayn ərzaq tədarükünə də aiddir. Bundan əlavə, müəyyən növ məhsulların, xüsusən də un, sabun, dezinfeksiyaedici maddələr, tualet kağızı (bir nəfərə üç paketdən çox olmamaqla) alınmasına məhdudiyyətlər var”, - deyə K.İbadulina bildirib.

Onun sözlərinə görə, aprelin 18-dək bütün təhsil müəssisələri bağlanıb, muzeylər, teatr, kinoteatrlar müvəqqəti olaraq fəaliyyətini dayandırıb, Baden-Baden şəhərindəki məşhur kazino bağlanıb. Bir çox firma uzaqdan iş rejiminə keçib.

“Mən də evdən işləyirəm, amma hamının belə imkanı yoxdur. Bəzi şirkətlər müvəqqəti olaraq, fəaliyyətlərini dayandırıb və işçiləri məcburi məzuniyyətə buraxıblar. 

“Eyni zamanda, insanlar işləməsələr də maaş alacaqlar. Bu qərar işə götürənlə razılaşma əsasında verilir - işçiyə ya tətil, ya da xəstəlik məzuniyyəti verilir. Əgər insanlar hələ də uzaqdan iş rejiminə keçə bilmirlərsə, şirkət onların uşaqlarını pulsuz baxıcı ilə təmin edir”, - deyə İbadulina vurğulayıb.

O, Almaniyada kafe və restoranların tədricən bağlandığını qeyd edib: “Buna baxmayaraq, insanlar bu problemə boş baxırlar. Maskalar, əlcəklər olmadan gəzirlər, lakin dezinfeksiyaedici maddələrdən istifadə edirlər. Küçələrdə və ya yaşayış binalarında dezinfeksiya aparılmır. Bakıda olanda Azərbaycan mediasından izlədiyim qədər deyə bilərəm ki, onlar buna çox ciddi yanaşırlar. Bu, çox sevindirici haldır”.

Onun fikrincə, insanlar bu problemə daha məsuliyyətli yanaşmalıdırlar: “Sağlam olduğunuz və xəstəliyə asanlıqla dözə biləcəyinizi hesab etsəniz belə, başqaları haqqında düşünməlisiniz. Mən daim bu barədə düşünürəm, müəyyən tədbirlərə əməl etməyə çalışıram. Xəbərlər hər gün dəyişir və qeyri-müəyyənlik hissi insanı daxilən məhv edir. Son zamanlar yalnız bir müsbət xəbər oxumuşam. Alman əczaçılıq şirkəti peyvənd hazırlayıb və onun klinik sınaqlarına başlayıb”.

“Bu, yalnız bioloji deyil, həm də texnoloji bir virusdur. Hər kəsin internetə çıxışı var, bir çoxları hətta koronavirus haqqında böyük məlumat axınının öhdəsindən gələ bilmirlər. Xüsusilə də xəbərlər fərqli dillərdə olanda və vəziyyətin hər yerdə eyni olmadığını başa düşəndə. Yalnız gözləyə bilərik, zaman müxtəlif ölkələrin hökumətləri tərəfindən görülən tədbirlərin nə ilə nəticələnəcəyini göstərəcək”, - deyə İbadulina bildirib.

Onun dediyinə görə, saxta xəbərlər çaxnaşmanı daha da artırır:

“Mən Baden-Vürtemberq əyalətində yerləşən Raştatt şəhərində yaşayıram. Statistikaya görə, bu ərazi Almaniyada virusa yoluxanların sayına görə üçüncü yerdədir. Tibbə və insanların məsuliyyətinə ümid edirik... İndi xəstəxanalara digər xəstəlikləri olan insanları qəbul etmirlər, yalnız telefonla məsləhətləşirlər. Eyni zamanda, mobil klinikalar yaradılıb ki, orada da koronavirus testi etmək mümkündür. Xaricə səfər etməyib, xəstələr ilə təmasda olmamısınızsa, ancaq buna baxmayaraq, yenə də yoxlanılmaq istəyirsinizsə, müayinə üçün təxminən 170 avro ödəməlisiniz. Ancaq bir şəxs xəstə və ya karantində olanlarla təmasda olarsa, bu prosedur pulsuzdur”, - deyə İbadulina qeyd edib.

Qeyd edək ki, K.İbadulinanın nənəsi Bakıda yaşayır.

“Azərbaycandakı bir çox dostumla əlaqə saxlayıram. Bilirəm ki, insanlar orada çaxnaşma yaratmırlar, sosial təcrid rejimində qəbul edilmiş qaydalara əməl edirlər. Bu, doğru yanaşmadır”, - deyə o, fikrini yekunlaşdırıb.