AMEA: “Azərbaycanda pandemik şərait müşahidə olunmur”

AMEA: “Azərbaycanda pandemik şərait müşahidə olunmur”
11:35 19-03-2020 | icon 1142

“Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə isə həyatını itirir”. Milletinsesi.info xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova deyib.

İ.Hüseynovanın sözlərinə görə, dünyanın artıq 162 ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir.

“Təqribi hesablamalara görə, son 2,5 ay ərzində dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalıb və bu itki günbəgün böyüyür. İnsanın inanmağı da gəlmir ki, bütün bunların səbəbkarı mikroskopik varlıqlardır. Həmin varlıqlar, onların növləri və təkamülü, törətdikləri kütləvi epidemiya və pandemiyalar bu gün çox ciddi problemlərə səbəb olur”.

İ.Hüseynova koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şəraitin müşahidə olunmadığını da qeyd edib:

“Dünya iqtisadiyyatının əksər sahələri, xüsusilə turizm sektoru, beynəlxalq ticarət, yanacaq sənayesi, digər sahələr iflic vəziyyətinə düşməkdə, fond birjaları çökməkdədir. Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmur.

Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür.

Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir. Yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi dörd mərhələyə bölmək mümkündür. Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynovann sözlərinə görə, xəstəlik ilkin dövrdə adi soyuqdəyməni xatırladır:

“COVID-19 aşağı tənəffüs yollarını yoluxduraraq pnevmoniyaya səbəb olur. Məlumatlara görə, yeni koronavirusun əmələ gətirdiyi xəstəliyi dörd mərhələyə bölmək mümkündür. Birinci mərhələ yeddi gündən 10 günə qədər davam edir və “virusemiya” adlanır. İlkin dövrdə bu daha çox adi soyuqdəyməni xatırladır.

Situasiya doqquzuncu gündən başlayaraq 14-cü günə qədər davam edən müddətdə kəskin dəyişir. Çünki bu vaxt epitel hüceyrələrinin zədələnməsi prosesi başlayır.

Tənəffüs yollarında mikroorqanizmlərin və bakteriyaların kolonizasiyası baş verir, bu isə xəstəni ölümə doğru aparan mərhələdir. Xəstəlik həmin mərhələdə nəzarət altına alınmasa, infeksiyaya yoluxmuş insanda kəskin tənəffüs çətinliyi sindromu və ya kardiogen olmayan ağciyər ödemi başlayır. Bu zaman insan süni tənəffüs aparatına qoşulmadan yaşaya bilməz.

Xəstəliyin dördüncü mərhələsi isə immunosupressiya dövrüdür. Bu, insanın anadangəlmə və qazanılmış immunitetinin zədələnməsi deməkdir. Eyni zamanda, xəstəliyə təhlükəli “Pseudomonas aeruginosa” çubuqları və göbələklər kimi aqressiv patogenlər də qoşulur”.

O bildirib ki, gələcək tədqiqatlar koronavirusun dəyişikliklərini, mutasiyalarını aşkara çıxarmağa həsr olunmalıdır:

“Mümkün qədər proqnozlaşdırmağa istiqamətləndirilməlidir və vaksin hazırlanmasına xərclənən çox böyük həcmdə vəsaitin əhəmiyyətli bir hissəsi məhz bu cür araşdırmalara yönəldilməlidir. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığını tələb edir. Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərə bilər”.