Ölənin də, öldürənin də başı özünə qarışıb, müharibə yaddan çıxıb

Ölənin də, öldürənin də başı özünə qarışıb, müharibə yaddan çıxıb
15:42 18-03-2020 | icon 1232

Qəşəm Nəcəfzadə yazır...

Koronavirus hardan gəldi dünyaya - yerdənmi çıxdı, göydənmi düşdü? Hamı bu saat təəccüb və təlaş içində. Elə bil Allah-təala bütün insanları bir an içində sınağa çəkir və sankı yerdəki təlaşlara baxıb gülümsəyərək deyir: “Bəs siz bir-birinizi məhv edəndə bu həyəcanı niyə keçirmirdiniz, qorxmurdunuz? Bir ölkə başqa bir ölkəni kütləvi qırğın silahları ilə istila eləyəndə o biriləri kənardan seyrçi kimi baxırdı. Indi necəsiniz? Baxın, görün ağrılar necədir, ölümlər necədir? Bu da mənim müharibəmdir, bu da mənim sizin ədalətsizliyinizə qarşı cihadımdır”.

Amma yenə də o böyük Allah-təala belə deməz, belə düşünməz. Bunu yanıb deyirəm. O, insanlar üçün belə silah yaratmaz. O, yaratdıqlarını böyük məhəbbətlə sevir axı. Bu, yenə də şərəfsiz insanların işidir. Ancaq onlar belə ölüm silahı düzəldə bilərlər.

İndi, deyəsən, insanların yaratdığı və həmişə istifadə etdikləri silahlar susub. Suriyada, Qarabağda - dünyanın harasında müharibə ocaqları vardısa, indi oralarda yaralar soyuyur. İndi ölənin də, öldürənin də başı özünə qarışıb, müharibə yaddan çıxıb. Ölkələr arasında əlaqələr kəsilir, yollar bağlanır, təyyarələrin, qatarların hərəkətinə qadağalar qoyulur. Barmaqlar tətikdən çəkilir, əllər əlcək geyinir, siyasət ağzına maska taxır indi.

Koronavirusun beyni indi yeni texnologiya ilə işləyir. Heç nəyə tabe olmur. Bəşəriyyət imdad diləyir. İllərlə başı müharibəyə qarışan insanlar indi bu virusun beyni ilə vuruşurlar. Qalib gəlmək isə, hələ ki, çətindir. Əgər silah istehsal etməyin yerinə indiyəcən geni dəyişdirilmiş bu virusun beyninə qarşı ”beyin” hazırlasaydılar, dünyəvi fəlakətlə üz-üzə qalmazdılar.

Bəlkə bu virus da dünyanın bir nizamıdır. Necə ki insanlar yollarını azırlar, bir-birinin torpaqlarını işğal edirlər, insan öldürürlər, onda bu virus Yer kürəsinə enir və dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanları bərabərləşdirir, eyniləşdirir və bir dərd ətrafında birləşdirir. İnsanlara xatırladır ki, böldüyünüz, işğal etdiyiniz bu torpaqlar yalnız o böyük Yaradana, Allaha məxsusdur.

Virus peyda olandan sonra dünyanın siyasi, iqtisadi iqlimi də dəyişib. Cəllad da, yazıq da bir virusun əlində acizdir. Ölüm subut edir ki, dünyadakı bütün insanlar eynidir. Hamı bir udum havaya möhtacdır. İndi başımızın üstünü alan bu fəlakət bir udum havanın gözəlliyini bizə xatırladır. Amma biz həmin havanın qədrini bilməyib onillərlə onu çirkləndrmişik. Indi ona necə möhtacıq?

Bəlkə də tarixdə ilk dəfə olaraq bütün dünya insanları koronavirusa qarşı birləşiblər. Virus fəlakət gətirsə də və heç bir zaman arzulanmasa da, mənə elə gəlir ki, bu faciədən sonra dünyanın siyasi, iqtisadi iqlimində insanpərvərliyə qarşı böyük bir addım atılacaq. Bəşəriyyət insan amili ətrafında daha çıx birləşəcək. Mənə belə gəlir, koronavirus bütün ölkələri elə silkələdi ki, nəyə hazır olub olmadıqlarını bir dəha onların yadına saldı və mövcud qüvvələri ümumi şəkildə bir xilas ətrafında birləşdirdi.

Koronavirus qorxusu insanlarin beynindən pislikləri təmizlədi, onları təzə bir nizamla yenidən yaşamağa sövq etdi. Küçələr, yollar, maşınlar dərmanlandı, apteklər sınağa çəkildi. Əllərin, üzlərin mütəmadi yuyulması artıq vərdişə çevrildi. Natəmizlik tamamilə aradan götürüldü. Bir addımlıqda dayanan ölüm insanı möhkəmləndirdi. Axır ki, insan özünü düşündü və xilas olmağın yollarını kəşf elədi. Bəlkə də, bu nizam Allahın Yer kürəsinə ən böyük töhfəsidir. Bununla o, insanları saflığa, təmizliyə və birləşməyə çağırdı.