“Palmali”nin Top-Meneceri də həbs olundu - Mübariz Mənsimov kimlərlə əlaqədə olub?

“Palmali”nin Top-Meneceri də həbs olundu  - Mübariz Mənsimov kimlərlə əlaqədə olub?
13:36 15-03-2020 | icon 11440

Türkiyə polisi azərbaycanlı iş adamı Mübariz Mənsimovla birlikdə onun sahibi olduğu “Palmali” şirkətlər qrupunun icraçı direktoru Nuray Nurcihan Perkeri də həbs edib.

Virtualaz.org xəbər verir ki, hakimiyyətə yaxın “Sabah” qəzeti Mənsimovun və Perkerin barəsində hazırlanan ittiham aktının bəzi təfərrüatlarını dərc edib. Bu təfərrüatlara əsasən Mənsimov və Perker fətullahçı terror təşkilatı FETÖ-nun yüksək rütbəli rəhbərləri ilə sıx təmaslarda olub.

Xəbər verildiyi kimi İstanbul polisinin maliyyə cinayətləri ilə mübarizə idarəsinin əməliyyatçıları Mübariz Mənsimovu dünən martın 15-də səhər saatlarında evində həbs ediblər. Daha sonra onun Beşiktaşdakı evində və Levent rayonundakı ofisində axtarışlar aparılıb. 

Eyni vaxtda şirkətin icraçı direktoru Nuray Nurcihan Perker də saxlanılıb və dünəndən bəri onların polisdə dindirilməsi davam edir. Şübhəlilərin bu gün məhkəmə qarşısına çıxarılacaqları gözlənilir

Bildirilir ki, Mübariz Mənsimov Türkiyə hakimiyyətinin FETÖ ilə mübarizə çərçivəsində qəbul etdiyi qərar çərçivəsində fəaliyyəti dayandırılan Türk Rus Vakfının qurucusu olub. Onun dosyesinin araşdırılması zamanı üzə çıxıb ki, Mənsimov FETÖ-nun yüksək rütbəli rəhbərlərindən olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə sıx telefon əlaqələri saxlayıb. Habelə Mənsimov Rusiya hakimiyyətinin FETÖ ilə əlaqəli olduğu üçün fəaliyyətini dayandırdığı Atlantic İnternational School-un idarə heyətində təmsil olunurmuş.

Bundan əlavə, Mənsimov FETÖ-nun Rusiya imamı olan və barəsində həbs qərarı çıxarılan, “Saffet” ləqəbli Ahmet Hamdi Vuralla da sıx təmasda olduğu bildirilir. Vuralın “Palmali” şirkətinin ofisinə tez-tez gəldiyi, bu zaman ofisdə dinləmə cihazlarının siqnallarını bloklayan “Jammer” qurğusunun işə salındığı da iddia edilir. Mənsimov Vuralla dəfələrlə birlikdə səyahət ediblər və görüşüblər.

Mübariz Mənsimov habelə FETÖ mənsubu olan və barəsində həbs qərarı çıxarılan Muammer İhsan Kalkavanla da sıx təmasda olub, Kalkavan onun ofisinə tez-tez gəlib, hətta özünü şirkətin ortağı kimi aparıb. Bundan əlavə Mənsimovun FETÖ-nun hüquq sahəsində gizli təşkilatlarından biri olan Yüksel-Karkın-Küçük (YKK) vəkil bürosu ilə əlaqəli olduğu da üzə çıxıb. Dindirmə zamanı Nuray Nurcihan Perker M.Mənsimovun bütün işlərdən xəbərdar olduğunu, şirkətin idarə edilməsinə dair qərarların və təşəbbüslərin birlikdə qəbul edildiyini deyib.

 

Yayılan məlumatı şərh edən M.Mənsimovun dostu, tanınmış jurnalist Fuad Abbasov bildirib ki, mediada yayılan bütün bu ittihamlar hələlik rəsmi təsdiq olunmayıb:
 
“Mübariz Mənsimovun FETÖ teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olması iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, - deyə Abbasov qeyd edib.
 
O, Mübariz Mənsimovun həbs olunması xəbərinin də həqiqəti əks etdirmədiyini qeyd edib. Bildirib ki, Mənsimov bazar günü səhər saatlarında saxlanılıb, evində və iş yerində axtarış aparılıb.  Mübariz Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir:
 
“İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, - deyə Fuad Abbasov qeyd edib.