Biri var, Moskvada pomidor satasan, bir də var, İmişlidə pomidor əkəsən

Biri var, Moskvada pomidor satasan, bir də var, İmişlidə pomidor əkəsən
10:56 16-03-2020 | icon 729

Qəşəm Nəcəfzadə yazır...

Bir-iki dəfə istəmişəm ki, mən də başımı götürüb gedəm Avropaya. Deyirlər, orada heç bir problem yoxdur: nə siyasi, nə iqtisadi, nə də içtimai. Hər şey azad, hər şey firavan. Qaçqın kimi getsən, lap yaxşı, nə istəyirsən elə. Heç işləmə, havayı ye, iç, yat. Ayda bir dəfə get, maaşını al, otur, nuş elə. Ev havayı, çörək havayı, azadlıq havayı.

Addımbaşı sənə “hello” deyirlər, problemləri yoxdur deyə, adamın üzünə gülümsəyirlər və sən də başlayırsan onların üzünə gülümsəməyi öyrənməyə. Deyirlər, oranın yağışı gözəldir, başqa cür yağır, günəşi burdakı kimi deyil, başqa cür çıxır. Qızları başqa cür sevir, oğlanları başqa cür unudur, başqa cür doğulurlar, başqa cür ölürlər. Görəsən, bu dünyada “başqa” sözündən maraqlı şirin və diqqətçəkən söz varmı?

Orada hər şey başqadırsa, aradabir məktub yaz, qonşunun ürəyini partlat. Qəşəng bir şəkil çəkdir, qoy internetə, guya İsveçdən uçursan Norveçə, Londondan dünən gəlmisən, indi Helsinkiyə gedirsən. Lap küçə süpür, denən şəhər merinin oğluna ərə getmişəm, və yaxud şəhər merinin qızını almışam.

Restoranda qabyuyan işlə, denən restoran müdirində ərdəyəm, və yaxud restoran müdiri elə lap özüməm. Velosiped al, sür, denən “cip”dəyəm. Zibildaşıyan işlə, denən bunlara zibil daşıtdırıram. Nə eləyirsən elə, amma gözəl şəkiln çıxsın, göndər Azərbaycana. Orda nə işləsən, fərqi yoxdur, ürəyinin hirsi soyuyacaq, çünki səni işlədən özgəsidir. Allah bu hirsi kəssin. Elə bu hirs deyilmi bizi bu günə qoyan?

Nə isə... Xarici pasportun düzəlməyi uzun çəkdi, həvəsim də hirsim kimi soyuyub getdi. Bir dəfə necə oldusa, yenə başladım getmək haqqında fikirləşməyə və bu “başqa” sözü haqqında düşünməyə.

Bunu da eləyən xaricdən gələn dostum oldu, dedi ki, bağ belə, bostan belə, orda adamın üzünə gülümsəyirlər, burda gülürlər, orda “hello” deyirlər, burda “salam” verirlər. Orda salat yeyirlər, burda ət yeyirlər, burda pul alırlar, orda pul verirlər. Orda hər sey “başqa”dır. Qızları da bizim dovğa kimi itə tökdür. Yenə bu “başqa” sözü fırlandı başımda. Bu dəfə lap bərk fırlandı.

Pasportu aldım, yır-yığış elədim, bir “ingilis-türk sözlüyü” kitabçasını götürüb qoydum cibimə, başladım gedənə kimi “başqa-başqa” danışmağa. Bu o zaman idi ki, həmin dostum telefonunda mənə Avropada təyyarə qəzasının videosunu göstərdi. O saat elə hesab elədim ki, mənim mindiyim təyyarə də artıq qəzaya uğrayıb və elə mən dünəndən ölmüş hesabam. Axırda özümü inandırdım ki, axı heç mən təyyarəyə minməmişəm ki, qəzaya da düşəm. Özümü təyyarəyə minməməyimə inandırandan sönra bir az toxtadım.

Təyyarədən bir də ona görə qorxdum ki, lap qəzaya uğrayıb eləməsə də, əgər o, göy üzünün quşlarından və buludlarından yuxarı qalxırsa, mən ömrüm boyu quşlardan və buludlardan yuxarı qalxmağımı özümə bağışlaya bilmərəm. Bu minvalla “başqa” və “getmək” sözləri başladı başımdan çıxmağa.

Sonra başıma vurub fikirləşdim ki, ayə, hara getsən, bu dünyanın problemi eynidir. Bir var, səni yad qəm yeyə, bir də var, öz yurdunun qəmi. Bir var, səni yad dildə söyələr, bir var, öz dilində. Bir var, Moskvada pomidor satasan, bir də var, İmişlidə pomidor əkəsən. Fərqi nədir, mənim balam?

Düzdür, bir tikə çörəkpulu adamları xarici ölkələrə salıb, orası da var ki, burda qazandığın iki manat başqa yerdə qazandığın 10 manatdan yuxarıdır.

Bu dediklərim ancaq mənə aiddir, gedən varsa, getsin, qalan varsa, qalsın. Mən “başqa” sözünün əvvəlindəki fikri sevirəm, sonundakı fikri yox.

Deyəcəksiniz, şair gözəl deyib: “Dünya duracaq yer deyil, ey can, səfər eylə”. Qadan alım, şair Avropaya köçməyi deməyib, ölməyi, qalmağı deyib.

İndi heç hara getmək fikrim yoxdur, “Başqa” sözümü də indi koməkçi nitq hissəsi olan qoşma kimi başa düşürəm, vəssalam.

Hələ gülümsəmək də öyrənmişəm, baxıram ki, hamı da mənə gülümsünür. 

Nəyi versən, onu da alacaqsan, insan, hey!