Əvvəl milyonlarla Stalin yaranır, sonra Stalinizm

Əvvəl milyonlarla Stalin yaranır, sonra Stalinizm
21:07 15-03-2020 | icon 454

Aqşin Yenisey yazır...

Rus tarixçisi Mixail Qefter bolşevizmi “hamımızın içinə girən Stalinizm” adlandırırdı. Bu ifadəni Hitler, Mussolini faşizminə də yaraşdırmaq olar. Necə olur ki, yüzlərlə humanizm ideyalarının təbliğ olunduğu bir dünyada stalinizm, fürerizm kimi fikir, düşüncə düşməni olan praktikalar insanların içinə daha tez daxil ola bilir. Hansı ehtimal insanı onun özünü belə yox edəcək gücə heyran olacaq qədər sehrləyir?

Psixoloji testlər heyranlıq duyğusunun güzgü effektindən yarandığını göstərdi. “National Geographic”in intellektual proqramlarının biri psixoloji testə cəlb etdiyi oğlan və qızların şəkillərini çəkdi və oğlanların fotodakı üzünə qızların, qızların fotodakı sifətinə oğlanların üz orqanlarını əlavə etdi və xoşlarına gələni seçmək üçün həmin şəkilləri gənclərə göstərdi. Gənc oğlanlar və qızlar öz üz cizgilərini daşıyan şəxslərin şəkillərinə “vuruldular”. Bunun elmi-psixoloji izahı bu idi ki, hər kəs ilk baxışda qarşı cinsin özünə bənzəyən zahiri cizgilərinə aşiq olur. İş daxili gözəlliklərə keçəndə isə boşanırlar.

Bu test qədim Şərq sufi fəlsəfəsini doğruladı. Eşqdə, sevgidə “sevən də, sevilən də birdir”. Yəqin ki, hamınız gözəl qızların bəzən əntərəbənzər oğlanları, yaxud Yusif peyğəmbəri xatırladan kişilərin dəvədəlləyinə oxşayan qadınları seçdiyinin şahidi olub, səbəbi ilə maraqlanmısınız. Bunun bircə səbəbi var: o əntərəbənzər və dəvədəlləyinə oxşayan şanslılarda yanlarındakı əks cinsə aid bir cizginin olması. Bütün hallarda insan başqasındakı özünü sevir. Şairə inanmasaq da, elm onların eşq, sevgi, heyranlıq haqqında yazdıqları qafiyələri təsdiqlədi.

Aşiq və məşuqluq gözəllikdə olduğu kimi, eybəcərlikdə də insanın özünə heyran olmasıdır. Qefterin dediyi  “bolşevizm hamımızın içinə girən Stalinizm”dir formulu elmi-psixoloji baxımdam yanlışdır, əslində, bolşevizm, Stalini görüncə, içimizdə olan stalinizmin ona vurulmasıdır. Eynisini Hitler haqqında da deyə bilərik; Birinci Dünya müharibəsindən sonra Almaniya öz içində gizlənmiş balaca hitlerlərlə dolu idi, Hitleri görüncə, bütün gizli hitlerlər ona heyran oldu və “işığına” yığıldı.

Eşq, sevgi kimi bu cür yırtıcı, emosional ideyalar da dərhal şüuru aşıb şüuraltına keçirlər, yəni iradənin nəzarətindən çıxırlar. Leylinin Məcnunu olanlar, bu dəfə Stalinin, Hitlerin məcnunlarına, dəli-divanələrinə çevrilirlər. Beləliklə, bu kütləvi emosiyalar cəmiyətin, xalqın şüuraltı dünyasını yaradır.      

Həyatımızın, şüuraltımızın əlində əsir-yesir olduğunu göstərən ən bilinən fakt tənəffüs sistemimizin şüurumuzdan (iradəmizdən) asılı olmadan öz-özünə “daimi mühərrik” effekti ilə işləməsidir. Şüuraltımız bizi yaşamaq uğrunda mübarizədə “olmazsa olmaz” olan bir çox mühüm qayğıdan azad etsə də, bu azadlığın əvəzini bizə başqa, bəzən acınacaqlı bir formada ödədir. Məsələn, anidən şüurun önünə keçib bizi arvadımızı döyməyə təhrik edir, halbuki bu “partlayış” alt şüurmuza yığılan uşaq vaxtı bizi əzişdirən anamıza olan qəzəb idi. 

Xalq dili buna “cin atına minmək” deyir; “cin atına minmək” ifadəsi xəlqi düşüncənin şüuraltına verdiyi addır. Məsələn, şüurumuz həll edə bilmədiyi məsələni şüuraltının ixtiyarına verdikdə biz ya aşiq oluruq, ya qatil. “Cin atına minmədən”, yəni yüyənimizi şüuraltının ixtiyarına vermədən bunların heç biri ola bilmərik. Əslində, heç bir halda biz heç nəyə minmirik, tam əksinə, cin bizi öz atı kimi minir, yəni kontrolumuz tamamilə şüuraltının əlinə keçir ki, bu da çox vaxt həyatımızda gözlənilməz nəticələrə gətirib çıxarır. 

İndi gələk mətləbə. Bu gün alt şüurumuzun ən gənc qatını təşkil edən bolşevizm praktikası (bolşevizmə ideologiya demək doğru olmazdı, bu, sadəcə, aqressiv tətbiq olunan kommunizmdir) sıradan insanları nəyinsə rəmzinə, simvoluna çevirməklə onları adi, gündəlik həyatdan uzaqlaşdırmışdı. Hər şeyləri ilə primitiv olan adamlar əmrlə hərəsi bir şeyin rəmzi elan olunmuşdular; kəndlər, şəhərlər dolu idi qəhrəmanlıq rəmzi, zəhmətkeşlik simvolu, sadəlik tanrısı, mübarizlik mücəssiməsi kimi şöhrətləndirilmiş avam adamlarla.

Sovet cəmiyətinin belindən deyil, həm də beynindən gələn indiki cəmiyətimizdə də var bu xəstəlik. İnsanlar rəmz kimi, simvol kimi, nəyisə ifadə edən, mənalandıran bir atribut kimi, əşya kimi yaşamaq istəyirlər. Bu istək onları kiçik, gündəlik inancların bütünə çevirir. Sıradan hisslər, duyğular onlara əzab verir. Dəli paltarına rəngli əski-üskü, cıncıq-muncuq tikdiyi kimi, bu tip insanlar da adi, gündəlik hisslərinə, duyğularına cürbəcür psixoloji, ikonok ayın-oyun əlavə etməyi sevirlər. Ən pisi isə özünü rəmzləşdirmiş, gündəlik inancların bütünə çevirmiş insanlar yan-yörələrindən özlərinə uyğun balaca qurbanlar tələb etməyə başlayırlar ki, bu da ictimai həyatı korlayır.  

Yaxın tarixdən alt şüurumuza yığılan bu bolşevik praktikanın daşıyıcılarını psixoanalitik nekropsiyaya məruz qoymasaq, yeni cəmiyət qurmaq bizə çətin olacaq. Çünki bolşevizmin bu psixi qalıntısı bir ənənəyə çevriləcək, daha sonra isə onun inanca dönüşmə ehtimalı çox böyükdür. İnanc dediyimiz şey nədir ki, gücün mövhumata uğratdığı ənənə!

İnsanları cürbəcür sosial, ictimai, hətta təşkilati bəsitliklərin rəmzinə, simvoluna çevirən bolşevizm praktikası onları reallıqları qiymətdləndirmə imkanından məhrum etmişdi. Sosrealizm deyilən məfhumun görmədiyi, qiymətləndirə bilmədiyi bircə şey var idisə, o da dövrünün sosial reallıqları idi. Sovet realizmi simvolik olaraq, piştaxtaların üstündə yox, altında baş verirdi.

Hətta müstəqillik illərində də cəmiyyətimiz öz potensialını qiymətləndirməkdə xeyli çətinliklə üzləşdi. Biz hətta bu gün də  qiymətləndirmə zamanı ayrı-ayrı şəxslərin uğuruna və ya uğursuzluğuna baxmalı deyilik. Ümumi fona baxmalıyıq ki, potensialımızın nəyə qadir olduğunu görə bilək. Elə bufalo var ki, şiri bir zərbədə öldürür, amma ümumilikdə bufalo növünün potensialı bu canlını şirin naharı olmaqdan xilas etmir.

Bolşevik praktika özünün milli potensialını dəyərləndirməyə imkan vermədiyi üçün müstəmləkə illərində Azərbaycanda tarlada yatan xalq, sarayda yaşayan “Xalq şairi”ni öz ziyalısı kimi görürdü. Ona elə gəlirdi ki, hər gün fəxri ad, medal alan şairi özü yetişdirib, şairinin vüqarlı saçına baxıb özü ilə qürur duyurdu. İndi də dərd çəkir ki, mənə nə oldu birdən-birə, niyə o “xalq şairi”lərindən indi yetişdirə bilmirəm?

Bu gün tibbi psixologiya hipnoz və terapiya yollarıyla insanların şüuraltı dünyalarını onlara yük olan keçmişlərindən təmizləməyi bacarır. Bundan ötrü insan şüuraltının ona əziyət verdiyini, yaşamağına əngəl olduğunu etiraf etməlidir.

Xalqların, millətlərin şüuraltısında təmizləmə işinə gəlincə, bu, o qədər də asan məsələ deyil; çünki bir çox xalqlar, millətlər öz milli şüuraltılarının yaralarına artıq o qədər qulluq ediblər ki, onlara anadangəlmə şikəst övladına baxan valideynlər kimi doğmalaşıblar. Özlərini onlarsız, yəni milli (anadangəlmə) qüsurları olmadan təsəvvür belə etmək istəmirlər.

Tarixlərindən özlərinə tale düzəldiblər. Gələcəyimizə gedən yol o xalqlardan birinə çevrilməməkdən keçir. Bundan ötrü şüuraltımızın qədim qapılarını yeni ideyalara taybatay açmalıyıq.