“Tacla” imtahanımız: Koronavirusa qarşı milli səfərbərlik 

“Tacla” imtahanımız: Koronavirusa qarşı milli səfərbərlik 
13:56 14-03-2020 | icon 24470

Bəşəriyyət XXI əsrdə insanlıq imtahanından keçir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya elan etdiyi koronavirus infeksiyası (COVİD-19) dünya ölkələrini ayağa qaldırıb. Xəstəliyin Çindən sürətlə dünyaya yayılmasından sonra virusun qarşısını almaq, əhalinin sağlamlığının qorunması üçün hər gün ölkələrdə qərarlar qəbul olunur, müxtəlif addımlar atılır. 

Təbii ki, hazırda dünyada insan sayının artması, xüsusən də, meqapolislərdəki izdihamlar, səyahətlər və sair kütlələr arasında təmaslara səbəb olan fəaliyyətlər xəstəlik simptomlarının sürətlə yayılmasına səbəb olur. Bunun qarşısını almaq, ya da ən azı məhdudlaşdırmaq üçün bir sıra qabaqlayıcı addımların atılması, karantin tədbirləri zərurətdir.

Çünki bəşər tarixi dəfələrlə bu cür xəstəliklərlə sınağa çəkilib, karantin və əhalinin təmaslarının, kütləvi toplantıların məhdudlaşdırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün mühüm addımlardan biri olaraq qalır.  

Qloballaşan dünyada yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq çox çətinləşir, çünki dünya ölkələri indi bir-biri ilə yaxından bağlıdır. Azərbaycan isə virusun meydana çıxdığı Çinlə sıx ticarət və səyahət əlaqələrinə malikdir, həmçinin, virusun Çindən sonra ən çox yayıldığı ölkələrdən biri olan İranla qonşudur. Bu səbəbdən də, Azərbaycan dövləti virusa qarşı yüksək səviyyədə səfərbərlik elan edib.

Qeyd etmək lazımdır ki, hökumət koronavirus mövzusunda görünməmiş dərəcədə çevik, hərətərfli və məqsədyönlü çalışır. Bu məsələdə prioritet ölkə vətəndaşlarının həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiədir. Bu günə qədər olan vəziyyət göstərir ki, Azərbaycan hökuməti bu məsələdə təqdirəlayiq fəaliyyət göstərir. Bu, həm də hökumətin qlobal problemlərə sinə gərəcək qədər güclü və potensiallı olmasının göstəricisidir. 

Artıq ÜST ekspertləri də etiraf edib ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. 

Hazırda hökumət ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir. 

Fevralın əvvəlindən başlayaraq rəsmi Bakı infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq üçün hərəkətə keçib. Ən əsası, bu dövrdə dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargah yaradılıb, xaricdən infeksiyanın ölkəyə daxil olmasını minimallaşdırmaq üçün bir sıra ölkələrlə sərhədlər bağlanıb və gediş-gəliş məhdudlaşdırılıb. Həmçinin, ölkədə karantin rejiminin tətbiqi və son olaraq operativ qərargahın məhdudlaşdırıcı tədbiləri hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir.

Artıq bu gündən etibarən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb. 

Bu qayda və məhdudiyyətlər təkcə dövlət orqanlarının deyil, ümumilikdə, bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Çünki qlobal pandemiyaya qarşı mübarizə, onun ölkəmizdə fəsadlarının qarşısının alınması milli təhlükəsizlik və milli həmrəylik məsələsidir, tutduğu mövqedən, baxışlarından asılı olmayaraq, hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Çünki bu məsələdə yalnız dövlət və rəsmi qərarlar həlledici olmur, həm də vətəndaş fəallığı lazımdır.

Vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır.

Etiraf etmək lazımdır ki, Azərbaycan vətəndaşları bu günə qədər koronavirus mövzusunda daha təmkinli və dövlətlə həmrəy çıxış edib. Bunu təqdir etmək lazımdır. Azərbaycanda, Ukraynada olduğu kimi, əhali xaricdən gələn həmvətənlərə qarşı nə etiraz aksiyası keçirib, nə də bu günə qədər marketlərə axın edərək ərzaq ehtiyatı toplayıb. Halbuki qardaş Türkiyə də daxil olmaqla, dünyanın bir çox inkişaf etmiş ölkələrində bu mənfi tendensiya, süni ajiotaj və qorxu müşahidə olunur.

Yaşadığımız hazırkı vəziyyətdə müşahidə olunan ən qabarıq gerçəkliklərdən biri də budur ki, Azərbaycan insanı bu cür fors-major halında ən çox dövlətə və onun qurumlarına güvənir, etibar edir. Uzun illərdir müharibə şəraitində yaşayan ölkəmiz üçün bu çox mühüm xüsusiyyətdir, Azərbaycan xalqı səfərbərliyə və dövlətlə birgə addımlamağa hazırdır.

Nəhayət, bu cür vəziyyətlərdə, təbii ki, sui-istifadəçilərin, şəxsi mənafelərini təmin etmək istəyən fərdlərin və Azərbaycana hər fürsətdə zərbə vurmağa çalışan qüvvələrin mövcudluğunu, bir an belə yatmadığını unutmamaq lazımdır. Bu isə ilk növbədə vətəndaş sayıqlığı tələb edir. 

Son illərin “təcrübəsi” göstərir ki, bu kimi hallarda fərqli maraqlara qulluq edənlər təxribatlara əl atılır. Ən çox yayılan və daha rahat başa gələn sosial şəbəkələrdəki təxribat xarakterli məlumatlardır. Adları, ünvanları, şəxsiyyətləri məlum olmayan, bir çoxu, güman ki, xarici xüsusi xidmət orqanlarının hazırladığı və əsas məqsədi kütləvi təşviş və ajiotaj yaratmağa xidmət edən səs yazıları, videoçarxlar yayılır.

Nəzərə almaq lazımdır ki, bu əsrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biridir. Bu isə ilk növbədə, media orqanları və hər bir vətəndaşın daşıdığı məsuliyyətdir. Çünki bu cür proseslərdə dövlət orqanlarının müdaxiləsi və təxribatın qarşısının alınması zaman tələb edir, şayiələr isə həmin müddətdə öz təsirini göstərir.

Buna görə də vətəndaşlar bu mərhələdə yayılan səs yazılarına, mənbəyi olmayan məlumatlara etibar etməməlidir. Hazırda fasiləsiz çalışan və cəmiyyətə, eləcə də media qurumlarına açıq olan müvafiq dövlət orqanları, ən əsası operativ qərargah fəaliyyət göstərir və etibarlı məlumatları bu mənbədən almaq mümkündür.

Onu da qeyd etmək lazımdır ki, operativ qərargah hazırda fəaldır, mütəmadi olaraq cəmiyyəti narahat edən məsələlərlə bağlı açıqlamalar verir, media ilə müntəzəm əlaqədədir. Bu mənada hazırda informasiya qıtlığı yoxdur və rəsmi məlumatlara etimad etmək həm şəxslərin özü, həm də ölkəmiz və xalqımız üçün daha xeyirlidir.

Artıq bilindiyi kimi, virus ilk dəfə yayıldığı Çində zəifləyib, bir çox karantin xəstəxanaları fəaliyyətini dayandırıb. Ən pessimist mütəxəssislər belə qarşıdakı iki ayda virusun yayılmasının başa çatacağını bildirir. 

Unutmaq olmaz ki, bu keçici bir prosesdir, ölkəmiz və xalqımız isə qalıcıdır. Qalıcı olanı keçici olana qurban vermək olmaz.

Rəşad Quliyev