Norveç klubu millimizin qapıçısını niyə istədiklərinə aydınlıq gətirdi

Norveç klubu millimizin qapıçısını niyə istədiklərinə aydınlıq gətirdi
10:21 28-02-2020 | icon 112

“Emil Qazaxıstan və Azərbaycan klublarındakı çıxışları sayəsində son illər yaxşı təcrübə toplayıb. O, Azərbaycan millisi ilə beynəlxalq oyunlarda, o cümlədən, Avropa çempionatının seçmə oyunlarında oynayıb. Bir müddətdir ki, biz onu izləyirik və bizə onun çıxışı maraqlıdır. Ona görə də onu məşqdə yaxından görmək üçün buraya gətirdik”.

milletinsesi.info xəbər verir ki, bunu Norveçin “Budö/Qlimt” klubunun qapıçılarla işləyən məşqçisi Yunas Uelan Kolsta deyib.

Qazaxıstanın “Tobol” klubundan ayrıldıqdan sonra işsiz qalan Azərbaycan millisinin qapıçısı Emil Balayev Norveçin “Budö/Qlimt” komandasında çıxış etməyə yaxındır. O, dünəndən Budö şəhərinin komandasının məşqlərinə qoşulub. Dünən Emil klubun Nurlansalen qapalı zalında məşq keçib.  

“Budö/Qlimt”in 43 yaşlı qapıçılarla işləyən məşqçisi Emil Balayevi yoxladıqlarını bildirib: 

“Biz daha əvvəl onun barəsində izlədiklərimizi, cümə axşamı məşq zamanı gördüklərimizi və bu gün ikili oyun zamanı da görəcəklərimizi nəzərdən keçirəcəyik. Bundan sonra nə olacağını görəcəyik”.

Qeyd edək ki, “Budö/Qlimt” Norveçin gümüş medalçısıdır. Bu komandanın əsas qapıçısı və kapitanı olmuş braziliyalı Rikardo Fridrix qış fasiləsində Türkiyənin “Ankaragücü” klubuna keçdiyindən yeni qolkiperə ehtiyac yaranıb.

Səbuhi Musayev