Kişi ailəsi ilə mehriban dolandısa, el içində “maygülü” olur

Kişi ailəsi ilə mehriban dolandısa, el içində “maygülü” olur
16:00 12-02-2020 | icon 1276

Kubra Məhərrəmova yazır...

Bilmirəm, havadandır, sudandır, yediyimiz çörəkdəndir... Qanımızmı, xasiyyətimizmi, tərbiyəmizmi? Evlənəndə də, boşananda da, sevəndə də toplum olaraq özümüzü aqressiv aparırıq. 

Evləndinsə, mütləq evdə dava-dalaş olmalıdır. Gəlin-qayınana, qırğın-müsibət, ərlə arvad it-pişik kimi olmalıdır. Kişi ailəsi ilə mehriban dolandısa, el içində “maygülü” olur. Əsas səbəb də o olur ki, arvad quduracaq. Açığı, çox zaman bunun şahidi də oluruq. Lakin bu, başqa mövzudur. 

Və ya arvad kişinin sözünə baxdısa, “səy” olur. Mütləq qol gücünə bağlı olan münasibətlər olmalıdır ailədə. Yəni bizim toplum üçün ailə modeli qara-qışqırıqla, kin-küdurətlə dolu olmalıdır. Kişi əzazil, arvad ifritə. Daha niyə evlənirsiniz ki?! Elə oturmuşdunuz da atanızın evində. Sonra da deyirlər, bu qədər boşanma var.

Əslində, bu biabırçı ailələrin az hissəsi boşanmağa qərar verə bilir. Birincisi, bu, onlar üçün adi haldır, yəni normaldır. İkincisi, şəxsi komplekslər, savadsızlıq, dünyagörüşünün tamamilə olmaması məsələni tamamlayır.

Dərd odur ki, boşanmağa gedənlər də adam kimi boşana bilmirlər. Ər arvada, arvad ərə, qudalar bir-birinə şər ataraq məhkəmə prossesini SİRK meydanına çevirirlər. Aliment ödəməmək üçün “arvadım gəzir” kimi alçaqlığı boynuna götürən kişilər də az deyil. Ev verməmək üçün qayınanaların “tumanını başlarına çəkmələri” də adi hala çevrilib.

“Ərim narkomandır” deyənlər də az deyil. Yəni qaraçı dəstəsi. Bu həngaməni görən uşaqlar da düşünür ki, ailə dediyin elə belə olmalıdır. O da böyüyəndə belə “dəli” həyat axtarışında olur. Əgər ki, dünyanı dərk edib daha üst səviyyəyə çıxmasa. Ümid edək ki, belə uşaqlar valideynlərini nümunə götürməyəcəklər. 

Bu gün xəbər çıxdı ki, Tərtərin Azadqaraqoyunlu kəndində ana övladını şişlə yandırıb. Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisədən xəbər tutan ata da şikayət edib və Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Elə bu xəbərləri oxuyurduq ki, bir də gördük uşağın dayısı bəyanat verdi ki, bəs qardaşlar, məsələ elə olmayıb! Dayı - Pərviz Ələsgərov iddia edir ki, bacım ərindən boşanır və ata aliment ödəməmək üçün yalandan polisə müraciət edib. Uşaq evdə oynayanda sobanın üzərinə düşüb, yanıq izi də onda olub. 

Hər iki halda anlayırıq ki, bu ailədə heç nə normal deyil. Bir az da axtarsaq, məlum olacaq ki, o kənddə heç nə normal deyil. Əgər ana, həqiqətən də, övladını şişlə yandırıbsa, bu, birbaşa cinayətdir. Bu, qəddarlığın ən son həddidir. Bu uşaq təcili o anadan alınmalı, qadın analıq hüququndan məhrum olunmalı və dövlətin himayəsinə verilməlidir. 

Yox, əgər ata yalan deyirsə, şəxsən mən özüm o atanın boyunu yerə soxum. Daha heç nə! Yəni bu qədər şərəfsizlik, alçaqlıq olmaz! 

Əslində, bütün bu biabırçılığa baxanda adamı ağlamaq tutur. Niyə cəmiyyət olaraq vəhşi və küt olmuşuq? Niyə içimizdə mərhəmət, sevgi hissi yoxdur? Niyə normal insan görəndə ona lağ edirik? Söyüş, təhqir normaya çevrilib. Sevgimizi ifadə edəndə mütləq söyüş söyməliyik. Mübahisələrin 90 faizi mütləq bıçaqlaşma ilə sonlanır. Kişilər qadınları döyür və bu “ailə işidir” deyə heç kim qarışmır.

Uşaqlar döyülür, bu da tərbiyə üsulu kimi qəbul olunur. Bəzən düşünürəm ki, Azərbaycanda ailə qurmağa qadağa qoyulmalıdır. Çünki hər gün məişət zorakılığı haqqında məlumat alırıq.

Əri tərəfindən öldürülən qadınların statistikası isə rekord qırır. Və ümumiyyətlə, uşaq dünyaya gətirilməsin. Çünki bu uşaqların əksəriyyəti təhqirə, zorakılığa məruz qalır. Necə ki Nərmin gündəliyində yazmışdı: “Kaş, atam məni də sevəydi”. Onsuz da bu uşaqları sevmirsiniz. Doğmayın da onları.