“Klassik qəhrəmanlardan” “Qalaktik qəhrəmanlara”

“Klassik qəhrəmanlardan” “Qalaktik qəhrəmanlara”
21:21 11-02-2020 | icon 1269

Aqşin Yenisey yazır...

Modernizmin sənətə gətirdiyi ən fenomenal anlayış tənhalıqdır, həm də intellektual tənhalıq, dərk olunmuş, başa düşülmüş və qəbul edilmiş tənhalıq. 

Həm də yaradıcı olmayan, gündəlik həyat tərzi, düşüncə tərzi kimi tənhalıq. Fərdi kütlədən ayırıb övladı kimi tərbiyə edən tənhalıq. 

Biz tənhalığın bu növünü tanımırıq, ona görə də fərdi kütlənin qurbanı kimi görürük, çünki modernizm düşüncə olaraq deyil, elektrikli ət maşını kimi girib məişətimizə.  

Don Kixot dünyadakı tənhalığından şikayət etmirdi, K. ümumiyətlə, tənhalığının fərqində deyildi. Klassik təklənmə emosional idi, Məcnunun fəryadı pələngin belə ürəyini kabab eləyirdi, Hamletin səsi Danimarkanın başına düşmüşdü. Nə Məcnun, nə də Hamlet düşdükləri vəziyəti həzm edə bilirdilər, onlar hər şeydən əvvəl öz talelərinə düşmən kəsilmişdilər. Klassik qəhrəmanlar qəhrəman olduqlarının, buna məcbur edildiklərinin fərqindəydilər. Onlar mübarizəyə təhkim olunmuşdular. Leylini Məcnuna versəydilər belə o, hardansa özünə mübarizə aparmaq üçün bir problem tapacaqdı. Hamletin atasını qətlə yetirməsəydilər də, o, hardansa bir problem yaradıb mübarizə aparacaqdı. Emosional şüurun başqa davranış forması yoxdur. 

Məcnunu sevgisi, Hamleti intiqamı uğrunda apardığı mübarizədən bir an kənarda hiss etmək balığı sudan çıxarmaq deməkdir. Fəryad etməyən Məcnun, ittiham etməyən Hamlet ölüdür. 
Modern xarakterdə bu üsyankarlıq yoxdur, onun mübarizəsi gündəlik həyatıdır, səbəbsiz həyatı. Yaşadığı hər şey həm də modern qəhərmanın mübarizəsinə daxildir. O, sadəcə, yaşamaqla məşğuldur, o, mübarizə axtarmır, mübarizə onu axtarır. 

Don Kixotun və K.-nın yolunun üstündə hər an onları məşğul edə biləcək pusquda gözləyən səfeh bir mübarizə var. Burada daha dərinə enək; ümumiyətlə, modern ədəbiyatda mübarizə həmişə səfehlik qılığında təsvir olunur və öz qəhrəmanlarını da səfehə çevirir. 

Don Kixot da, K. da səfeh-səfeh işlərlə məşğuldurlar, amma bu səfehliklər onların mübarizəsidir. Bu “səfehlərin” konkret düşmənləri də yoxdur, qarşılarına çıxan hər şey, sanki, onları özləri ilə konfliktə səsləyir. Mübarizə, bir növ, modern qəhrəmanla əylənir. Ona özünün oyuncağı kimi baxır. Qəsrə yağan qar belə K.-dan əl çəkmir, roman boyunca yağaraq onun işini çətinləşdirirək əsəbiləşdirib əylənmək istəyir. Yaxud qoyun sürüləri uzaqdan Don Kixotun gözünə bir-birilərinə hücum edən iki ordu kimi görünür və onu mübarizəyə səsləyirlər. Artıq təsadüfi mübarizələrin təlxəyinə çevrilmiş Don Kixot dərhal sınıq nizəsini irəli uzadıb ölüvay atı Rosinantı mahmızlayaraq qoyun sürülərinə hücum edir. Don Kixot və K. ilə əylənərək mübarizə öz mənasından uzaqlaşır, öz məzmununu dəyişməyə cəhd göstərir.

Bu, şüurda tarixi bir mərhələdir, mübarizə anlayışının öz mənasını dəyişməyə cəhd etməsi və bunun hər şeydən əvvəl sənətdə üzə çıxması, mənə görə, sənətdən ala biləcəyim ən estetik zövqdür. 

Məcnunda və Hamletdə isə mübarizə həyati və ibtidai ciddiliyini qoruyur. Məcnunun və Hamletin üzünü bircə an gülümsəyən yerdə təsəvvür etmək, onların tilsimini sındırmaq deməkdir. Onlar emosional mübarizə ilə tilsimləniblər, ona görə də zəif tərəfləri çoxdur. Səvh etmirəmsə, yazıçı Elçinin kitablarının birində Hamletə ünvanlanan belə bir sual oxumuşdum: “Hamletə hər kəsi ittiham etmək haqqını kim verib?”. Cavab aydındır, Şekspirdən və zəmanəsindən başqa heç kim! Modern insanın gözü ilə baxanda Hamlet, əslində, mübarizəsi ilə birlikdə eqoist bambılının biridir. Onun mübarizəsi insanlığa nə verdi? Başağrısından başqa heç nə! Ya Məcnun gələcəyin insanına çevrilə bildimi? 

Klassik ədəbiyatda mübarizə anlayışı nədən bu qədər monoton və kinli? Dövriyyəyə hiss və instinkt anlayışlarını əlavə etməsək, bu sualın cavabını tapmaqda çətinlik çəkəcəyik.

Məcnununun sevgisi, Hamletin intiqamı hiss idimi, instinktmi? Ümumiyyətlə, hiss və instinktin fərqi varmı? Hiss və instinkt nədir? İnstinkt təbii davranışları təyin edən bioloji reflekslərdir ki, bütün heyvanatın həyat tərzi buna əsasən mövcuddur. Heyvan hiss edir, amma dərk etmir. Hiss isə dərk olunmuş, idrak prosesinə uğramış instinktdir, yəni zəka, ağıl materialına çevrilmiş bioloji refleksdir. İnsan instinktləri intellektə çevirə bilən təbii mexanizmdir. Hiss elə intellektin bir komponentidir. Hissdən məhrum olan intellektlər də var; bunlar texnoloji varlıqlardır ki, dünya indi onların əlinə keçmək əndişəsindədir. Hiss instinktiv yox, intellektual reaksiyadır və bu reaksiyanın təzahürü sənətdir. Heyvan hiss edir, yarada bilmir, robot yaradır, hiss edə bilmir. İnsanı bu ikisindən fərqləndirən hiss etdiyini yaratması, yaratdığını hiss etməsidir.

Sənət ətrafdan aldığı instinktləri intellektual deformasiyaya məruz qoyub onu hiss şəklində ətrafına qaytarır. Hamletdə və Məcnunda nə çatmırdı? İntellekt! Onlarda sevgi və qisas hissi, sanki, hələ bioloji instinktlər şəklində özünü göstərir. Məqsədlərinə çatmağın yolu heyvanilikdən keçir, biri cütləşmək, o biri öldürmək istəyir. Onlarda sevginin və qisasın intellektual əsası olmadığı üçün hər iki qəhrəman təbii bir yol seçir: Məcnun çöllərə düşüb heyvanlarla dost olur, Hamlet isə manyakcasına hər kəsi və özünü öldürür. Əslində, onlar belə həyat istəmirdilər.

Məcnun Leyli ilə evlənib arvad-uşaq sahibi olacaqdı, Hamlet isə gələcəyin şahzadəsi idi. Bu baş vermədiyi üçün onlar mübariz oldular. Modern qəhrəmanlarımıza baxaq. Don Kixot anadangəlmə çöllər üçün doğulmuşdu, K. başına gələnlərə görə kimsədən qisas almaq fikrində deyil. Modern qəhrəmanın davranışlarında heç bir şəxsi motiv yoxdur. 

Bütün bunları niyə yazır ki, dediyinizi eşidirəm. Ona görə ki, ədəbiyatımızda hələ də modern qəhrəmanlar yoxdur. ədəbiyatımızda olmadığı üçün cəmiyətimizdə də mübarizəsindən umacağı olmayan belə modern insanlar yoxdur. Biz modern insanın dünyagörüşündən xəbərsizik, nə olsun ki, evimizdə modern sənayenin məhsulları ilə birlikdə yaşayırıq. Hər bir oxucu, (hətta tənqidçi də) oxuduğu əsər qəhrəmanından bir şey gözləyir; emosional mübarizə və çıxış yolu. Roman qəhrəmanına verilən ilk sual budur: hansı çıxış yolunu təklif edirsən? Sanki, Məcnunun və Hamletin təklif etdiyi çıxış yolları çox işə yaradı. 

Cəmiyətimiz roman qəhrəmanı ilə tarixi qəhrəmanı eynişləşdirir. Romanda qəhrəman təxəyyüldən həyata daxil olan şəxsdir. Bizim oxucu onu romandan dartıb həyatda sınamaq istəyir, ona görə onun bizim cəmiyətə uyğun biri olub-olmadığına diqqət göstərir. Modern qəhrəman bizim cəmiyətə əl vermədiyi üçün cəmiyətimiz onu ədəbiyatda da görmək istəmir. 
Ədəbiyatımız “müəllifin ölümü”nü qəbul etsə də, cəmiyətin tələbatı ucbatından “qəhrəmanın ölümü” ilə razılaşmağa cəsarət etmir. Bu gün dünya ədəbiyatında fantastik qəhrəmanlara daha çox tələbat olduğu halda, biz daha çox realist qəhrəmanlara sitayiş edirik. Gələcəyə inamsızlıq oxucumuzda fantastik qəhrəmanlara nifrət oyadır. Keçmiş sınaqdan çıxarılmış həyatdır, qəhrəman da oradan daxil olmalıdır həyata. Yəni arxasında yaşanmış real bir tarix olmalıdır. Halbuki modern qəhrəmanlar tamamilə uydurma idilər, məqsədləri bizi inandırmaq yox, inandıqlarımıza fərqli bir gözlə baxmağımıza imkan yaratmaq idi.    

Modern insanı anlamamaq mübarizə anlayışımızı instinktiv reflekslər səviyəsində saxlayır. Cəmiyətimiz intellektdən məhrum, emosional bolluğu olan mübarizəni sevir, alqışlayır. Bu da onun intellktual səviyəsinin Məcnun və Hamlet zamanında qaldığına işarədir. Sənətin fəlsəfədən və dindən fərqli olaraq alternativ insan modelləri, həm də canlı insan modelləri yaratmaq və cəmiyətə təklif etmək üstünlüyü var. Məsələn, müasir Amerika ədəbiyatı cəmiyətə “Qalaktik qəhrəmanlar” təklif edir. Bu alternativ qəhrəmanlar alternativ dünyalarda yaşayırlar. Bizim ədəbiyat nəinki avternativ insan yaradır, hətta iştirakı olmadan yaradılan insanın da ən geridəqalmışına cumur. Niyə? Çünki oxucu bunu istəyir. O, ədəbiyata, sənətə bir qəbiristanlıq kimi baxır, oraya öz keçmişini, ölüb-getmiş əzizlərini görmək üçün gəlir. 

Amerika ədəbiyatında (Şimali Amerika) “qalaktik qəhrəmanlar” cəmiyətin intellektual səviyəsinin ehtiyacıdır. Hər min nəfərə 17 akademik düşən bir ölkədə, əlbəttə, Hamletin törəmələri populyar ola bilməz. 

Sənət, ədəbiyat bəzən öz zəmanəsi ilə ayaqlaşmaqdan imtina etmək hüququna sahibdir. Məsələn, top icad olunanda ədəbiyat “Dekameron”la, ilk təyyarə uçurulanda “Qəsr”lə, ilk  atom bombası  yaradılanda “Sakit Don”la, kosmos fəth olunanda “Yüz ilin tənhalığı” ilə məşğul idi. 
Amma cəmiyətin belə bir hüququ yoxdur...