Əməkdar mədəniyyət xadimi Rauf Dadaşov dünyasını dəyişdi - FOTO

Əməkdar mədəniyyət xadimi Rauf Dadaşov dünyasını dəyişdi - FOTO
03:49 09-02-2020 | icon 1080

Əməkdar mədəniyyət xadimi, animasiya filmlərinin rəssamı Rauf Dadaşov fevralın 8-də 76 yaşında dünyasını dəyişib. 

milletinsesi.info-ın məlumatına əsasən, bu barədə rəssamın qarrdaşı qızı, Azərbaycan Memarlar İttifaqının “Memar” jurnalının məsul redaktoru Səbinə Dadaşova özünü “Facebook” səhifəsində yazıb.

Rauf Dadaşov 4 noyabr 1944-cü ildə anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. 1975-ci ildə Moskvada rəssam-miltiplikator ixtisası üzrə kurs bitirib.

O, 1970-ci ildən “Azərbaycanfilm”də, 1990-cı ildən isə “Azanfilm” studiyasında rejissor-rəssam-animasiyaçı işləyib. Rauf Dadaşov Ağanağı Axundovun (“Mənim cücələrim”), Firəngiz Qurbanovanın (“Anam ağaca çıxıb”), Elçin Axundovun (“Cavanşir”), Əsgər Məmmədovun (“Lovğa fil balası”), Arif Məhərrəmovun (“Yatmaq vaxtıdır”), Rafiz İsmayılovun (“Yer üzü”), Vahid Talıbovun (“Lağım”), Bəhmən Əliyevin (“Cırtdan-pəhləvan”), Hafiz Əkbərovun (“Sehrli çıraq”), Məsud Pənahinin (“Xoruz”) filmlərinin animatoru olub. 

2006-ci ildə Rauf Dadaşov “Qarğa balası və özgə yuvası” filminə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ən yaxşı multiplikasiya filmi” nominasiyasında “Qızıl Çıraq” mükafatının laureatı olub. 

Rauf Dadaşov 2008-ci ildə Əməkdar mədəniyyət xadimi adına layiq görülüb. Elə həmin il Sara Nəzirovanın ssenarisi əsasında “Siçan və pişik” filmini çəkib.

Allah rəhmət eləsin!