Erkən nikah

Erkən nikah
15:49 04-02-2020 | icon 2129

Kubra Məhərrəmova yazır...

Müsəlman Şərqində ilk Cümhuriyyət qur, ilk Parlament yarat, ilk dəfə qadınlara səs vermək hüququ ver, Şərqdə ilk opera bəstələ, yüzlərlə ilklərə imza at, di gəl ki, qız uşağı gözünü açan kimi “ərə ver, getsin” fikrindən əl çəkmə. 

Qız uşağına artıq “yük” kimi baxmaqdan əl çəkmə. Birdən bu qız uşağı təhsil alar. Birdən anlayar ki, bu dünyada “ərə getməkdən” başqa da nəsə var. Allah eləməsin, birdən əli çörəyə çatar, birdən xəbər tutar ki, dünyada maraqlı ölkələr, şəhərlər var. Birdən üz tutar qərib diyarlara, nə danışırsan, adımızı batırar.

14 yaşı oldu, adaxla, 16-da ver getsin molla kəbini ilə. Sonra da “zaqsa” gedərlər də, 18 yaşından sonra. Daha sonra isə çətin hamiləlik, uşağın ana bətnində qalmaması, çox zaman ölü doğulması, ya da, ümumiyyətlə, hamilə qala bilməməsi. Yekunda isə 16 yaşında ərə verilən qızcığaz yenə ata evinə geri göndərilir. Amma bu heç kimə maraqlı deyil. 

Həkimlər deyəndə ki, erkən yaşlarında ərə verilən qızlar psixoloji və fiziki zorakılığa məruz qalır, yaşanan streslər nəticəsində ömürlərinin sonuna qədər qorxu və stress içində yaşayırlar, “qızının xoşbəxtliyini” istəyən valideynlər isə “nənələrimiz də 14 yaşında ərə gediblər” arqumentini ortaya qoyurlar.

Əziz valideynlər, sizin nənəniz at-eşşək arabasında yol qət edib, axı siz özünüz avtomobildə, heç olmasa avtobusla yol qət edirsiniz. Nənəniz neft lampasının işığında oturub, siz isə elektrik işığından istifadə edirsiniz. Yəni buradan Rusiyadakı qohumlarınıza videozəng edib danışdığınız halda, dünyada baş verən inkişafı görmürsünüzmü? 

Yoxsa qız övladı hələ də sizin təsəvvürünüzdə baha satıla biləcək əşya kimi qalıb? Heç nə demirəm. Sadəcə təsəvvür edin, 15-16 yaşında qız uşağı tanımadığı bir ortama göndərilir, məcburən. Məcburən heç tanımadığı və ya qismən tanıdığı kişi ilə ər-arvad olur. Qısa zaman kəsiyində isə mütləq hamilə qalmalıdır. Əks halda psixoloji təzyiqlərlə üzləşəcək. 

Bilmək lazımdır ki, qadının erkən hamilə qalması onun orqanizmi üçün dağıdıcıdır. Azyaşlı hamilənin öz orqanizmi tam formalaşmadan, o, ikinci orqanizmi doqquz ay bətnində gəzdirməlidir. Yalnız bu faktı nəzərə alın ki, hamiləlik zamanı orqanizmdə dövr edən qanın həcmi iki dəfə artır. Ürək iki dəfə daha çox çalışır. Fəsadlar isə nə qədər. Xəstəliklər, xəstə övladın dünyaya gəlməsi və s. 

Qanun nə deyir? 

Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir.

Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarının xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunmur. 

Son zamanlar müşahidə olunan isə odur ki, qız övladlarını erkən yaşda ərə verənlər ən müxtəlif sosial təbəqənin nümayəndələridir. Aralarında həm kasıb, həm də varlısı var. Ərə verilənlərin əksəriyyətinin 16, bəzən isə 15 yaşı da olur. Və mütəmadi olaraq erkən nikaha məcbur edilənlərin sonrakı taleyi barədə çox pis xəbərlər alırıq. Ən pis halda isə bu kimi nikahlar ölümlə nəticələnir. 

Ən son hadisə isə 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə ilə bağlı oldu. Masallıda yaşayan 16 yaşlı qız ərə gedəndən iki həftə sonra əri tərəfindən öldürüldü. Fatiməni böyüdən babası da bildirdi ki, “qızı ona görə tez ərə verdim ki, özüm xəstə adamam, ölüb gedərəm. Nəvəmin toyunu görüm, yola salım onu”. 

İnsanımız hələ də qız övladı üçün ən sığortalı, təhlükəsiz yeri “ər evində” görür. Onsuz da geci-tezi ərə gedəcək, qoy indidən getsin. Bu hadisələrin fonunda isə qız uşaqlarını erkən nikaha məcbur edən valideynləri müdafiə edənlər çoxaldı. 

Sosial şəbəkələrdə cəmiyyətin əksəriyyəti valideynlərin tərəfini tutdu: “Ölüb ölüb də. Cinayət işi açılıb da! Kim neçə yaşında evlənir, özü bilər” kimi fikirlər həndəsi silsilə ilə artmağa başladı. Bəli, bizə isə 16 yaşında əri tərəfindən qətlə yetirilən Fatimənin gəlinlik donunda olan fotolarına baxmaq qaldı... Növbəti qurbana qədər. 

Bu an isə qız övladlarının qanına susamış cəmiyyəti bir gün sağlam görmək ümidi ilə bağrıma basmaq istədim. Bəlkə ürəyi yumşalar, öldürməz qız uşaqlarını.