Bəsirət gözü – insanda sürünən əcdadın mirası

Bəsirət gözü – insanda sürünən əcdadın mirası
15:07 02-02-2020 | icon 2410

Aqşin Yenisey yazır...

Yaradıcılığın mənbəyi nədir? Bu suala iki əsas cavab var; birinci cavab təbiəti (Aristotel, Baumqarten, Hans Koç və s.), ikinci cavab tanrını (Hegel, Şellinq, Hartman və s.) yaradıcılıq mənbəyi göstərir.

Materialist estet Baumqarten iddia edir ki, yaradıcılıq ruhla bədənin, fiziki olanla ruhani olanın qarışmasının, bir-birilərində həll olunmasının nəticəsində üzə çıxır. Sual yaranır: bu necə və harada baş verir? Ruhla bədənin yaratmaq üçün görüşdüyü yer haradır, o ünvanın adı nədir?İnsan orqanizmində belə bir metafizik gizli laboratoriya mövcuddurmu? Belə bir şeyin mövcudluğuna inanmaq bizi mövhumuta, okkultizmə aparıb çıxarmazmı?

Arxasınca metafizika varmı, varsa, insan onu necə hiss edir, vicdan əxlaqınmı meyvəsidir, istedad, doğrudanmı, allah vergisidir, meditasiya yolu ilə insan məkanını və zamanını dəyişə bilərmi, ruhumuz kimə tabedir, bizə yoxsa, tanrıya və s. kimi mübahisəli suallara yenidən cavab verməyə başlasaq, mədəniyyətin kökünə qədər yolumuz uzanacaq.

Bir halda ki, Albert Lin ən son texnologiyalarla “National Geographic”da gözümüzün qabağında 2500 yaşlı Petra şəhərini yenidən canlandıra bilir, gəlin biz də qoyduğumuz suallara əvvəlcə elmin cavablarını axtaraq. Metafizik cavablar, onsuz da, həmişə hazırdır və heç bir zehni zəhmət tələb etmirlər.

Səhv etmirəmsə, iki il əvvəl bəsirət gözünün, yəni insanın bilinməyənlərə açılan gözünün beyninin “zirzəmisində” yerləşdiyi haqqında bir yazı yazmışdım. İndi Azərbaycan ədəbiyatının tamamilə şüurlu məqsədlərə yönəlməsi fikriylə o yazının üzərində yenidən işləməyə başlayanda yadıma orta məktəbdəki fars şairi Firdovsinin mövhumi obrazlarını xatırladan ədəbiyat müəllimim düşdü. Qulağı ağır eşitdiyi üçün ağzımızın hərəkətlərindən bilirdi ki, tutalım, atasının Məcnuna nəsihətini doğru əzbərləmişik, ya gopa basırıq. Həmişə əsəbiləşəndə deyirdi ki, mənim başımın arxasında da gözüm var. Rəhmətlik elmi cəhətdən, əslində, düz deyirdi.

Bu göz beyinin arxasına yaxın, sanki, beyinin “zirzəmisində” yerləşən epifiz vəzisidir. Ona ruhun gözü də deyirlər. İnsan metafizik aləmi, deyilənə görə, bu gözlə “görür”. Qədim Şumer dinlərindən tutmuş, qədim misirlilərə, hindlilərə, yunanlara, sonuncu ibrani dinlərinə qədər insanın beyin yarımkürələrinin tən ortasında noxudvari balaca bir orqanın varlığından xəbərdar idilər. Sonradan tibbin epifiz vəzi adlandıracağı bu orqanı qədim bilgələr bədən ilə ruh arasında əlaqə nöqtəsi kimi görürdülər. Ruhla bədən bu vəzidə görüşürdü.

Ancaq “Qaranlıq Çağ”dan sonrakı dövrlərdə mistikanın hər növünü inkar edən rasionalizm Qərbdə diqqətini elmi axtarışlara yönəltdiyi üçün metafizikayla bağlı hər şey unuduldu. Və bu gün də çox az insan epifiz vəzisinin nə olduğunu, insan orqanizmində nəyə yaradığını bilir.

Epifiz vəzisi - “Pinecone”a -  “şam qozası”na oxşadığına görə alimlər ona latıncadan gələn “şam qozası” adını veriblər. Şam qozası rəmz olaraq qədim Şumer, Yunan və Roma atributlarından, Nəbati heykəllərindən tutmuş Vatikandakı “Şam Qozası Çeşməsi”ndə və Papanın əsasına qədər antik dünyanın hər yerində görünür.  

İşığa qarşı həssas olan, yalnız qaranlıqda və gecə saatlarında aktivləşən epifiz vəzi ilə bağlı araşdırmaları üç böyük dövrə bölmək olar. Birinci dövr; eramızdan əvvəl 3-ci əsrə yaxın Yunan anatomiya mütəxəssisi Herofil tərəfindən vəzinin kəşf olunması ilə başlayır. Herofil bu vəziyə “fikir axınını tənzimləyən büzücü əzələ” adını vermişdi. Çox sonralar Dekart (1596-1650) epifiz vəzini “ruhun oturduğu yer və ya kreslo” adlandırmışdır. İkinci dövrdə; Rudolf Albert von Kölliker, məməlilərin epifiz vəzisində sinir liflərinin varlığını müşahidə etdi (1850). 1886-cı ildə iki mikro anatomiya mütəxəssisi, H.U. De Qraf və Bolduin Spenser, ayrı-ayrılıqda epifiz vəzisini, insan beynində tor qişa hüceyrələri olan zahiri gözlərin bütün mühüm xüsusiyyətlərinə malik olan, atrofiyaya uğramış (kiçilmiş, zəifləmiş) bir göz olduğunu kəşf etdi. Bu kəşf, təkamülçülərin, “sürünən babalarımızdan qalan, həyat qabiliyyətini itirmiş bir orqan” təsbitinə çox bənzəyirdi.

Fransız filosofu Volter də epifiz vəzisinin sirrini açmaq üçün bir sıra təcrübələr aparıb. Üçüncü dövr son 50 ili əhatə edir. Ən əhəmiyyətli inkişaf Lerner və yoldaşlarının epifiz ekstraktlarında mövcud, amfibiyalara veriləndə dəri rənginin açılmasına səbəb olan potensial epifiz hormonunu əldə etmələri ilə başladı. Lerner bu hormona “melatonin” adını verdi.

Xarici gözün əsas funksiyalarını beyində icra edən bu vəzi, yəni “üçüncü göz” heyvanlarda da vardır.  Məsələn, Kaliforniya Universitetinin Hüceyrə və Neyrobiologiya Departamentinin rəhbəri Doktor Şeril Kraft kərtənkələnin dərisinin altında, kəllə sümüyünün içində işığa həssas  “üçüncü göz”ün olduğunu aşkarlayıb. Bu, insan beynində yerləşən, sümüklə örtüklü, hormon ifraz edən epifiz vəzisi ilə təkamül baxımından eynidir. İnsan epifizinə işığın birbaşa girişi əngəllənib, ancaq kərtənkələnin “üçüncü gözündə” olduğu kimi insan epifizində də melatonin hormonu gecə artan bir templə ifraz olunur.

Mənə qalırsa, epifiz vəzisinin insanın rudmentar gözü olması fikrini dəstəkləyirəm. Sudan quruya çıxan varlıqların quruda yaşamaları üçün yaradıcı olmaları şərt idi. Yeni təhlükələr yeni şərtlər diqtə edirdi və beyin uzun təkamül prosesində himayəsində olan bədəni qorumaq üçün yeni şərtlərə uyğun olaraq özünü modernizasiya etdi, zahiri gözlərdən əlavə başın içində üçüncü və daha həssas “göz” - epifiz vəzisi yarandı.

Təsadüfi deyil ki, hər nə qədər ilahi mənşə ilə əlaqələndirilsə də, insanlar hissə qapılıb istedad anlayışının önünə “vəhşi” sifətini artırmağı özlərinə gizli borc bilirlər. Bəlkə də, bu “vəhşi istedad” ifadəsi şəhvət hissi kimi təbiətdən alıb sosial məzmuna çevirdiyimiz, vaxtaşırı alt şüurdan şüalanan və ta sənəti süni zəkalara təhvil verəcəyimiz günlərə qədər bizimlə yaşayacaq qədim bir gerçəklikdir. İnsanın bilinməyənləri ilahi və heyvani gizlinləridir. Din ilahi, elm heyvani sirlərini araşdırır insanın. Sənət iki daşın arasında qalır həmişə. Bəsirət gözünün heyvani miras olması bu “gözün” digər canlılarda da mövcudluğuna əsaslanır.

Sürünənlərin epifizini araşdırarkən, bu “gözün” eyni şəkil və toxuma ilə adi bir gözə çox bənzədiyi üzə çıxıb. Eyni təcrübələr balıqlar, siçanlar və s. canlılar üzərində də “üçüncü gözün” olduğunu təsdiqləyib. Demək ki, düşməni olan hər bir canlıda belə bir “göz” var. “Düşmən” anlayışı da heyvani mirasdır.

Bəsirət gözünün daha bir heyvani funksiyası isə bu “gözün” melatonin hormonu ifraz edərək orqanizmin bioloji saatını qoruyub ritmini tənzimləməklə əsas vəzifəsini yerinə yetirməsidir. Belə ki, epifiz vəzisi “The Spirit Molecule”, yəni “Kabus Molekulu” DMT kimi tanınan bir kimyəvi maddə də ifraz edir. DMT-nin insan yuxuda olduqda, ruhani təcrübələr zamanı və ölüm ayağında ifraz olunduğu təsdiq olunub. DMT mədəyə daxil olduqda, bütün narkotik dərmanlardan daha güclü hallüsinogen təsiri yaradır. İnsanın bütün mənəvi təcrübələrinin yaranmasına səbəb olan molekul epifiz vəzisidədir. Alaqaranlıq mühitdə şərab içib, gözlərini yumaraq muğamatdan feyziyab olmağın səbəbi də budur; mədəni DMT ilə doldur ki doldurasan...

Yəni bizim metafizika dediyimiz aləm, beynimizdə noxud boyda bir vəzinin ifrazı olan DMT adlı maddənin yaratdığı təəssüratdır. İlahi hadisə hesab etdiyimiz istedad, əslində, beynimizdə baş verən hormonal prosesin nəticəsidir. Onda sual yaranır, nə üçün hər kəs peyğəmbər və ya şair ola bilmir? Epifiz vəzisi hər kəsdə varsa, bəs bəsirət gözü niyə hər kəsdə açıq deyil?   

Epifiz vəzisi psixi və ruhani bir dəyər olaraq insanlara çox qədim zamanlardan məlum idi. Məsələn, qədim şamanlar, maqlar, sufilər ruhani əməliyatlar zamanı epifiz vəzisinin aktivləşdiyi qaranlıq hücrələri seçirdilər. Sufilərin zikr etmək, aydınlanmaq üçün saatlarla, bəzən günlərlə dərin quyuların dibində oturması yayğın hal idi. Yoqaların meditasiya vaxtı gözlərini yumub özlərini zehni qaranlığa qərq etməsi də kainatı beyinlərindəki “üçüncü göz”lə görmək istəyinə işarədir. Çünki zahiri gözlərimiz kainatı yalnız üç ölçülü görə bilir, “üçüncü göz” isə kosmosu daha böyük ölçülərdə bizə göstərir.

İsa Matta 6-22-də deyir: “Bədənin işığı gözdür. Gözün tək bir şeyə baxarsa, bütün bədənin aydınlanar”.

Bir çox elm adamları da “üçüncü göz”ün varlığına inanıblar. Dekart hətta onu “ilahi mesajların alındığı yer” adlandırırdı. Mendeleyevin “Kimyəvi Elemetlərin Dövrü sistemi”ni yuxuda kəşf etməsi də epifiz vəzisinin “xidmətidir”.

Bundan başqa epifiz vəzisinin işini məhdudlaşdırmaq üçün dustağın uzun müddət gur işıq altında saxlayıb ona psixi işgəncə verilməsi də geniş tətbiq olunan istintaq cəzalarından biri kimi məşhurdur. Epifiz vəzisinə işarə edən əlamətlərə bir çox xalqların məişətində də rast gəlmək olur; Hind qadınlarının alnındakı xallar Hind mədəniyyətində ruhani oyaqlığın rəmzi kimi epifiz vəzisinin əhəmiyyətini göstərmək üçün indi də qoyulur. Yaxud qədim Şərq nağıllarında nəhəng insanabənzər “Təpəgöz”ün qaranlıq mağarada yaşaması, bir gözü olmasına rəğmən, hər şeyi hətta yuxuda ikən hamıdan yaxşı görməsi də epifiz vəzisinin obrazlaşdırılmış şəkli idi.

Biz metafizik aləmlə əlaqə kimi yozduğumuz bütün əməliyyatları bu heyvani mirasın gücü hesabına həyata keçiririk. Bizim tanrı, ruh, qarabsama, istedad, möcüzə dediyimiz hər şey, sadəcə, beynimizdəki bu noxud boyda vəzinin hormonal fəaliyyətindən ibarətdir. Epifiz vəzisi, sanki, zahiri gözlərimizə görünməyən dünyalardan yayılan dalğaları tutub şəkilləndirən kiçik bir televizordur, metafizika dediyimiz hər şey bu televizorda gördüklərimizdir. Bu vəzi insanın 10 yaşına kimi inkişaf edir, sonra ağır mineralların və natrium-florid elementinin təsiri ilə korşalır. Çağaların yuxuda gülməsi (bəzən deyirlər ki, uşağı yuxuda şeytan güldürür), yaşlıların yuxusuzluqdan şikayətlənməsi də epifiz vəzisinin inkişafı və süqutu ilə bağlıdır.

1990-cı illərdə epifiz vəzisini, yəni insanın bəsirət gözünü ən çox kor edən şeyin natrium-florid olduğu aşkarlandı. Hətta o da istisna edilmədi ki, insanların bəsirət gözünü kor edib onların qeyri-adi hərəkət və istəklərini məhdudlaşdırmaq üçün ərzaq məhsullarında, içkilərin tərkibində,  suda bilərəkdən bu elementdən istifadə edilir. Ən çox da diş məcunlarında istifadə olunan natrium-florid, eyni zamanda siçan ağusunun hazırlanmasında da vacib komponentdir. Ona hətta “şeytan zəhəri” də deyirlər. Yəni müasir insanın bəsirət gözünün düşünülmüş bir şəkildə kor edildiyinə inananlar da az deyil. Rusiya iqtisadi böhranla üzləşən kimi Putinin arağın qiymətini ucuzlaşdırmasında da bu “metafizik” hikmət vardı desəm, arxamca danışmayın.

Natrium-floridin içməli sulara qatılmasını qadağan edən ölkələr belə var. Yaponiya 1970, Hollandiya 1973, Kuba 1990-cı ildən sulara natrium-floridin əlavə edilməsini qadağan edib.

Qədimdə bu “gözə” süni müdaxilələr olmadığı üçün o insanların bəsirət gözünün hesabına yaratdığı sənət və memarlıq əsərləri bu gün də bizə möcüzə kimi görünür. 

Epifiz vəzinin bioloji funksiyası olan melatonin (yuxu tənzimləyən hormon) DMT ifrazı pozulduqda psixi pozğunluqlar yaranır ki, bu da yaradıcı adamlarda qeyri-adi fikirlər, istəklər şəklində üzə çıxır. Biz belə adamlara dahi, onların yaratdığına allah vergisi deyirik. Çünki epifiz vəzisinin fəaliyyətindən xəbərimiz yoxdur. Halbuki qeyri-adi dediyimiz hər şey bu vəzinin, yəni “üçüncü göz”ün açılmasından və kor olmasından asılıdır. Buna görə də, ədəbiyyat ona “kabus molekulu”, yaxud “ruhani molekul” və ya “ilahi hormon” dğeyə metaforik adlar qoymuşdur.

Epifiz vəzisinin varlığı metafizikanın yoxluğu deməkdir. Bu vəzinin hormonal fəaliyyəti nəticəsində insan beyninin hissi-emosional alıcılığı artır ki, biz buna bəsirət gözünün açılması deyirik. Hormonal fəaliyyət pozulduqda isə “filankəsin basaratı bağlanıb”, yəni bəsirəti bağlanıb deməklə, əslində, həmin filankəsdə epifiz vəzinin korşaldığına işarə edirik.     

“Basaratı bağlanıb” ifadəsini biz tərəfdə ən çox evlənməkdə çətinlik çəkənlərin ünvanına deyirlər, yəni qarşı cinsin gözəlliyini hiss edə, duya bilməyənlərə. Bu da sənə bəsirət gözünün heyvani bir miras olduğuna milli-məhəlləvi bir sübut olsun!