İki gəncin taleyini valideynləri yazdı: Biri həbsə, o biri qara torpağa

İki gəncin taleyini valideynləri yazdı: Biri həbsə, o biri qara torpağa
17:14 30-01-2020 | icon 2444

Günay Malikqızı yazır...

İndi hamı deyəcək günah öləndədir... 16 yaşlı qızın ərdə nə işi var? 

Məncə, 16 yaşlı Fatiməni öz atası öldürüb. Ya da İmanın atası öldürüb o balaca qızcığazı, atır oğlunun üstünə…

Masallıda iki uşağın taleyini alt-üst edən valideynləri həbs etmək lazımdır. Valideynlər o qızı öldürüb, o uşağı da həbsxanaya saldılar. 

16 yaşında qızın ərdə nə işi var? 

Bir il nişanlı olubsa, 15 yaşından bu qız “gəlin” statusu ilə yaşayıb. Qız o yaşda hələ təhsil almalıdır, ev işlərini öyrənməlidir. Özü böyüməlidir ki, sabah uşaq böyüdə bilsin. İndi mənə nağıl danışmayın ki, nənələrimiz 9-14 yaşında ərə gedirmişlər. O vaxt indi misal gətirdiyimiz çoxlu nənəni güclə ərə veriblər. Biz də bunu təkrarlaya-təkrarlaya edirik ki, iş bilmişik. 

Bəs oğlan? 

İndi hamı onu qınayır. Qatildir. Axı bu yaşda heç də hamı nə etdiyini tam, axıra qədər qavraya bilmir. 

Xatırlayın, məhz 18-19 yaşında etdiyimiz səhvlərlə həyatı öyrənirik. Amma İmandan fərqimiz ondadır ki, o yaşda ali məktəbdə, işdə, ya da yenicə tanış olduğumuz sevgilimizlə səhv edirik. O isə artıq evlidir. Bir ömür boyu davam edəcək bir məsələnin məsuliyyəti üstündədir.

19 yaşında oğlan əsgərlikdə olmalıdır. Həyatın müxtəlif üzü ilə tanış olmalıdır. Təhsil almalıdır, orada qızlarla tanış olmalıdır. Qarşılıqsız sevməlidir, məyus olmalıdır. Qızlarla, qadınlarla rəftarı öyrənməlidir. Nəticədə, iki gəncin taleyini valideynləri belə yazdılar. Biri həbsə, o biri isə qara torpağa...

Kişi olmaq üçün ancaq evdə arvad lazım deyil… Bu yazığa kişiliyini dərk etməsi üçün vaxt verilməlidir. 

Qız olmaq ancaq uşaq doğmaq deyil… O uşağı düzgün böyüdə bilmək vacibdir. Qızın cənazəsinə onun nişanında “hə”sini verən də, evliliyə layiq görən də buraxılmamalıdır…. 

Valideynləri həbs edin ki, başqa 14-16 yaşlı gəlin, 18-19 yaşlı bəy atası-anası olmağın cinayət olduğunu bilsinlər.