Tağıyev qəsəbəsinin sakinləri: “Biz harada yaşayaq?” - VİDEO

Tağıyev qəsəbəsinin sakinləri: “Biz harada yaşayaq?” - VİDEO
12:07 29-01-2020 | icon 3120

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kərim Kərimov küçəsinin sakinlərini evlərindən çıxarmaq istəyirlər.

Bu barədə sakinlərin milletinsesi.info-ın redaksiyasına ünvanladıqları şikayətdə qeyd olunub.

Şikayətdə bildirilir ki, ərazidə keçən ilə qədər məcburi köçkünlər də yaşayıb:

“Keçən ilin fevral ayında bu ərazidə yaşayan məcburi köçkünlər yeni evlərlə təmin olunublar. Onlar köçdükdən sonra isə bizim buradan çıxmağımızı tələb edirlər. Hazırda ərazidə 13 ailə var. 150-dən çox sakin 30 ildir ki, acınacaqlı şəraitdə yaşayır. Yaşadığımız ev də deyil, yararsız vəziyyətdə olan “barak”lardır.

Lakin bizim getməyə yerimiz, başqa ev almağa pulumuz yoxdur. Sumqayıt Şəhər Ali Məhkəməsi bizim ərazidən çıxmağımız barədə qərar verib. Aidiyyəti orqanlara müraciət edirik, şikayətimizə baxılmır. Neçə dəfə bu ərazilərdə evlər yandırılıb. Təhlükə ilə üz-üzə yaşayırıq. Bizə kömək edin”.

Aidiyyəti qurumların nümayəndələri sakinlərə burada qanunsuz yaşadıqlarını deyiblər:

“Biz burada necə qanunsuz yaşayırıq ki, hər il bizi qeydiyyata alırlar. Seçkilərdə iştirak etmişik. Ərazidə qaz yoxdur. Digər kommunal ödənişlərimizi isə daim ödəmişik. İndi deyirlər ki, qanunsuz yaşayırsınız, buradan çıxın. Biz bilmirik hara gedək, harada yaşayaq?”

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxladıq. Hər iki qurum sözügedən ərazinin oların balansında olmadığını və buna görə məsələyə münasibət bildirməyəcəklərini qeyd ediblər.

Sakinlər isə hələ də harada yaşayacaqları ilə bağlı suala cavab axtarırlar.