Prezident İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? 

Prezident İlham Əliyevin Davos görüşləri nə ilə yadda qaldı? 
16:56 23-01-2020 | icon 15076

Hazırda dünyanın diqqət mərkəzində illik Davos İqtisadi Forumudur. Dünyanın nüfuzlu dövlətlərinin, o cümlədən, yüzlərlə böyük şirkətinin yüksək səviyyədə təmsil olunduğu Forumda Azərbaycan dövlət başçısı mühüm görüşlər keçirib və çıxış edib.

Prezident İlham Əliyev Davosa gəldiyi ilk gündən – yanvarın 20-dən etibarən çoxsaylı görüşlər, danışıqlar aparıb. Belə ki, Azərbaycanın dövlət başçısının yanvarın 20-də Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə, həmçinin, “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə görüşü olub.

Yanvarın 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Bu görüşdə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb.

Bundan başqa, həmin gün Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart və Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

V.Ələkbərovla görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.

İqtisadi şirkətlərlə yanaşı, həmin gün Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Pakistan İslam Respublikasının Baş naziri İmran Xan və Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçlə bir araya gəlib, ikitərəfli əlaqələr, əməkdaşlığın inkişaf persperktivlərini müzakirə edib.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamus, BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Bp şirkətinin prezidenti ilə görüş zamanı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsinin növbəti mərhələsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb.

Eyni zamanda, yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, Gürcüstanın Baş naziri Giorgi Qaxariya və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqa ilə görüşüb.

Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi  Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib və panelin moderatorunun suallarını cavablandırıb. 

Prezidentin paneldəki çıxışı və suallara verdiyi cavablarda bir sıra mühüm məsələlərə aydınlıq gətirilib və Azərbaycanın siyasi, iqtisadi prioritetləri açıqlanıb. Azərbaycan prezidenti moderatorun ilk sualına cavab olaraq milli müstəqillik mövzusuna diqqət çəkib. Aparıcının “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq İlham Əliyev, “Bakıya” deyə cavab verib və daha sonra cavabına aydınlıq gətirib.

Ölkə prezidenti Azərbaycanın qonşulara münasibətdə siyasətinin mehriban olduğunu, ancaq eyni zamanda, rəsmi Bakının milli maraqları birinci yerdə qoyduğunu qeyd edib. Prezident bu cavabında Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu, eyni zamanda, qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanan xarici siyasət apardığı, eyni zamanda, milli maraqların birinci yerdə və bütün məsələlərdən öndə olduğuna işarədir.

Prezident qeyd edib ki, müstəqillik illəri ərzində Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, eyni zamanda, hökumətin siyasi və iqtisadi sahələrdə çox ciddi islahatları həyata keçirdiyinə görə əldə olunub. Prezident qeyd edib ki, Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrinə əsasən, Azərbaycanda infrastruktur sahəsi çox yüksək səviyyədə inkişaf edib. Yolların inşası və keyfiyyətinə görə ölkəmiz dünyada iyirmi yeddinci yerdə qərarlaşıb.

Eyni zamanda, ölkə başçısı son illərdə aparılan siyasi islahatlar və gəncləşmə siyasətinə toxunub. İlham Əliyev hökumətin dəyişdiyini, idarəçiliyə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunduğunu qeyd edib. Həmçinin, siyasi islahatların davamı kimi fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkilərini qeyd edib.

Sitat: “Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, XX əsrdə XXI əsrin baxışı ilə uğur qazanmaq olmaz. Buna görə də yeni insanlar nəinki təkcə hökumətə, eyni zamanda, çox böyük dəyişikliklər baş vermiş Prezident Administrasiyasına da gətirilib. Gələn ay bizdə erkən parlament seçkiləri keçiriləcək. Bu seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan vermək idi. Əminəm ki, seçkilərdən sonra parlament də islahatların davamının mühüm hissəsi olacaq”. 

Yeni hökumətin Azərbaycan vətəndaşlarına nələr verəcəyi ilə bağlı suala cavab olaraq İ.Əliyev Azərbaycan hakimiyyətinin daha əvvəl neft gəlirlərini, əsasən, infrastruktur layihələrinə sərmayə yatırdığını bildirib. Prezident xatırladıb ki, Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir, qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir, 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa olunub. 

Ölkə başçısı qeyd edib ki, bütün bunlar dövlət sərmayəsinin bir hissəsi olub, ancaq indi hökumətdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur:

“Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm”, – deyə Prezident qeyd edib.

İlham Əliyev bildirib ki, yeni hökumət əsas diqqətini artan əhali fonunda yeni iş yerləri və məşğulluq, sosial təminat mövzusuna yönəldəcək. Müstəqillik illərində əhalimizin sayının 7 milyondan 10 milyona qədər artdığını xatırladan İ.Əliyev buna uyğun olaraq əlavə ərzaq təminatı və hər il artan 100 min əhali sayına görə 100 min iş yeri tələbatı yarandığını deyib. 

İ.Əliyev xatırladıb ki, hazırda yoxsulluq 5 faizdir və hökumət bu səviyyəni qoruyub-saxlamağa çalışacaq. Həmçinin, dövlət başçısı xarici borcun azaldılması strategiyasının davam etdiriləcəyini, hazırda ümumi daxili məhsulun 17 faizini təşkil edən borcu 10 faizinə qədər endirəcəyini bildirib. Həmçinin, o, inflyasiyanın keçən il olduğu kimi, 2,5 faiz səviyyəsində saxlayacağını qeyd edib.

Prezident İlham Əliyev ölkədə gənclərlə bağlı suala cavab olaraq hökumətin konseptual gənclər siyasəti apardığını vurğulayıb. Prezident deyib ki, hökumət gənclərin nə istədiyini öyrənir, gəncləri küçələrə deyil, universitetlərdə, məktəblərdə, startap biznesində və eləcə də, hökumət məsələlərinə cəlb edir. O, Azərbaycanda könüllülük hərəkatı yarandığı və bu hərəkatda formalaşan gənclərin sonradan dövlət işlərinə cəlb olunduğunu bildirib. 

İ.Əliyev qeyd edib ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə, eləcə də, hökumətlərin yalan vədləri ilə bağlıdır. İlham Əliyev Azərbaycan hökumətinin xalqa yalan, həlli qeyri-mümkün, populist vədlər vermədiyini, daha real işlər gördüyünü qeyd edib. 

Sitat: “Hökumət hakimiyyətə gəlmək üçün populist şüarlardan istifadə edib, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməyib. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur.

İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilib. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”. 

Azərbaycanın hansısa regional təşkilata qoşulması və suverenliyini məhdudlaşdırması ehtimalı ilə bağlı suala cavab olaraq Prezident İlham Əliyev Azərbaycanda bu fikirlərin dəstəklənmədiyini qeyd edib.

“Prezident olaraq mənim hədəflərimdən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək idi. Başqa sözlə, iqtisadi müstəqillik əsas prioritet idi, çünki bu, siyasi müstəqillik üçün bünövrədir. Sözsüz ki, müxtəlif ölkələrin müxtəlif gündəmləri var.

Müxtəlif ölkələrin iqtisadiyyatları digərlərininkindən daha həssasdır. Azərbaycana gəldikdə, bir daha qeyd edirəm ki, bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bundan əlavə, biz müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırmışıq. İkincisi, qeyd etdiyiniz kimi, bizim nəsil çox gəncdir.

Bizim əlavə və çox kreativ əmək ehtiyatlarımız var. Əlbəttə ki, biz təbii ehtiyatlarla – neft və qazla zənginik, bu da bizim üçün enerji təhlükəsizliyi yaradır. Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək?

Əgər bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır”. 

Prezident regional sabitlik faktorunun Azərbaycan üçün mühüm əhəmiyytə kəsb etdiyini qeyd edib, Azərbaycanda daxili siyasi və iqtisadi risklərin olmadığını, ancaq yerləşdiyimiz regionda təhlükəsizlik risklərinin yüksək olduğunu xatırladıb.

İlham Əliyev üç əsas regional riski qeyd edib. Bunlar Əfqanıstanda davam edən gərginlik, ABŞ-İran münasibətləri və nəhayət Azərbaycan-Ermənistan münaqişəsi, ərazilərimizin 20 faizinin işğal olunması faktını qeyd edib və bu üç gərginliyi region üçün “kabus” adlandırıb.