Sosial layihələr məmur biznesinə necə çevrilir?

Sosial layihələr məmur biznesinə necə çevrilir?
18:56 21-01-2020 | icon 338

Rəsmi rəqəmlərə görə, Azərbaycanda orta aylıq əməkhaqqı 614 manat təşkil edir. Minimum əməkhaqı ötən il sentyabr ayından 250 manat müəyyən edilib. 1 yanvar 2019-cu ildən qüvvəyə minən qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində nəzərdə tutulub.

Dövlət sektorunda orta aylıq əməkhaqqı miqdarında və daha yüksək maaş ancaq hüquq-mühafizə orqanlarında və bir neçə dövlət şirkətlərində ödənilir. Təsərrüfat hesablı qurumlarda, icra strukturlarında və bəzi büdcə təşkilatlarında verilən əməkhaqqı 500 manata çatmır. Səhiyyə sistemində, kommunal qurumlarda minimum maaşla işləyənlərin sayı kifayət qədər yüksəkdir. Yaşayış minimumunun həcminə baxsaq (müstəqil ekspertlərin hesablamalarına görə, bu rəqəm reallığı əks etdirmir), 4 nəfərlik bir ailədə əgər bir nəfər işləyib orta maaş həcmində qazanırsa, həmin ailə ciddi ehtiyac içərisində yaşayır. Sadə dillə yazsaq, qazandığı vəsait ərzaq xərclərinə və kommunal ödənişlərə zorla çatır. 

Azərbaycanda istər şəhərdə, istərsə də kəndlərdə əhalinin gəlirləri bu civarda olur. Hökumət qurumları ildən-ilə vətəndaşların gəlirlərinin artması ilə bağlı rəqəmlər açıqlasalar da, bu ancaq statistikadır. Reallıqda artan ehtiyaclar, bahalaşan qiymətlər və ikirəqəmli inflyasiya nəticəsində insanlar yoxsullaşırlar.

Bugünlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babyev bildirdi ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı, 70 faiz artmaqla, 72 minə (296 min ailə üzvü) çatıb. Beləliklə, nazir açıq şəkildə etiraf edib ki, dövlət yardımına ehtiyacı olan ailələrin sayı azalmaq əvəzinə artır. Bunun səbəbləri barədə ətraflı başqa yazıda bəhs edərik. İndi toxunacağımız mövzu aylıq gəlirləri bu səviyyədə olan yüzminlərlə ailənin mənzil ehtiyaclarının necə ödənilməsidir.

Araşdırmağa çalışdıq ki, dövlətin həyata keçirdiyi sosial layihələr onlar üçün nə qədər əlçatandır?


On minlərlər mənzillər tikilib, amma...

Azərbaycanda əhalinin sayı rəsmi statistikaya görə, müstəqillik illərində 3.4 milyon nəfər artıb. Bu, on minlərlə yeni mənzillərə ehtiyacın yaranması deməkdir. Ailələr təbii inkişaf nəticəsində böyüyür, bölünür, yeniləri yaranır. Onların sosial vəziyyətinin hansı səviyyədə olduğunu əks etdirən birinci göstərici mənzil sahibi olmalarıdır. 

2006-ci ildən etibarən Azərbaycana böyük neft pullarının gəlməsi Bakıda və iri şəhərlərdə tikinti bumu yaratdı. Bütöv məhəllələr söküldü, yerində çoxmərtəbəli binalar tikildi. Habelə, sovetdən qalma bir çox müəssisələrin əraziləri, parklar, istirahət yerləri də tikinti meydançalarına çevrildi. Qısa müddətdə paytaxtda on minlərlə yeni mənzil inşa olundu.

Paralel olaraq şəhərin ətrafında ümumilikdə sayı milyona çatan evlərdən ibarət qəsəbələr salındı. Rayonlardan miqrasiya edənlərin, eyni zamanda şəhərdəki evləri plana düşənlərin bir qismi bu ərazilərdə məskən saldılar.

Beləliklə, Bakının əhalisi qısa müddətdə 3.4 milyon nəfəri ötdü, amma mənzil problemi yenə gənc ailələlərin qarşısında ən böyük çətinlik olaraq qalır. Sual oluna bilər: o zaman paytaxtda tikilən binalardan ev alanlar, şəhər kənarında evlər tikənlər kimlərdir?

Şəhərdəki yeni mənzillərin böyük qismi varlı təbəqəyə, onların başında duran məmur oliqarxiyasına məxsusdur. Onların qohumları, işçiləri azı bir, çoxu isə onlarla evə sahibdirlər.

İkinci kateqoriya Rusiyadan və başqa xarici ölkələrdən qazanılan pullar hesabına alınan mənzillərdir. Bura Azərbaycanda yüksəkmaaşlı işlərdə çalışanları, orta sahibkarları, ipoteka ilə mənzil alanları də aid etmək olar.

Üçüncü kateqoriyaya evləri plana düşənləri aid etmək olar. Onların sayı kifayət qədərdir. Onlar tikinti şirkətlərindən pul və ya əvvəl sahib olduqlarından daha böyük daşınmaz əmlak əldə ediblər. Eyni zamanda şəhərin kənarında tikilən evlərin bir qismi də onlara məxsusdur.

Nəhayət, sonuncu kateqoriya rayonlardan şəhərə köçüb burada uzun müddətə torpaq alıb ev tikənlərdir. Onlar şəhərdə müxtəlif tikinti, iaşə, istehsalat obyektlərində çalışmaqla, kənddəki torpaq və s. varidatını satmaqla Bakı ətrafında mənzil sahibi olublar. Bu sıraya şəhərdəki imkanlı şəxsləri də əlavə etmək olar. Məsələn, dənizkənarı ərazilərin əksəriyyəti villalarla, dəbdəbəli bağ evləri ilə əhatələnib. 


15 il ərzində kiçik fasilələrlə davam edən bu tikinti bumu Azərbaycanda orta maaş həcmində qazancla yaşamağa məcbur olan vətəndaşların əksəriyyətindən yan keçib. İndiki qiymətlərlə onların yeni ev almaq imkanları yoxdur. Şəhərin mərkəzi hissələri istisna olmaqla, sovetdənqalma mənzilləri satmaqla da yeni tikililərdən ev almaq mümkün deyil. Qiymətlər gəlirlərlə müqayisə olunmaz dərəcədə bahadır. Habelə, təmir xərcləri də kifayət qədər yüksəkdir. Belə ailələrin ümid yeri ancaq dövlətin həyata keçirdiyi sosial layihələr və bu istiqamətdə bəzi stimullaşdırıcı tədbirlərdir.

Bəs, orta gəlirli vətəndaş üçün bu layihələr necə, əlçatandırmı?


Hökumət son 15 ildə gənc ailələr üçün bir neçə imkan yaratdığını bəyan edir. Bunlar ipoteka kreditləri, sosial evlər və bugünlərdə startı verilən kirayə mənzillərdir.


Bahalı ipoteka: o da tapılmır

Əvvəlcə ipoteka kreditlərinin şərtlərinə nəzər salaq: İpoteka, Kredit və Zəmanət Fondunun şərtlərinə görə, adi ipoteka illik 8, sosial ipoteka isə 6 faizlə verilir. Müvəkkil bankların vətəndaşdan tələb etdiyi birinci şərt elektron qaydada gəlirlərini sübut etməsidir. Məsələn, 4 nəfərlik gənc ailə mənzil əldə etmək üçün yaşayış minimumu 4 nəfər üçün 720 manat + kommunal xidmətlər 100 manat + kredit ödənişi təxminən 500 manat = 1320 manat gəlirə malik olmalıdır. Ki, iki otaqlı mənzili ipoteka ilə əldə edə bilsin.  

Azərbaycanda əmək müqaviləsi ilə təsdiq olunan 1320 manat gəlir çox az sahədə var. Bura hələ bankın tələb etdiyi mənzilin dəyərinin 20 faizi həcmində ilkin ödənişi də əlavə etsək, gənc ailə üçün fantastik rəqəm alınar.

Hazırda nə qədər bahalı olsa da ipoteka kreditini də əldə etmək çətin məsələdir. Banklarda yüzlərlə müraciətlər yığılıb qalıb. İpoteka Fondu özü məsləhət bildiyi bir neçə banka az miqdarda vəsait verir. Təxminən 1 milyard manata çatan aktivlər Fond rəhbərliyi üçün gəlirli hesab olunan depozitlərə və s. layihələrə yatırılır. Bu məsələ bankların rəhbərliyində kifayət qədər narazlıq yaradıb.


İldırım sürəti ilə satılan sosial evlər

Hökumətin daha bir sosial layihəsi Mənzil İnşaatı üzrə Dövlət Agentliyinin yaradılmasıdır. 2016-ci ildə yaradılan qurum artıq bir neçə bina tikərək vətəndaşlara satıb. Bu layihələrdəki evlərin satış şərtləri təxminən ipoteka şərtləri ilə eyni olsa da, bəzi güzəştlər var. Aylıq ödəniş həcmi də nisbətən aşağıdır. Sosial evləri güzəştli kateqoriyadan olan vətəndaşlar daha rahat əldə edə bilər. Əsas şərtlər - ilik ödəniş 10 faiz, iş yerindən gəlirləri təsdiq edən arayışdır. 

 

Bu mənzillərin əldə olunmasında kifayət qədər ciddi problemlər meydana çıxıb. Belə ki, mənzil almaq istəyənlər “Asan Xidmət”-də elektron kabinet yaradıb növbəyə dururlar. Satış elektron qaydada həyata keçirilir. Amma hansısa səbəbdən satış daim böyük qalmaqalla yekunlaşır, əksər vətəndaşlar düyməyə basmağa macal tapmamış satışın bitdiyi elan olunur. Bəzi ekspertlər burada kifayət qədər qaranlıq məqamların olduğunu bildirirlər.

Qiymətlər ipoteka kreditləri ilə müqayisədə nisbətən əlçatan olsa da, ekspertlər 3 otaq üçün 25 illik, aylıq 400 manata çatan qiymətləri də yüksək hesab edirlər. Qeyd olunur ki, Mənzil İnşaatı Dövlət Agentliyinin təqdim etdiyi mexanizm bu layihənin sosial mahiyyətini itirir və onu biznesə çevirir. Bununla belə hazırda sosial ev almaq üçün minlərlə vətəndaş növbəyə durub. Bu fakt Azərbaycanda vətəndaşların mənzil probleminin nə qədər ciddi olduğunu göstərir.


Od qiymətinə kirayə mənzillər...

Nəhayət, ötən ilin ikinci yarısından ortaya atılan kirayə evlər məsələsi xeyli evsizdə ümidlər yaratmışdı. Amma az keçmədi ki, bu layihənin də aşağı gəlirli vətəndaşlar üçün fantastik olduğu məlum oldu. Çünki şərtlər və qiymətlər, konkret desək, əlçatmazdır.

İpoteka Fondu bəyan edib ki, kirayə evlər üçün elektron müraciətlərin qəbulu 22 yanvar 2020-ci il tarixində başlayacaq.

Bəlli olub ki, kirayə üsulu ilə veriləcək mənzillərin sayı 331-dir, onlar tam təmirli və faizsiz olacaq. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir. 

Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

Mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və onların 1 kv metrinin qiyməti 1850 manat ətrafında dəyişir. Belə ki, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Başqa sözlə, mənzilin bir kvadratmetrinin qiyməti 1841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7122 manat təşkil edəcək.

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204 954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8198 manatdır.

Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1 863 manat təşkil edir.

Göründüyü kimi qiymətlər çox yüksəkdir və yalnız yüksək gəlirli uşaqsız və ya az uşaqlı ailələr üçün əlçatandır.

O zaman ortaya sual çıxırdövlət qurumlarının aztəminatlı vətəndaşlara dəstək adı ilə həyata keçirdiyi layihələrdən kimlər faydalana bilir? Bu layihələrin monitorinqi həyata keçirilirmi, ondan faydalanan əhali kateqoriyaları müəyyən olunubmu?

Yalnız orta və yüksək gəlirləri olan vətəndaşların faydalandığı bu layihələrə yüz milyonlarla manat vəsait sərf olunması nə dərəcədə doğrudur?

Bəs aztəminantlı vətəndaşların on illərlə gözlədiyi gerçək sosial layihələr nə zaman olacaq? Ümumiyyətlə, olacaqmı?!...

Müəllif Elçin Rüstəmli

Mənbə AzPolitika.info