General – deputatın arvadı və qızı Bakıda bir gündə 12 mənzili hansı yollarla alıb?

General – deputatın arvadı və qızı Bakıda bir gündə 12 mənzili hansı yollarla alıb?
12:01 13-01-2020 | icon 1544

Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllənin sakinləri sabiq deputat, general Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.

Söhbət sözügedən ünvanda “İdeal -V” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binadan gedir. Hələ bina inşa edilən zaman şirkətin təsisçisi İsa Məmmədov və direktoru Çingiz Məmmədov eyni mənzili bir neçə nəfərə satıblar.

İyirmiyə yaxın mənzil sahiblərinin Baş Proluror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra onların hər ikisi həbs olunub. İsa və Çingiz Məmmədovların eyni mənzilləri ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min manat məbləği ələ keçirmələri müəyyən edilib. Törətdikləri cinayət əməlinə görə İ.Məmmədov 11 il, Ç.Məmmədov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Şirkətin təsisçisi və direktoru həbs olunduqdan sonra bina sakinləri tərəfindən “Nəsimi 19” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Sakinlər özləri şəxsi vəsaitləri hesabına binaya su, qaz, elektirik xətti çəkiblər, yarımçıq binanın təmirini başa çatdırıblar.

Virtualaz.org-a müraciət edən sakinlər deyiblər ki, təzəcə hər şey qaydasına düşübmüş, amma bu dəfə də iki yeni sakin “ortaya çıxıb” və həmin binadan birdən-birə 12 mənzilə sahib olduqlarını iddia edib. Yeni sakinlər mülkiyyət hüquqlarının tanınması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət ediblər.

Sakinlərin dediyinə görə, onların mənzillərinə iddialı olanlar keçmiş baş hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin 4-cü və 5-ci çağırış deputatı Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyevadır. E.Hüseynova və E.Əliyeva bu binada üç ayrı mərtəbədə yerləşən 12 mənzilin sahibi kimi binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon Məhkəməsində mülki iddia qaldırıblar. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən həmin mənzillərdə məhkəmənin hökmü ilə təsdiq olunmuş sakinlər yaşayır…

Ötən il sentyabrın 17-də Nəsimi rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə hər iki şəxsin mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaya baxılıb. Məhkəmə iddianı rədd edib və 12 nəfər sakinin xeyrinə qətnamə qəbul olunub.

“12 nəfərin evinə göz tikən millət vəkili, general Əliağa Hüseynov haqqında mətbuatda narazılıqlarımızı bildirmişdik. General bu məsələ ilə bağlı açıqlama verib dedi ki, mənzilləri “halal pulla” alıblar və hər şey məhkəmədə həll olunacaq. Necə olur ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi istintaq işi açır, bu istintaq işində bütün saxta sənədlər yoxlanılır, “İdeal –V” və “Alyans-Z” arasında üzləşmələr olur. Amma binanın həqiqi sakinləri və zərərçəkənlər istintaq, ekspertiza və məhkəmə əsasında aşkar olunduğu halda 12 ildən sonra bu deputat hardansa saxta sənədlərlə üzə çıxır və sadə xalqı yaşadıgı evdən köçürmək istəyir? Yəni, bu generalın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı istintaq işinin nəticələrinə şübhəsi var? Niyə Koppupsiya İdarəsinin apardığı istintaq zamanı onun müqavilələri həqiqi çıxmayıb, əgər bu müqavilələr düzgündürsə niyə ona istintaq və məhkəmə tərəfindən həqiqi sakin kimi təsdiqləyici sənəd verilməyib? Niyə ikili mənzilinin həlli üçün yenidən istintaq işinin aparılmasını tələb etmir, binanın texniki-tikinti ekspertizası bəhanəsi ilə Nəsimi rayon məhkəməsinə mülki məsələ ilə bağlı müraciət edir? Guya, binanın suyu, işığı, barəsində məlumatlar əldə edir?”- sakinlər sual ediblər.

Bina sakinlərin deyiblər ki, istintaq və məhkəmə araşdırmaları zamanı zərərçəkən və həqiqi sakinlər müəyyən edilib. Bu qadınlar onlara məxsus müqavilə ilə üzə çıxmayıb, sakinlərin heç biri onları tanımayıb: “Bu 12 ildə harada olublar? İndi iddia edirlər ki, guya 2007-ci ildən bu binadan mənzil alıblar. Görəsən deputat bu 12 ildə 12 mənzilini niyə “unudubmuş?” Bəs Korrupsiya İdarəsində istintaq aparılan zaman harada idilər? Deməli, bu mənzillərlə bağlı yetərincə sübutu olmadığından mülki məsələni qaldıra bilməyiblər. Bəlkə general Əliağa Hüseynov tutduğu vəzifəyə arxalanıb məhkəməyə təzyiq etmək istəyir? Axı hansı pullarla, hansı maaşla deputat bir gündə 12 mənzili alıb?”.

Sakinlər həmçinin bildiriblər ki, Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində 12 nəfərin müqavilələri təsdiq olunub, qarşı tərəfin müqavilələri və mədaxil orderlərinin isə saxta olması aşkarlanıb. Bu məqsədlə də generalın kürəkəni Elçin Əliyev adıçəkilən idarəyə çağırılıb. E.Əliyev “İdeal –V” və “Alyans-Z”-nin rəhbərliyi ilə üzləşdirilib. Üzləşmə nəticəsində məlum olub ki, generalın kürəkəni öz bacısının əri Rauf Kərimova (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda və mənimsəmədə təqsirləndirilərək 13 il 11 ay müddətinə azadlıqdan məhrum edilib-red.) faiz qarşılığında 2005-2006-cı illərdə borc pul verib. Sonuncu da “İdeal –V”MMC ilə müştərək qaydada, D.Əliyeva küçəsində inşa olunan binanın 12 mənzilini aldığı borcun təminatı kimi qaynı Elçin Əliyevə verib.

İstintaq zamanı məlum olub ki, E.Əliyev əslində həmin mənzilləri almayıb, real olaraq “İdeal –V” MMC və “Alyans-Z”-MTK-nın kassasına nağd pul ödəməyib, mənzillər ona faiz qarşılığına R. Kərimova verdiyi borcun təminatı kimi verilib. Həmçinin E.Əliyeva və E.Hüseynova adlarına tərtib edilmiş saxta müqavilələr E.Əliyev tərəfindən imzalanıb, mənzil satışında səlahiyyəti olmayan şəxs, İ. Məmmədov tərəfindən imzalanaraq onlara verilib.

Hazırda E.Əliyeva və E.Hüseynova Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətinə yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

Sakinlər baş verənlərlə bağlı prezident İlham Əliyevə və vitse prezident Mehriban Əliyeva müraciət edərək onlara köməklik göstərilməsini xahiş ediblər: “Sizdən xahiş edirik ki, xalqa qarşı dələduzluq edən sabiq deputatın qeyri qanuni əməllərinə qarşı tədbir görülməsi və bu iş üzrə Apellyasiya Məhkəməsini nəzarətə götürülməsini müvafiq orqanlara tapşırasınız”.


Mənbə Virtualaz.org